Arannews-Görünür, bu rejim ölkə içərisində olduğu kimi, ölkənin hüdudları kənarında da vətəndaşların narazılığını, tənqidlərini, ifşaedici araşdırma və çıxışlarını, etiraz aksiyalarını qanunsuz və zorakı vasitələrlə susdurmaq yolu seçib”."Xariclə iş üzrə" xüsusi mərkəz və plan hazırlanıb
Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsinin bəyanatında belə deyilir. Bildirilir ki, xaricdəki vətəndaşların azad, sərbəst imkanlardan yararlanıb, vətənlərindəki rejimin bütün əyriliklərini açıq formada ölkə və dünya qarşısında ifşa etməsi Azərbaycan iqtidarını görünməmiş dərəcədə narahat edib:"Buna görə “xariclə iş üzrə” xüsusi mərkəz və plan hazırlanıb. Bu iş üçün strategiya, “kadrlar”, maliyyə imkanları ayrılıb. Sistemli fəaliyyət istiqamətləri müəyyən edilib. İşin icrasına hakimiyyətin ictimai-siyasi institutları, informasiya vasitələrindən tutmuş, xüsusi xidmət orqanları, oğru-kriminal avtoritetlər və xaricdəki korrupsiya-mafioz mahiyyətli bütün imkanlardan istifadə nəzərdə tutulub. Hətta rəsmi dövlətlərarası münasibətlərdən yararlanmaqla bəzi ölkələrin hökumətlərinə təsir, təzyiq, xahiş tipli addımlardan istifadə də edə bilərlər”.Susdurma kampaniyasında hər hansı qanunsuz addımdan çəkinilmir
Komitənin bəyanatında vurğulanır ki, susdurma kampaniyasında hər hansı qanunsuz addımdan çəkinilmir:“Müxalif mühacirlərin ölkədəki yaxınlarına basqı, təhdid, həbs, işgəncə, ailə şantajı, ölü, qəbir təhqiri, kriminal aləmin oğru-avtoritetləri və ölkənin leqal, qeyri-leqal gizli xidmət orqanları birliyində mühacirin xaricdən oğurlanıb gətirilməsi və s. addımlar atılır. İnsanları hətta, Avropada, Almaniyada oğurladıb, döyüb, işgəncə vermə və s. kimi metodlardan istifadə olunur. Mühacirlərdən Vidadi İsgəndərlinin ailəsinin və yaxınlarının polis idarəsinə aparılması, sıxışdırılıb ondan “imtina” etdirilməsi, Tural Sadıqlının qardaşının Bakıda həbsi, Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb ölkəyə gətirilməsi və həbsi, Rafael Piriyevin Almaniyada oğurlanıb meşədə döyülməsi və s. hallar var".
Hakimiyyət bir neçə mühacirin qətlini planlayır
Bəyanatda o da bildirilir ki, Azərbaycan hakimiyyəti mühacirləri susdurmaq üçün ən son dəhşətli radikal addımlara hazırlıq görür. Söhbət düşmən hesab edilən bir neçə nəfərin fiziki məhvindən, qətlindən gedir:"Bunun üçün rejim həbsdən buraxdığı kriminal avtoritetləri və xaricdəki şəbəkələri, kəşfiyyatı və xarici ölkədə korrupsiya lobbisinin birgə koordinasiyasında yaradılmış bir neçə ölüm qrupundan istifadə etməyi planlaşdırır. Hədəf seçilmiş mühacirlərin kimliyini təxmin etsək də, onların təhlükəsizliyi üçün hələlik, adlarını açıqlamırıq”.
Şantaj, təxribat, terror metodlarından əl çəkin!
Bəyanatda Azərbaycan hakimiyyətinə, xalqına müraciət də edilib. Hakimiyyətdən siyasi rəqiblərinə sivil və demokratik qaydada davranmaq istənilib:"Qanunazidd təsir, təzyiq, şantaj, təxribat, terror metodlarından əl çəkin! Əziz və hörmətli Azərbaycan xalqımıza üz tuturuq: bu iqtidarın belə ifrat əməllərini qınayın, xaricdə yaşamağa məcbur, qəlbi və ruhu sizinlə olan övladlarınızı müdafiə edin! Mühacirlərin yerləşdiyi xarici dövlətlərə üz tuturuq: ərazinizdəki siyasi mühacirlərin mühafizəsinə diqqəti artırın! Azərbaycanlı mühacirlərə üz tuturuq: xarici ölkələrdəki sabitlik və əmin-amanlığa arxayın olmaqla, həyatınıza qarşı ehtiyatlı və diqqətli də olun!”
