Tarix : 2018 Mar 24
Kod 54729

Novruz – bütün təzahürlərində dirilik olan bayram

Novruz günlərini yaşayırıq. Uca Allahdan diləyirik ku, qəlblərimizdə həqiqi Novruz yaşansın, ruhi durumumuz Həzrət Peyğəmbər (s) və Əhli-Beytinə (ə) layiqli vəziyyətə gəlsin. Dua edirik ki, bu dönəm bütün xalqımızın Allah istəyən duruma gəlməsinə gətirib çıxarsın, həqiqi dəyərlər ətrafında birləşməsinə və İslami kimliklərini yaşatmasına, imtahanlardan layiqincə çıxmasına səbəb olsun!
 Aran Agentiliyi: Cümə söhbətləri
Bismilləhir-Rahmənir-Rahim!
Novruz günlərini yaşayırıq. Uca Allahdan diləyirik ku, qəlblərimizdə həqiqi Novruz yaşansın, ruhi durumumuz Həzrət Peyğəmbər (s) və Əhli-Beytinə (ə) layiqli vəziyyətə gəlsin. Dua edirik ki, bu dönəm bütün xalqımızın Allah istəyən duruma gəlməsinə gətirib çıxarsın, həqiqi dəyərlər ətrafında birləşməsinə və İslami kimliklərini yaşatmasına, imtahanlardan layiqincə çıxmasına səbəb olsun!
Günahların bağışlandığı gün
Novruz – böyük fəlsəfi cəhətləri yaşadan bir bayramdır. Ümumilikdə götürsək, insanın fitrətinə tam uyğun gələn bir bayramdır Novruz. Bəşər yaranan gündən bu ənənəyə, bu adətə malik olub – təbiətin yeniləşməsini qeyd etmək. Müxtəlif mədəniyyətlərdə, dünyanın əksər yerlərində bu və ya digər formada təbiətin oyanışını qeyd edirlər. Bu, insanın fitrətində olan bir hissdir – yenilənmə gözləmək, yeniliyin intizarında olmaq. Və təbiətin canlanması kimi bir zahiri dəyişiklik baş verəndə, insanlar buna müxtəlif formada reaksiya veriblər. Amma mübarək dinimiz bu zahiri dəyişikliklərin mahiyyətinə varmağa, daxili və zahiri dəyişikliklərin harmoniyasına nail olmağa dəvət edir. Sadəcə gözəlliyi müşahidə etmək kifayət etmir; bu gözəllikdən ibrət almaq, öz durumunu bu gözəlliyin nəcabətləndirici enerjisi ilə zənginləndirmək gərəkliyi meydana gəlir. İnsan öz tutumuna uyğun olaraq, bu harmoniyanı tuta bilir, öz daxili aləmini təbiətin dəyişməsinə uyğun təravətləndirə bilir.
Həzrət Peyğəmbər (s) və Əhli-Beytindən (ə) gələn hədislərdə təsdiq olunur ki, Novruz – kökündə, mahiyyətində bir İlahi nuru daşıyan bayramlardandır. Təbərrük üçün bugünkü bəhsimizdə Novruzun batini mənalarını açıqlayan hədislərə toxunacağıq. Bu, onun üçündür ki, Novruzun tək zahiri, görünən tərəflərinə yox, mahiyyətində olan cəhətlərə də diqqət yetirmiş olaq.
Şeyx Tusi öz kitabında Novruzla bağlı aşağıdakı hədisi nəql edir: «İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz olan vaxt qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. (Sonra bu günün xüsusi namazının qaydasını çatdırdı və sonra buyurdu:) Namazdan sonra şükür səcdəsini yerinə yetirib, dua edərsən. Bu tərtiblə 50-illik günahların bağışlanar»».
Günümüzdə bəzən müzakirə edirlər ki – yeri gəlmişkən, bu, topluma vaxtaşırı aşılanmağa cəhd edən virusların məhsuludur – guya Novruzun İslamla uyğunluğu yoxdur. Hətta, Novruzun mübarək dinimizin mahiyyətinə zidd olduğunu iddia edənlər də tapılır. Təbii ki, bunu o fərdlər iddia edə bilir ki, başqa məsələlərdə də qeyri-İslami mətləbləri din adı altında yeritməyə cəhd edirlər. Həqiqətdə isə biz görürük ki, Peyğəmbərimiz (s) və İmamlarımız (ə) birmənalı olaraq Novruz haqqında nəinki sadəcə olaraq müsbət fikirdədirlər, hətta bu günlə bağlı hansı dini ayinləri yerinə yetirməyi də müsəlmanlara öyrədirlər.
