Təbrizli kino rejissor Möhsin Hadinin hazırladığı “Arazın dayaz günü” sənədli filmi Qarabağ müharibəsinin səbəbləri, Xocalı faciəsi və Qarabağın iranlı şəhidləri barədə dəqiq sənədlərə əsaslanır. Film ilk dəfə Təbrizdə nümayiş etdirilmişdir.
AranNews “Fars” xəbər agentliyinə istinadla:
“Mən sosiologiya üzrə təhsil almışam. Həmişə şəhər və etnik tayfalar sosiologiyası, xüsusilə də irqçilik məsələləri üzərində çoxlu araşdırmalar aparmışam. Sənədli filmlərin hazırlanmasında bu mövzunu nəzərə almışam. “Arazın dayaz günü” filmini hazırlamağa başlayanda zehnimdə bir sual yarandı ki, mənim qarşı tərəfim erməni adlı birisi, ya Ermənistan adlı dövlət və ya Ermənistan dövlətində müəyyən bir qüvvədirmi?! Bu suallara cavab tapmaq çox mühümdür və biz bir faciəni bütün ermənilərə adi edə bilmərik. Erməni bir millətin adıdır, onun pisi və yaxşısı, ifratçısı və mötədili, düşmənçilik edəni və sülhsevəri vardır; bütün xalqlarda və insan toplumlarında olduğu kimi. Hər halda mən sosiologiya təhsili almış bir şəxs kimi bunu bütün ermənilərə aid edə bilməzdim. Təəssüf olsun ki, bu kimi səhvlər dünyada çoxdur və irqçiliyin bir nümunəsidir. Halbuki, mən hadisəni danışanam və gördüklərimi təqdim edirəm, elə sənədlər göstərirəm ki, bütün beynəlxalq təşkilatlar onu təsdiq edir.”
Bu, şəhərimizin zövqlü sənədli film ustası Möhsin Hadi ilə səmimi söhbətimizin bir parçası idi. O, azərbaycan dilində “Arazın dayaz günü” 70 dəqiqəlik sənədli filmini hazırlamaqla Qarabağ müharibəsinin həqiqətlərini təsvir etmişdir.
70 dəqiqəlik bu film Qarabağın iranlı şəhidləri, İranın Azərbaycan Respublikasına humanitar yardımları, Xocalı, Zəngilan faciəsinin canlı şahidlərinin ifadələri, Qarabağ müharibəsinə görə öz yurd-yuvalarını tərk etməyə məcbur olmuş azərbaycanlı köçkünlərin əzab-əziyyətindən ibarətdir.
1394-cü ildə İran təyyarəsi Azərbaycan və Ermənistan arasında münaqişə zonası olan Xankəndi yaxınlığında vurulur. İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan bu təyyarə Novruz bayramı münasibətilə Tehrana istiqamət almışdı. Bu acı hadisədə 32 nəfər həlak olur. Onlardan 2 nəfəri uşaq idi və analari ilə birlikdə bir qəbirdə torpağa tapşırılır.
Bu filmin ekranlaşması Azərbaycan Respublikası mediasında geniş səs-səda doğurdu. Belə ki, ölkənin bütün qəzet və saytları Qarabağ mövzusunda bir filmin nümayiş etdirilməsini işıqlandırdı.
Sözügedən sənədli film media və mətbuat əməkdaşlarının iştirakı ilə Təbrizin Pars hotelində də nümayiş etdirildi. Filmin yaradıcısı Möhsin Hadi müxbirimizin film barədə suallarını cavablandırdı. Qeyd edək ki, Möhsin Hadi bundan əlavə, “Ərbəkan; Türkiyə islamçılarının lideri”, “Fədakarlar”, “Təbriz sənədi” və digər əsərlərin yaradıcısıdır.
Təbrizli yaradıcı ilə müsahibəni sizə təqdim edirik:
- Qarabağ mövzusunu seçməyinizin əsas səbəbi nə olmuşdur?
- Qarabağ müharibəsi mənim uşaqlıq dövrlərimə təsadüf edir. O vaxt Qarabağ və Bosniya müharibəsi eyni zamanda gedirdi və hər iki müharibədə müsəlmanlara qarşı çoxlu zülmlər olurdu.
Bu mövzunun üstündən illər ötdü və mən rejissor oldum. Amma Qarabağ məsələsi hələ də bitməmişdi və arabir qarşıdurmalar olurdu. Həmişə bu barədə sənədli film hazırlamaq niyyətində idim. Müharibənin hansı səbəblərdən başlaması, bunun kökündə nəyin dayanması və İranın bu müharibədə mövqei mənim üçün sual idi.
