Tarix : 2018 Mar 27
Kod 54763

Elçin İsmayıl Şüvəlana köçürülüb

Bir sıra media orqanları ilə əməkdaşlıq edən və iki il əvvəl həbs olunan Elçin İsmayılın 3 Sayli Şüvəlan İstintaq Təcridxanasına köçürüldüyü bildirilir.
Arannews-Bu haqda AzadlıqRadiosuna onun ailəsindən bildiriblər. Ailəsi E.İsmayılın özünə istinad edir.
 Şəki Penitensiar Kompleksində cəza çəkən E.İsmayılın Şüvəlana köçürülməsi ondan şikayət edilməsi ilə izah olunub. Ailəsindən bildiriblər ki, Şəki Penitensiar Kompleksinin rəhbərliyi bir məhbusun E.İsmayıldan şikayətçi olmasını əsas gətirib. Ancaq E.İsmayıl heç bir qanun pozuntusuna yol vermədiyini bildirib. Ailəsinin bildirməsinə görə, şikayətin də detalları açıqlanmayıb.
 «Şəki həbsxanasından çıxarılması onun yanına gəliş-gediş imkanlarını da çətinləşdirir. Bu düzgün deyil. Vəkillərlə məsləhətləşib lazımı orqanlara müraciət edəcəyik», - ailəsindən bildiriblər.
Şəki Penitensiar Kompleksindən E.İsmayılın Şüvəlan İstintaq Təcridxanasına köçürülməsi və ondan şikayət edilməsi ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.
 İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə əməkdaşlıq edən E.İsmayıl 2017-ci il fevralın 17-si həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
 E.İsmayıl özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı borc aldığını deyir.
 Ötən il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası E.İsmayılı 9 il azadlıqdan məhrum edib. E.İsmayıla həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.
 E.İsmayılın vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyirlər.
 Şəki Apelyasiya Məhkəməsi aşağı məhkəmənin hökmünü olduğu kimi qüvvədə saxlayıb.

  • Yazılıb
  • da (də) 2018 Mar 27
  • Göndərən مدير سايت Aran News