Arannews-Hədəf14.az xəbər verir ki, Bu sözləri Rakurs TV-ə "Nardaran məhbusu" Sahil Rzayevin atası Xalid Rzayev deyib. O, bildirib ki, Sahil Rzayev 15 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülən gündən həbsxana rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalır:
"Martın 28-i Sahilə 15 gün "kars" cəzasının verildiyini öyrəndim. Məsələni öyrənmək üçün həbsxanaya getdim. Həbsxananın qarşısında həbsxana rəisini gördüm. Ondan Sahilin nə üçün "kars"a salındığını soruşanda, mənə "oğlun dövlətin işlərinə qarışır, camaatı mitinqə dəvət edir", - deyə cavab verdi. Bu gün isə öyrəndim ki, Sahil "kars"da intihara cəhd edib. Həbsxanadan belə dedilər"
Xalid Rzayev oğlunun sonuncu yazısına görə karserə salındığını bildirir. Onun sözlərinə görə, Sahilin vəziyyəti ağır olaraq qalır. O, Sahilə işgəncələr verilə bilinəcəyini də istisna etmir. X. Rzayev baş vermiş hadisə ilə bağlı Ombudsman aparatına və Qızıl Xaç Komitəsinə müraciət edəcəyini deyib.
Sahil Rzayev 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanıldığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında gözləyərkən həbs olunub. 30 sutka inzibati həbs cəzası alan məhbus Nardaran hadisələrindən sonra yaşadığı Lənkəran şəhərində yenidən saxlanılıb. O və onunla birlikdə həbs olunan Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanova Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli biliniblər. Məhkəmənin qərarı ilə S.Rzayev 6 il 5 ay 15 gün, N.Vəliyev 5 il 11 ay 10 gün, A.Əliyev 5 il 11 ay, E.Bünyadov 6 il 1 ay 15 gün, L.Əhmədov 5 il 11 ay 20 gün, T.Osmanov isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.