Sosiologiya və antropologiya üzrə təhsil aldığımdan Qafqaz regionunun bir neçə xalq və dillərdən necə təşkil olmasını, bir-birinin yanında yaşamasını və elə də uzaq tarixə qədər bu məntəqədə birgə olmalarının səbəbini bilmək mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Müasir tariximizdə görürük ki, bu regionda böyük müharibə baş vermişdir və onun kökündə irqçilik dayanır, medialarda da deyilir ki, ermənilər və müsəlmanlar bir-birləri ilə müharibə edir.
- Filmi hazırlamağa nə vaxt başladınız?
- Zehnimdə olan bütün bu məsələlərə baxmayaraq, filmin hazırlanmasına başlamağım Tehranın Çidəz İmamzadəsində bir neçə məzarı görməyimdən qığılcım aldı. Mənim üçün sual yarandı ki, Tehran hara, Qarabağ hara? Dəfələrlə eşitmişdim ki, İranın Qarabağda şəhidləri vardır. Əlbəttə, bu barədə hər kəs bir söz deyirdi. Amma o gün öz gözlərimlə iki ananın öz övladları ilə birlikdə dəfn olunduğu məzarı gördüm. Hər iki məzarın qəbir daşının üzərinə yazılmışdı: Şəhid olduğu yer: Qarabağ! Şəhadət tarixi də müharibənin getdiyi zamanlara aid idi.
Elə oradan da işə başladım. Şəhid və Qazilərin İşləri Fonduna getdim. Araşdırmalara başladım. Bir neçə ay araşdırma aparmağıma baxmayaraq, şəhidlərin adı və təyyarənin vurulması nəticəsində onların şəhid olmalarından başqa bir şey tapa bilmədim. Nəhayət, öyrəndim ki, “Turan xəbər” adlı bir qəzetin redaktoru təyyarə vurulan zaman bu barədə xəbər verən ilk şəxs olmuşdur. Onunla görüşdükdən sonra mənim üzümə çoxlu qapılar açıldı.
Onların necə şəhid olması barədə suallar məni müharibənin səbəbi və necəliyi barədə əsas suallara tərəf çəkdi və axtarışlarımın nəticəsi filmdə nümayiş olundu.
Təyyarə hadisəsinin 32 şəhidindən təkcə 4 məzar Çidəz İmamzadəsində tapdım. Tapdığım şəhidlər İranın Moskvadakı diplomatlarının ailə üzvləri idi. Onlar bayram axşamı Moskvadan İrana gəlirdilər, amma yolu itirmiş təyyarə müharibə zonasına daxil olur və onlar bir növ Qarabağ müharibəsi qurbanlarına çevrilirlər. O günlər bayrama görə mətbuat və media tətil olduğundan tarixin toz-torpağı bu hadisənin üzərinə oturur. Həmin günlərdə yalnız “İslam Respublikası” qəzeti bu hadisə barədə xəbər verir.
Xoşbəxlikdən sənədli film sənəd və faktlar əsasında təqdim edilən bir filmdir. Biz təyyarə hadisəsində şəhid olanlar barədə əldə etdiklərimizi bu filmdə təqdim etdik və təlaş etdik ki, onları bir növ qəriblikdən çıxaraq. Elə bilirdim ki, Bakıda bu şəhidlərin xatirə abidəsini görəcəyəm. Amma Bakıda bu hadisə barədə hər kimə danışırdımsa, təəccüb edirdi, hətta İranda da bu hadisə haqda məlumatı olan bir kəs yox idi. Bakıda təkcə həmin jurnalistin xəbəri var idi.
Tehran müzakirələrinin nəticəsiz qalması üçün Şuşa qurban getdi
- “Arazın dayaz günü” filmində daha çox hansı məsələlər irəli çəkilmişdir?
- Filmdə Qarabağ müharibəsi, onun kökləri və əhalinin yaşayışı araşdırılır. İranda olduğu kimi orada da bütün xalqlar bir-birinin yanında yaşamışdır və bir-birlərinin müxtəlif münasibətlərində iştirak etmişlər. Amma 1988-ci ildə o faciə baş verir və Xocalı hadisəsi də həmin faciənin bir nümunəsidir.
