“Yaxşı olur. Qiymətlər lap 10 dəfə qalxsın təki. Onda bu camaat ayağa qalxar” – Yəqin çox eşitmisiniz belə emosional çıxışları.
Arannews-Bəzən bunu rasional seçim kimi izah edənlər də olur. İddia olunur ki, yoxsulluğun indiki vəziyyətinə dözən adamlar bundan aşağısına dözməz və ayağa qalxar. Bunun üçün yaşayış şəraiti lap dözülməz olmalıdır, ona görə də hökumətin vəziyyəti pisləşdirməsini sakitcə durub izləməliyik.
Məntiqlidir, amma doğru deyil. İnsan təbiətinin dərinliklərinə girmədən gözümüzün qabağında olan ikicə dənə misal gətirim: Venesuela və Türkmənistan. Venesuelada sosialist hökumətin iqtisadi siyasətinin fiaskosu nəticəsində ölkədə aclıq yaranıb. Milyonlarla venesuelalı qonşu Kolumbiyaya axışır. Ölkədə orta çəki səviyyəsi aşağı düşüb. İnsanların yarısından çoxu normal qidalana bilmir. Cəmi 1 il əvvəl orta təbəqə olmuş milyonlarla insan indi zibilliklərdə eşələnir. Etirazlar da oldu. Güclü müxalifət var idi. 5 milyon nəfərin iştirak etdiyi deyilən mitinqlər oldu. Nəticə - Maduro hələ də hakimiyyətdədir, olan-qalan demokratiyanı da məhv edir. Ondan narazı olan təxminən 50%-lik hissə heç nə edə bilmir. Gecəqondular isə acından ölə-ölə Maduroya səs verir.
Türkmənistanda da vəziyyət bərbaddır. 1 dollar rəsmən 3,5 manatdır, qara bazarda isə 8 manat. Un üstünə insanlar bir-birini tapdalayır. Amma ölkə başçısı özü üçün maşını ikitəkərə qaldırır, ürəyi istəyən idman oyunları keçirir. Etiraz da yoxdur, heç qımıldanma da.
Söhbət tək maddi vəziyyətdən getmir. Guya hökumət vətəndaş cəmiyyəti institutlarını tamamilə məhv etsə, sosial şəbəkələri bağlasa, yəni siyasi və vətəndaş hüquqlarını maksimum sıxsa, camaat ayağa qalxıb onları devirəcək. Afrikada balaca bir Ekvatorial Qvineya adlı dövlət var. İlk prezidenti Fransisko Masias Nquema olub (1968-1979). Bir az başı xarab idi. 300 min nəfər əhalisi olan ölkəni o qədər repressiya etmişdi ki, axırda dövlətin daxili təhlükəsizliyi təmin etmə funksiyasından başqa bütün funksiyalarından imtina edib, əhalini ucdantutma qırmağa başladı. 80 minini (25%) öldürəndən sonra öz qohumu onu devirdi. Xalq-zad ayağa durmadı. Həmin o qohum 1979-dan bəri hələ də hakimiyyətdədir.
Ümumiyyətlə, müsbət dəyişikliklər adətən bıçaq sümüyə dirənən ölkələrdə olmur. Məsələn, Rusiya imperiyası bıçağı sümüyə dirədi, nəticəsi bolşevizm oldu, İran şahı eyni şeyi elədi, nəticəsi şəriət oldu. Bəs hansı toplumlar daha normal, daha mədəni dəyişikliklər edə, inkişafa gedə bilir? İnstitutları olan toplumlar. Heç olmasa institutların qalıqları, o da olmasa, institutların imitasiyası olan toplumlar. Bariz nümunə Tunisdir. Oranın Suriyaya, Liviyaya, Yəmənə, Misirə dönməməsinin səbəbi az-çox QHT-lərin heç olmasa imitativ formada qalması idi.
