Tarix : 2018 Mar 27
Kod 54759

General Novruzəli Orucovun oğlu verilən cəzadan narazıdır

General-mayor Novruzəli Orucovun oğlu R.Orucov və digər 2 nəfər şəxs 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.
Arannews-"İslaminSesi.info"-nın  məlumatına görə, mart ayının 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə şikayətçilərin apellyasiya şikayətinə baxılacaq. 
Xatırladaq ki, yanvar ayının 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə, Pərviz Abbasov və Kənan Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Orucovun dostları məhkəmə zalından həbs edilib. Hər üç şəxs cinayət məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham ediliblər. 
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu səkkiz dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.ölke.az

  • Yazılıb
  • da (də) 2018 Mar 27
  • Göndərən مدير سايت Aran News