Filmdə İranın Qarabağ xalqına dəstək olmaqda rolu da sənədlərlə təqdim edilib. İran diplomatik yollarla da bu məsələdə iştirak edirdi. Qarabağ münaqişəsində İranın ən mühüm rolu da diplomatik təlaşları olmuşdur. İlk dəfə Qarabağda atəşkəs İranın təlaşları nəticəsində əldə edildi. Halbuki, Rusiya, Türkiyə və digər bir neçə ölkə buna çalışsalar da heç bir nəticə əldə olunmamışdı. Xocalı hadisəsindən sonra bu faciədə həlak olanların cəsədlərini götürmək üçün 3 gün atəşkəs elan olunur. Bir neçə mərhələdə görüşlər keçirildikdən sonra İran diplomatiyası öz faydasını verir və Tehranda sülh müqaviləsi imzalanır. Amma elə həmin gecə bütün planlar pozulur və bir sıra xəyanətlərin baş verməsi üzündən bəlkə də 30 nəfərlə qorunması mümkün olan Şuşa şəhəri kimi bir qala işğal olunur. Beləliklə, Tehran müzakirələri məğlubiyyətə uğrayır.
Bütün siyasi ekspertlərin fikrincə, Tehran müzakirələrinin nəticəsiz qalması üçün Şuşa qurban verildi. Çünki bu müzakirələr uğurla irəli getsəydi, supergüclər üçün böyük məğlubiyyət sayılardı. Onların hamısı öz rolunu ifa edərək Şuşanı qurban verdilər ki, Tehran müzakirələri uğursuz olsun.
Azərbaycan Respublikası xalqı özü deyir ki, əgər İran olmasaydı, Naxçıvanda 300 min cəmiyyət acından ölərdi.
- Daha çox sənəd-sübutlar toplamaq üçün o vaxtkı dövlət məsullarının, yaxud dövlət qurumlarının sorağına getdinizmi?
- Bu filmin hazırlanması və daha çox sənədlər toplamaq üçün çoxlu səylər etdim, o vaxt Qarabağ münaqişəsi məsələlərində iştirak etmiş Vilayəti və Vaizidən bu haqda məlumat almaq istədim. Yeri vardır ki, mən burada onlardan gileylənəm. Çünki onlar mənim istəyimə cavab vermədilər, hətta “danışmırıq” də demədilər. Kaş gələrdilər və İranın o dövrdəki rəsmi mövqeini açıqlayardılar.
Halbuki, biz bilirik ki, İran Azərbaycana humanitar yardımlar göndərən ilk ölkədir. Gördüyünüz kimi filmdə də buna toxunulub və Azərbaycan Respublikası əhalisi özü deyir ki, əgər İran olmasaydı, Naxçıvanda 300 min cəmiyyət acından ölərdi. Çünki Naxçıvan mühasirədə idi və əlaqə yolu yalnız İran vasitəsilə idi.
Son illərə kimi Yardım Komitəsinin və Qızıl Aypara Cəmiyyətinin bu ölkədə ofisi var idi. Lakin, təəssüflər olsun ki, mənim neçə ay səylərimə baxmayaraq, onların heç biri mənimlə əməkdaşlıq etmədi. Bu əməkdaşlıqlar baş tutsaydı, film bir bölümlə bitməyəcəkdi. Çünki İranın Azərbaycana yardımları filmdə göstərilənlərdən daha çoxdur. Əlbəttə, bu yardımlar tamaşaçını qane edəcək həddə təqdim edilmişdir.
Filmi hazırlamaq üçün Təbrizin Televiziya və Radio Şirkətinə də getdim. Onlar bu sahədə əllərindən gələn köməyi göstərdilər. Heyif ki, Televiziya və Radio Şirkətinin arxivində bu barədə heç bir film qalmamışdı. Göstərdiyi köməklərinə görə onlara minnətdarlıq edirəm.
İndiki zamanda sənəd və faktların valilik idarəsində saxlanılmasının vacibliyinə diqqət etməklə, Şərqi Azərbaycan valiliyinə də getdim. Təəssüf ki, orada da heç bir sənəd tapa bilmədim. Əlbəttə, axtarış apardığım dövrdə belə bir nəticəyə çatmışdım ki, (bu məsələ ilə bağlı) dövlət məsullarının yanına getmək işi bir az da mürəkkəbləşdirir.
Bu filmi hazırlamaqla səy etdim ki, dildəki düyün götürülsün və bilsinlər ki, bu barədə də danışmaq mümkündür. Film bir növ sükutun pozulması üçün ilk addımı atdı.
