Alman iqtisadçı İmam Rzanın (ə) mütəhhər hərəmində kəlmeyi-şəhadət deyərək, İslam dinini qəbul edib.
Arannews-Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, almaniyalı tacir və iqtisadi ekspert Karl Fraz Bente Məşhəd şəhərində Qüds Rəzəvi ostanında İslam dinini qəbul etdikdən sonra, özü üçün Rza adını seçib: “Keçən ilin yayında bir neçə iqtisadi layihə üçün İrana gələrək, müxtəlif şəhərlərə getməli oldum. Bu səfərdə İran xalqının ənənələri ilə yaxından tanış oldum və iranlıların mədəniyyətindən təsirləndim. İrana gəlməyimin müsbət cəhətlərindən biri, qərb mediasının PR və yalan təbliğat maşınlarının ortaya çıxması oldu. Onlar mənim beynimdə İslam və İran ilə bağlı yanlış bir hiss formalaşdırmışdılar.
İranda olduğum müddətdə Quran ilə yaxından tanış oldum və bu müqəddəs kitabın şərif ayələri ilə dərin ünsiyyət yarada bildim. Müsəlmanların Allaha inancı başqa dinlərə nisbətən daha güclüdür və mən bu həqiqəti öz ağlım və qəlbimlə dərk etdim. Apardığım araşdırmalarda çox maraqlı və heyrətamiz məsələlərlə qarşılaşdım, bunlar da eyni zamanda mənim bütün suallarımın cavabı idi”.
Qüds Rəzəvi ostanının xarici ziyarətçilər işləri idarəsinin sədri Seyyid Məhəmməd Cavad Haşiminejat alman ziyarətçinin İslam dinini qəbul etməsi mərasimilə bağlı Astan News-a açıqlama verib: “Hazırkı dünyada cəmiyyətlər və mədəniyyətlər arası münasibətlər artıq hökumətlərin monopoliyasında deyil və xalqlar doğru bir şəkildə həqiqətləri dərk edir.
Ali dini rəhbər Qərb gənclərinə yazdığı bir məktubunda İslam dini ilə bağlı dəhşətli bir mənzərəni təqdim etmənin İslama qarşı bir PR olduğunu bildirərək, Qərb gənclərindən İslam ilə bağlı birbaşa və vasitəsiz tanışlıq yaratmalarını istəmişdi.
Bu məktubdan sonra biz Qüds Rəzəvi ostanında avropalı və amerikalı gənclərin İslam dininə üz tutmalarında xeyli artımın şahidi olduq. İslam düşmənləri İslam dinini və müsəlmanları qorxulu və iyrənc göstərmək istəsələr də, ancaq hədəflərinə çata bilmədilər”.
İmam Rzanın (ə) mütəhhər hərəminin xarici ziyarətçi qurumunda yeni müsəlman olmuş alman iqtisadçıya Qurani-Kərimin alman dilində tərcüməsi, İslam dinini qəbul etməsi sənədi və bəzi digər mədəni hədiyyələr verilib.