Buna görə də demokratiyanın imitasiyası sərt, maksimalist diktaturadan yaxşıdır. Bizdə son illər, xüsusən, 2014-cü ildən bəri demokratiyanın imitasiyasından imtina edilməsi yolu tutulub. QHT-lər, azad media orqanları bağlanıb, internet nəzarətə götürülüb, səsini çıxardan ya tutulub, ya susdurulub, ya da ölkədən qovulub. Proses bu istiqamətdə artan xətlə gedir. Aprel seçkisində də müxalifətin iştirak etməməsi bu siyasətin davamıdır. Hökumət seçkini qəfil önə çəkməklə müxalifətin iştirak etməməsinə nail olmaq istədi və müxalifətin yanlış qərarı nəticəsində istəyinə çatdı.
Lazım idi ki, heç olmasa bir nəfər müxalif namizəd çıxsın efirə, danışsın, plakatlarından həqiqətləri çatdırsın, onun seçki təşviqatında gənclər aktivlik etsin. Bu, bizə çox lazım idi. Cəmil Həsənlinin seçki təşviqatı hələ də danışılır. 2013-cü ildə 10-15 yaşı olmuş gənclərin xatırladıqları tək siyasi proses Cəmil bəyin təşviqatıdır. Vəssalam. Başqa heç nə görməyiblər, belə getsə, yaxın gələcəkdə də görməyəcəklər. 2005 təvəllüdlü bir uşağı düşünün. Onun siyasi tərbiyəsində önəmli yeri Zahid Orucun, Hafiz Hacıyevin çıxışları tutacaq. 7 il sonra bu uşağın 20 yaşı olacaq. Gənclik çılğınlığının zirvədə olduğu yaş. Ölkədə dəyişiklik şansı olsa, həmin gənc bu il gördüyü “seçki, debat” yolunu tutacaq, yoxsa radikallıq edəcək? Mən bu suala optimist cavab vermək üçün əsas görmürəm.
AXCP və Müsavatın mövcudluq səbəbi elə rejimin imitasiya siyasətidir. Əgər imitasiya yoxdursa, bu partiyalar da olmayacaq. Bu il seçkiyə getməməklə bu partiyalar siyasi intihar etdilər. 2008-ci ildə də getməmişdilər. Ona görə də 2009-cu ildə təşkilatlanmağa başlayan gənclər ilk dəfə idi ki, partiyalardan kənarda qalmağa üstünlük verdilər – Nida, Azad Gənclik Təşkilatı və s. yarandı. Çünki imitasiya yoxdursa, hazırkı rejimin hakimiyyəti altında AXCP və Müsavat da yoxdur. Onlar seçkiyə getməli idilər – institutların imitasiyasını qorumaq məqsədilə. Mən bilmirəm, dəyişiklik necə və nə vaxt olacaq, amma inanıram ki, olacaq. O zaman biz həlledici olmaya bilərik, meydanda elə gənclər ola bilər ki, bizim təsəvvürümüzə də gəlməzdi ki, onlar bu ölkədə yaşayır. O zaman bu imitativ formada saxlanmış institutlara, təcrübəyə çox ehtiyacımız olacaq. Tarixi təcrübə bəzən həlledici olur (historical contingent).
Misirli tələbə yoldaşımdan eşitdiyim fikirdən həmişə qorxuram. Demişdi ki, “Sizdə nə vaxtsa, seçki olsa, elə adamlar səs alacaqlar ki, hamınız şoka düşəcəksiniz”. Bu axmaq şoku yaşamamaq üçün bizim AXCP-ə, Müsavata, QHT-lərə, oyuncaq seçkilərdə oturub TV-də divara kəllə vurmağa ehtiyacımız var. Bizim demokratiyaya, hətta onun imitativ formasına da ehtiyacımız var.
Bizim üstümüzə düşən isə seçki, səsvermə, vətəndaş cəmiyyəti kimi nəfəsliklərin divara çəkilmiş şəkillərini bacardıqca çox qorumaqdır. 2007 təvəllüdlü uşaqların yadında bu nəfəslik qalmalıdır ki, sabah dəyişiklik üçün zorakılığa əl atmasınlar, cihada, faşizmə, bolşevizmə yuvarlanmasınlar.
P.S. “Seçkidə iştirak etmək ona legitimlik verməkdir” arqumentinə isə seçkidən sonra bütün Qərb ölkələri yeni/köhnə prezidenti təbrik edəndə bir də baxarsınız.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.