Zahiri və daxili keyfiyyətlərin vəhdəti
Diqqət edək ki, hər mənada ibrətlərlə dolu bir buyuruşdur bu. Qüsl etmək tövsiyə edilir – digər İslami bayramlarda olduğu kimi, zahiri təmizliyə diqqət yetirilir. Əslində bu, həmin göstərişin mahiyyətində duran batini təmizliklə harmonik vəhdət təşkil edən bir amildir. Təmiz paltar geyinmək – zahiri səliqəliliyə dəvətdir və təzələnməyə çağırışdır. Ətirlənmə – zahiri xoşətirliliklə daxili təravətin əlaqəsinə bir işarədir. İnsanın daxilində gözəl bir bayram ab-havasının yaranmasına müqəddimə olan amillər sadalandıqdan sonra, mübarək hədisdə oruc tutmaq tövsiyəsi var.
Görürük ki, bu bayram günündə insanın təqvalılığa, bəndəliyə tərəf getməsinə bir dəvət var. Zira, oruc – bəndəliyə yönəlişə ən yaxın yollardan biri kimi təqdim olunub müqəddəs Quran məntiqində. Oruc – bir əməllərdəndir ki, insanın daxilində güclü bir tənzimlənmə aparır. Və mübarək hədisdə Novruz günü oruc tutmaq məsləhəti – bu günün bəndəliyə yönəli bir fenomen olmasına aşkar dəlildir.
Bayramla bağlı digər mühüm əməl – bu günün xüsusi namazıdır. Təbii ki, söhbət vacibi namazdan getmir, bu, bir müstəhəb, bəyənilən namazdır. Allah dərgahında bəndəliyə iqrarı olan bu ibadətin Novruz günündə yerinə yetirilməsi – bayramın vücudi mahiyyətini açıqlayan daha bir cəhətdir.
Namazdan sonra şükür səcdəsi yerinə yetirmək tövsiyə edilir. Şükür səcdəsi – əta olunan nemətlərə görə Uca Allaha çatdırılan bəndəlik göndərişidir. İnsan çox vaxt nemətlərin əhatəsində olur, başdan-ayağa nemətlərdən bəhrələnir, faydalanır, amma bunun fərqinə varmır.
İnsana bir şükür etmə dərsi keçir İmam Cəfər Sadiq (ə). Çünki, insan əslində tək elə Novruzda, baharda olan nemətlərin fərqinə varsa, daima şükür içində olar. Ölü bir təbiət yenidən dirilir. İnsan istəsə də, istəməsə də, geniş nemətlər onun ixtiyarına verilir. Həm ətrafda bir çiçəklənmə var, bir gözəllik var, həm də bu günlərdə insanların daxilində bir oyanış baş verir. İnsanların halında bir dəyişiklik yer alır. Yaşayıb-yaratmaq üçün güclü daxili impuls yaranır. Bu nemətlərin müqabilində insanın daxilində bir təşəkkür hissinin yaranması və təzahür etdirilməsi – Novruza xas əməllərdəndir.
Novruzun həqiqi dəyəri
Mübarək hədisdə göstərilir ki, müəyyən edilmiş bu tərtiblə yerinə yetirilən ibadət – 50-illik günahların bağışlanmasına səbəb olur. Yəni, insan Novruzun mahiyyətini doğru yaşatsa, düzgün yaşatsa, həmin günü həqiqi Novruz kimi keçirtsə – insan üçün yeni bir gün olacaq. Dünənki gün arxada qalacaq. Həm xronoloji baxımdan, həm də ruhi-mənəvi baxımdan. Oruc tutmaq, namaz qılmaq, şükür səcdəsi yerinə yetirmək – həqiqi tərtib və məzmunla yerinə yetirilsə, günahların insanın ruhunda qoyduğu dəhşətli və dərin, eybəcər izləri silir, ruhi yaraları sağaldır. Beləliklə, insanın daxili aləmi günahlardan təmizlənir. İnsan bir bəndəlik durumu əldə edir ki, onu həqiqi yeniliyə, mahiyyətcə yeni günə aparır. İnsanın Allaha doğru bir hərəkəti ərsəyə gəlir. Bu hərəkətin hədəfi – yaradılış hikmətinə uyğun bir duruma gəlməkdir. Bu hərəkətin trayektoriyası – insana xas yaşamdır. İnsana bir müraciət var Novruzda. İnsan bu müraciəti cavablandırdıqda, öz ruhiyyəsini bayramın zatında olan işıqlı hərəkətlə uzlaşdırır.