- “Arazın dayaz günü” filminin açılışı nə vaxt oldu və harada nümayiş etdirildi?
- Bu film ilk dəfə Təbrizdə Xocalı faciəsinin ildönümü münasibətilə Azərbaycan Respublikasından gəlmiş qonaqların və İranın mədəniyyət fəallarının iştirak etdiyi mərasimdə təqdim olundu. Sonra 2017-ci il iyulun 24-də Bakının beynəlxalq mətbuat mərkəzində Azərbaycan Respublikasının mədəniyyət və media əməkdaşlarının hüzurunda nümayiş etdirildi və çox yüksək səviyyədə qarşılandı. Belə ki, biz təkcə mənim və Akif Nağının feyzbuk səhifələrində filmin təqdimatı haqda məlumat vermişdik. Amma bu təqdimat mərasimində tanınmış simalar iştirak etdilər.
Azərbaycanda bir sıra dairələr vardır ki, onlar bəzi vaxtlar müxtəlif bəhanələrlə İranı ittiham etməyə çalışırlar, İran əleyhinə təbliğat aparırlar və etdikləri bu işlərinə görə də heç bir qorxuları yoxdur, bəzi vaxtlar təsir də qoyurlar. Filmin təqdimatından sonra onların reaksiya verəcəyini gözləyirdik. Lakin onlar sükut etdilər.
Bir müddət əvvəl (Ermənistan tərəfindən atılan) mərmi bir evə dəydi və Zəhra adlı kiçik bir qız şəhid oldu. Bu qızcığazın şəhadəti çox üzücü idi. Bu hadisə sosial şəbəkələrdə tufan qopartdı. Amma bu mesajların çoxu İran əleyhinə yazılırdı və İranı Ermənistanı dəstəkləməkdə ittiham edirdilər.
Hamı bilir ki, bu mövzu həmişə mövcuddur və onun üzərində təbliğat aparırlar. Əlbəttə, bu məsələdə mən müxatəbə haqq verirəm. Çünki o, xəbərsizdir. Mən də bu filmi hazırlamağa başlamayınca bilmirdim və İranın Qarabağ münaqişəsindəki mövqei mənim üçün qaranlıq idi. Təkcə ümumi məlumatım var idi və bu qaneedici deyildi. Bu film üzərində işləmək mənim özüm üçün həqiqətləri açdı.
Bu gün mənim üçün əhəmiyyətli budur ki, həm İranda, həm də Azərbaycan Respublikasında xalq bu filmi görsün və İranı ittihamlandırmağı xoşlayanlar və mənfəətləri İrana qarşı ittihamlar söyləməkdə olan adamlar ən azından zəhmətə düşsünlər və öz ittihamları barədə bir sənəd təqdim etsinlər.
Tarixi həqiqətlər onların ittihamlarını təsdiq etmir. Bizim qonşuluğumuzda müharibə olub və iki millət bir-biri ilə döyüşüb. Bu arada müsəlmanlıqdan əlavə, bizim insanlıq vəzifəmiz kömək etmək olub. Biz bu işi etmişik və müharibənin bitməsi üçün təlaş göstərmişik.
Qarabağ müharibəsinə son qoymaq üçün İranın çoxlu potensialları olub və bu potensiallardan faydalanaraq məsələyə daxil olub. Lakin bu arada bəzi əllər araya girərək İran və Azərbaycan arasındakı münasibətləri korlamaq istəyib və buna bir qədər müvəffəq olub. Gördüyümüz kimi Qarabağ məsələsi Minsk qrupu adlı bir qrupun əlinə düşüb və 24 ildir ki, heç bir nəticə əldə etməyib. Halbuki, İranın Azərbaycanla qonşu olmasına, ikitərəfli dostluq və iqtisadi münasibətlərə diqqət etməklə Qarabağda sülhə nail olmaq üçün İranın böyük potensialları olmuşdur. Amma bəziləri bu dostluğu görmək istəmir.
Bu film Azərbaycanda bir dəfə nümayiş etdirilib və hal-hazırda Azərbaycan universitetlərində nümayiş etdirilməsi təklif olunub. Filmi festivala çıxarmaq, daxili və xarici kanallarda nümayiş etdirmək niyyətindəyik.