Siz onların özlərini zibil çənlərinə atmalısınız
Fevralın 27-də Hollandiyanın paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayında jurnalist Eynulla Fətullayev mühacirlərin aksiyaları barədə danışarkənbildirmişdi:"Siz burada bu hay-küyçüləri görürsünüz. Hansı ki, xarici görünüşlərini dəyişiblər və çoxlarından fərqli olaraq, yerli cəmiyyətə yaxşı uyğunlaşırlar. Və budur, onlar hər yerə plakatlar və vərəqələr yapışdırır. Prezidentimizə qarşı təbliğat aparırlar. Bu halda siz nə etməlisiniz? Onlara qarşı çıxmaq, onlarla dalaşmaq... Bu ,1992-ci ilə qayıdışa açıq çağırışdır. Xatırlayın ki, onlar Azərbaycanla nələr etmişdilər? Vətəndaş müharibəsi olmuşdu. Siz məhz onlara görə buralara köçdünüz. İndi onlar yoxdur, İlham Əliyev var. Amma biz, burada nə görürük? Zibil çənləri üzərində Azərbaycana qarşı plakatlar yapışdırırlar. Siz onların özlərini zibil çənlərinə atmalısınız. Mən sizin hamınızı fəal olmağa çağırıram"Onlara qarşı elə onların öz səviyyəsində, fəaliyyət göstərdikləri müstəvidə mübarizə aparırlarMartın 15-də isə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov “Real TV”-yə verdiyi müsahibəsində Avropada etiraz aksiyası keçirən azərbaycanlıları “milli hissini itirmiş insanlar” adlandırıb. Deyib ki, onlara qarşı elə onların öz səviyyəsində, fəaliyyət göstərdikləri müstəvidə mübarizə aparırlar.Müsahibəni aparan jurnalist Mirşahin Ağayev isə Azərbaycanı tənqid edən siyasi mühacirləri aşağılayaraq onları “adamcıqlar” adlandırıb.
Mühacirləri ermənilərin ASALA terror təşkilatı öldürəcək
Martın 16-da isə deputat Zahid Oruc Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə xüsusi müraciət edib:
“Bəli, din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Şeyx də hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ona görə də şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram” - deyə, o bildirib.
Martın 21-də İTV-də keçirilən debatda prezidentliyə namizəd Hafiz Hacıyev də mühacir mövzusuna toxunub. "Bizə məlumatlar daxil olub ki, xaricdə yaşayan mühacirləri ermənilərin ASALA terror təşkilatı öldürəcək, atacaq Azərbaycan hakimiyyətinin üstünə” - deyə, bildirib.Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir...
Prezidentin köməkçisi Əli Həsənov isə martın 21-də şəxsi “Facebook” səhifəsində yazdığı statusunda bildirib ki, xaricdə yüzminlərlə azərbaycanlı yaşayır, amma saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfər var:"Üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir... Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar".
Başıma nəsə gəlsə, bu, birbaşa İlham Əliyevin boynunadır
Almaniyada yaşayan mühacir Rafael Piriyevin öz "Youtube" kanalındaİlham Əliyevi sərt tənqid etdiyi üçün yaşadığı Biefeld şəhərində naməlum şəxslər tərəfindən oğurlanaraq, döyüldüyü iddia edilir. O, başına gələnləri belə izah edib:
"Martın 9-u saat 16:30 radələrində evimin yaxınlığında mənə 5 nəfər yaxınlaşdı. Məni avtomobilə basaraq yaxınlıqdakı meşəyə apardılar. Orada yerdə sürüdülər, qarın nahiyəmə yumruqlar vurdular, təhqir etdilər. Dedilər, video çəkib, deməlisən ki, Azərbaycan xalqından, İlham Əliyevdən üzr istəyirəm. Mən bunun mümkün olmayacağını söylədim. Bu zaman məni avtomobilə qoyub gətirdilər evimin yaxınlığına. Düşəndən sonra gördüm ki, evimin yanında artıq polis avtomobilləri var. Və onlara alman qonşularım xəbər veriblər. Mən polislərə hadisəni danışdım, izahat yazdım. Hal-hazırda axtarış aparırlar. Başıma nəsə gəlsə, bu, birbaşa İlham Əliyevin boynunadır"