Böyük İslam alimlərindən olan Əllamə Məclisi öz kitabında nəql edir ki, Müənna deyir: «Novruz günü İmam Sadiqin (ə) yanına getdim. İmam Sadiq (ə) buyurdu: «Bu günün dəyərini, qiymətini bilirsən?». Dedim: «Bu günü əcəmlər /qeyri-ərəblər/ əziz tuturlar və bir-birlərinə hədiyyə verirlər». İmam (ə) buyurdu: «Allahın adına and olsun ki, bu, qədim bir adətdir…». Sonra buyurdu: «Ey Müənna! Novruz günü həmin gündür ki, Allah bəndələrindən Ona pərəstiş etmələri, şərik qoşmamaları, Peyğəmbər (s) və Höccətlərinə (ə) tərəfdar olmaları və İmamlara (ə) iman gətirmələri barədə əhd-peyman aldı»».
Məlum olur ki, Novruz günü – insanın bir əhd-peyman etdiyi gündür. Əslində insanın inanca hazırlığı, İslama hazırlığı, doğrunu qəbul etməyə hazırlığı – həmin o əhd-peymana qayıdır. İnsan imana, dinə gələndə özünə qayıdır, öz mahiyyətində, fitrətində olan əhd-peymana riayət edir. Doğruluq, düzgünlük – insanın zatındadır. Və insan hansısa nəcib xüsusiyyətləri əldə edəndə, əslində öz fitrətinə qayıdış həyata keçirir. Məsələn, insan doğru danışmağa başladıqda öz həqiqi durumuna, öz mahiyyətinə qayıtmış olur. Bu əhd-peyman Novruz günü alınıb insanlardan.
Hamımıza yönəli bir çatdırışdır bu. Bəndəlik əhd-peymanı vermişik. Allaha bəndə olmaq. Onun buyuruşlarını yerinə yetirmək. Ona şərik qoşmamaq. Daxili və xarici bütlərə tapınmamaq. İnsan olmaq, insan kimi, insana layiq yaşamaq. Zülm etməmək – nə özünə, nə də ətrafdakılarına. Zülmə rəvac verməmək. Fərdi və ictimai həyatda İlahi dəyərləri yaşatmaq.
Bütlərin qırıldığı gün
Mübarək hədisin davamında İmam (ə) buyurur: «Bu, Günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Həzrət Nuhun (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı bir gündür. Cənab Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Həzrət Peyğəmbərin (s) İmam Əlini (ə) Məscidül-Həramda /Kəbə evində/ Qüreyşin bütlərini sındırmaq üçün çiyinlərinə çıxartdığı və həmçinin Həzrət İbrahimin (ə) bütləri qırdığı bir gündür.
Bu gün – Həzrət Peyğəmbərin (s) öz səhabələrinə Həzrət Əliyə (ə) beyət etmələri barədə göstəriş verdiyi bir gündür».
Novruz – bütsındıran bir gündür. Novruz – özündə bütdağıtmanı simvolizə edən bir gündür. Həzrət İbrahim (ə) bu gündə insanlara nicat yolu göstərərək, bütləri qırmışdır. Həzrət Cəbrayıl (ə) Novruz günündə Peyğəmbərimizə (s) nazil olmuşdur. Bu nazilolma ilə, əslində bütün dünyada qlobal bir bütsilkələmə prosesinə rəvac verilmişdir.
Novruz günündə Peyğəmbərimiz (s) öz mübarək çiyinlərinə əzizi Həzrət Əlini (ə) qaldırmışdır. Bu, o zaman idi ki, müqəddəs Məkkə fəth olunmuşdu və Kəbə evi, Qüreyşin yüzillərlə insanların beyinlərini dumanlandırıb mənfəət götürmək üçün istifadə etdiyi bütlərdən təmizlənilirdi. Həzrət Əli (ə) Kəbə evinə qalxaraq, bütləri qırmış, dağıtmışdır.