Film Azərbaycanda nümayiş etdirildikdə mənim Azərbaycanda dostlarımdan olan Akif Nağı dedi ki, bu, İran-Azərbaycan münasibətlərində tarixi bir hadisədir. Bu bir reallıqdır. Çünki heç vaxt deyilməyən, yaxud təhrif olunan tarixi həqiqətlər burada açıqlanıb.
Arzum budur ki, orada filmin əsas mesajı eşidilsin, İran və Azərbaycan münasibətlərinin daha da dərinləşməsinin şahidi olaq. Beləliklə, regionda qarşıdurmadan mənfəət götürən və əmin-amanlığın hökm sürməsini istəməyən adamların əlləri regiondan üzülsün.
- Filmin hazırlanma prosesi necə olmuşdur və onun hazırlanmasında kimlər iştirak etmişdir?
- Bu film, mənim 2 il zəhmətimin və 15 il narahatlığımın bəhrəsidir. Əlbəttə, layihənin üzərində ciddi olaraq 1 il işlədik. Onun əsasını həqiqətlərin kəşfi təşkil edir. Filmin çəkilişi Təbrizdə, Ərdəbildə və Bakıda aparılıb. Bakıda müsahibə götürülmüş adamların hamısı həmin dövrü görmüş şəxslərdir. İranda da üç nəfərdən müsahibə almışıq. Onlar cəbhədə iştirak etmiş təsirli şəxslər olub.
70 dəqiqəlik olan bu film azərbaycan dilindədir və alt yazıda farsca tərcümə olunmuşdur. Gələcəkdə rus və ingilis dillərində alt yazısı veriləcək.
Filmin musiqisi ölkəmizin məşhur gənc bəstəkarı Babək Xadiminindir. Təqribən 5 gecə-gündüz filmin musiqisi üzərində işlənmişdir. Çünki filmin ən həssas yeri onun musiqisidir. Xoşbəxtlikdən bu musiqi çox alqışlandı, xüsusilə də Xocalı faciəsinə aid hissəsi. Belə ki, həmişə tənqid edənlər də filmin bu hissəsinin musiqisini alqışladılar. Filmin çəkilişlərini Şayan Hamid aparmışdır.
- Azərbaycan Respublikasının dövlət məsullarının bu filmə münasibəti necə oldu?
- Filmi hazırlamağa başlayanda Azərbaycanın Təbrizdəki konsulluğuna getdim. Orada məni yaxşı qarşıladılar və diqqəti çəkən sənədlər verdilər. Filmdə bu sənədlərin çoxundan istifadə olunub. Bakıda çəkiliş aparıldığı zaman da bu barədə mediada məlumatlar yayıldı və bu məsələyə müsbət yanaşırdılar.
Azərbaycanda İrana qarşı həddən artıq sevgi vardır. Hətta bəzilər öz övladlarının adlarını da İran, Tehran və Təbriz qoyurlar. Həm də geniş yayılmış bir mövzudur. Ümumi olaraq cəmiyyətin əksəriyyəti İrana sevgi bəsləyir. Təkcə çox az bir qrup bunun əksinə düşünür. Bunun da səbəbi onların məlumatsız olmasıdır. Onlarla söhbət etdikdə, qane olurlar. Sözsüz ki, İranın düşmənləri orada İran əleyhinə fəaliyyət göstərirlər. Çünki İranın Azərbaycandan uzaqlaşması İsrailin xeyrinədir. Ona görə də öz təlaşlarını göstərirlər. Lakin bunun heç bir faydası olmayacaq. Gələcəkdə İran və Azərbaycan münasibətləri daha da yaxınlaşacaq.
Şəxsən Azərbaycan dövlətinə də təşəkkür edirəm ki, filmin çəkilişi zamanı əməkdaşlıq göstərdi və bu sənədli filmə müsbət yanaşdı. Xahiş edirəm ki, bu müsbət yanaşmalar davam etsin və Şəhidlər Xiyabanında Qarabağın iranlı şəhidlərinə xatirə abidəsi ucaldılsın.
- Qarabağ məsələsi və müharibə illəri barədə yenə sənədli film hazırlamaq fikriniz varmı?
- İkinci sənədli filmin hazırlanması yeni əldə olunmuş mövzu və bucaqlara, qarşıya çıxan suallara bağlıdır. Məsələn filmdə görürük ki, o zaman Arazdan keçən bir qadın hamilədir. O, çayı keçdikdən sonra Kəleybər xəstəxanasında övladını dünyaya gətirir və sonra Azərbaycana qayıdır. İstəyirəm ki, o uşağı tapım və onunla söhbətləşim.