Gürcüstan Rusiyanın maraqlarını təmsil edən diplomatı ölkədən çıxarır. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Arannews-Məlumatda bildirilir ki, Gürcüstan XİN Birləşmiş Krallıq ərazisində 3 insanın sağlamlığına ciddi ziyan vurmuş və digər insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmış kimyəvi silahın istifadəsi faktını qınayır: “Bu, ümumi təhlükəsizlik üçün ciddi çağırışdır. XİN Birləşmiş Krallıqla həmrəylik nümayiş etdirir və ölkənin, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı mövqeyini bölüşür”.
Gürcüstan XİN İsveçrə Konfederasiyasının səfirliyində Rusiya səfirliyinin maraqları seksiyasının əməkdaşını "arzuolunmaz şəxs" elan edərək ondan 7 gün ərzində Gürcüstanı tərk etməyi tələb edib.
Qeyd edək ki, Gürcüstan və Rusiya arasında 2008-ci ildən etibarən diplomatik münasibətlər dayandırılıb. Gürcüstanda Rusiyanın maraqlarını İsveçrə Konfederasiyası səfirliyinin seksiyası təmsil edir.