Novruz – bir yenilik günüdür. Novruz – köhnə ətalətlərdən, insan ruhunu çərçivələndirən doqma və stereotiplərdən hər mənada qurtulub, bunları dağıdıb, təzəlik, həqiqilik və özünəqayıdışın bərəqrar edildiyi bir gündür.
Amma büt dedikdə, təkcə qədim bütlər nəzərdə tutulmur. Günün bütləri artıq Ərəbistan səhralarında olan o daş və taxta bütlər deyil. Günün bütlərini tanıyıb, qəlbləri onlardan təmizləmək lazımdır. İnsanlar bəzən özlərini çaşdıraraq, səylərini qədim bütlərə doğru yönəldirlər. Yəqin, ki, belə özünüaldatma, özünüçaşdırma – daha asan və rahat yolu seçmək istəyindən irəli gəlir. Amma dinimiz özünüaldatmağı bəyənmir və həqiqi bütləri tanıyıb, daima onlara tapınmaqdan, pərəstişdən qurtulmağı, qəlbi buxov edən bu bütləri dağıtmağı istəyir insandan.
Novruz və Qədir-Xum
Önəmli məsələlərdən biri də budur ki, Qədir-Xum hadisəsi – Həzrət Peyğəmbərin (s) müsəlmanları agah etməsi ki, ondan sonra vəsisi və xəlifəsi Həzrət Əlidir (ə) – Novruz günündə baş vermişdir. Novruz günündə Rəsuli-Əkrəm (s) ümmətə müraciət edərək, onların vəlisinin, rəhbərinin, imamlarının Həzrət Əli (ə) olmasını elan edərək, onlardan beyət – rəhbər kimi tanıma, buyuruşlara riayət etmə əhdi aldı.
Diqqət etsək, görərik ki, Novruzun mahiyyətində necə bir dirilik var. Bu diriliyin mahiyyətinə varsaq, görərik ki, təbiətin zahiri oyanışı ilə yanaşı, insanın vücudi durumunu dəyişən amillər var bu gündə. İnsanın daxilində bir dirilik potensialı qoyulur. Daimi bir vicdan hissi, Allah tanıma hissi, haqq tanıma hissi var Novruzun batinində. Vücudi diriliyi tənzimləmək üçün yolgöstərəni tanıma və ardınca getmə potensialı qoyulmuşdur Novruzda.
Bu gündə bir imtahanlar salnaməsi var. Bu gündə Həzrət Nuh (ə) olmazın çətinliklərə sinə gərib, imtahanlardan ən yüksək səviyyədə çıxıb, saleh bəndələrlə birlikdə olduğu gəmiylə sahilə yan alır. Bütün ömrü milyardlarla insan üçün örnək olan bir müqəddəs simaya – Həzrət Peyğəmbərə (s) bu gündə Həzrət Cəbrayıl nazil olmuş və bəşəriyyətin nicatı üçün müjdə gətirmişdir.
Bütün təzahürlərində dirilik var Novruzun. Bütün bu sadalanan təbərrüklərin hər biri – həqiqi mənada bir Novruzdur, bir yenilikdir. Özü ilə dirilik, oyaqlıq, ayıqlıq gətirən bir yenilikdir Novruz.
Novruzu müəyyən bir xurafatla bürümək cəhdləri də yox deyil. Bunlar – tədrici aradan gedən bir məsələlərdir və həlli – maarifçilik müstəvisindən keçir. Odur ki, bunlara bənd olmaq gərək deyil, Novruzun mahiyyətinə nəzər salmaq lazımdır. Bu mahiyyətdə isə axtaran adam, qəlbi nicat arayan insan yalnız gözəllik və müsbətlik tapacaqdır. O qədər nəhəng ruhi potensial var Novruzda ki, bütün səylərə baxmayaraq, hətta Sovet dönəmində də onu aradan apara bilmədilər. Bütün düşməncəsinə səy və cəhdlərə baxmayaraq, Novruzu unutdura bilmədilər bu millətə.
Uca Allahdan diləyimiz budur ki, bizə bu bayramı düzgün dərk etməyi, düzgün yaşatmağı qismət etsin və xalqımıza da hər mənada günlərinin həqiqi Novruz olmasını nəsib etsin! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı
  • Yazılıb
  • da (də) 2018 Mar 24
  • Göndərən مدير سايت Aran News
Açar sözlər