Tarix : 2008 Jun 25
Kod 5479

QOBUSTAN HƏBSXANASINDA ACLIQ DAVAM EDİR

Əgər bu məlumat yalandırsa, həqiqətəuyğun deyilsə, onda sübut eləsinlər. Məni məhkəməyə versinlər ki, yalan məlumat yaymışam
Azerbaijan Servisi/Aran Agentliyi
Qobustan həbsxanasında ömürlük cəza çəkən məhbusların bir qisminin yenidən aclıq aksiyasına başladığı barədə xəbər vermişdik. Onlar həbsxanadakı dözülməz şəraitə etiraz edir, işlərinə yenidən baxılmasını istəyirlər. “Bakı xəbər” qəzetinin srağagünkü sayında məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu məhbusların aclıq aksiyası keçirməsinə inanmadığını və şikayətlərinin əsassız olduğunu bildirib. N.Cəfəroğlu eyni zamanda “ömürlüklər”in cəza müddətinin 15 illə əvəzlənməsinin vacibliyi barədə məlumatı Avropa Şurasının diqqətinə çatdırdığını da qeyd edib.
Ömürlük Məhbusların Yaxınlarının Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova isə əməkdaşımızla söhbətində bildirdi ki, etibarlı mənbədən aldığı bu məlumat tam dəqiqdir: “Mənə şənbə günü Qobustan həbsxanasında xeyli sayda məhbusun aclıq aksiyasına başladığı barədə məlumat verilib. Mənbə eyni zamanda, məhbusların həbsxana rəisi Kazım Abdullayevin yaratdığı dözülməz şəraitə və onların tam təcrid olunmuş vəziyyətdə saxlanılmasına etiraz etdiklərini bildirdi”.

M.Rzaxanovanın sözlərinə görə, 8 aya yaxındır müəssisədə yaranmış vəziyyətlə bağlı oğlu Şakir Rzaxanovla görüşə bilmir: “Oğlum fevralın 14-dən martın 6-na kimi aclıq aksiyası keçirib. Ancaq bunu gizli saxlayaraq, yalan adlandırıblar. İndi də bu aclığı yalan adlandırmaq istəyirlər. Əgər bu məlumat yalandırsa, həqiqətəuyğun deyilsə, onda sübut eləsinlər. Məni məhkəməyə versinlər ki, yalan məlumat yaymışam. Qoy məhkəmə buna aydınlıq gətirsin. Uzun müddətdir məhbuslara qarşı ağır işgəncələr verilir, onlara müxtəlif formada təzyiqlər olunur. Məhkumlar bütün bunlara etiraz olaraq aclığa başlayıblar. Əvvəlki aclıq aksiyasında mən Penitensiar Xidmətin rəhbərliyi tərəfindən çağırılaraq həbsxanaya göndərildim. Məhbuslardan aclığı dayandırmağı xahiş etdim. Hətta bununla bağlı telefon əlaqəsi də yaratdım. İndi isə bunu gizlətmək, aclığın üstünü ört-basdır etmək istəyirlər. Sizi inandırım ki, heç bir valideyn istəməz ki, belə bir yalan məlumat yaysın. 5 aya yaxındır oğlum ağır vəziyyətdə saxlanılır. Bütün bunlarla əlaqədar çox narahatam və Penitensiar Xidmətdən oğlumla görüş istəmişəm. Niyə vermirlər? Əgər müəssisədə vəziyyət acınacaqlı olmasa, mənə icazə verərdilər. Nəinki mənə, başqa məhbus analarına da”.
  • Yazılıb
  • da (də) 2008 Jun 25