Arannews-Hesabında ən çox vəsait olan namizəd indiki prezident İlham Əliyevdir. Onun seçki hesabında 100 min manat var.
Qüdrət Həsənquliyev isə hesabına köçülürmüş 25 min manatı birnəfəsə - seçici imzalarının toplanması zamanı xərcləyib, seçki kampaniyasına bu vəsaitdən heç nə saxlamayıb.
Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin ilkin maliyyə hesabatlarını yayıb.
"BBC Azərbaycanca" bu maliyyə hesabatları əsasında 11 aprel növbədənkənar prezident seçkilərinə qatılan namizədlərin seçkiyə nə qədər vəsait xərclədiyini araşdırıb.
İlham Əliyev seçkiyə 100 min manatla qoşulub
Prezidentliyə namizəd İlham Əliyevin ilkin maliyyə hesabatına görə, fevralın 22-nə qədər onun seçki hesabında pul vəsaiti olmayıb. Martın 26-na olan ikinci hesabatına görə isə bu müddət ərzində artıq onun hesabına 100 min manat daxil olub.
Bu vəsaitin 50 mini fiziki şəxslərdən ianə edilib. Məbləğin yarısını isə onun təmsil olunduğu partiya verib.
Ancaq seçki başlayandan martın 26-na kimi İlham Əliyev seçki kampaniyasına heç bir vəsait xərcləməyib.
Namizədlərin təbliğat-təşviqat kampaniyası martın 19-dan başlayıb.
Zahid Oruc pulu cibindən qoyub
Digər namizəd Zahid Orucun ilkin maliyyə hesabatında "prezidentliyə namizədin xüsusi vəsaiti" kimi 9900 manat göstərilib. O, ikinci hesabatında seçkiqabağı təşviqatla bağlı tədbirlərə, habelə informasiya və məşvərət xidmətlərinə 2200 manat ödədiyini göstərib.
Birinci və ikinci hesabat aralığında onun seçki hesabındakı vəsait dəyişməyib.
Araz Əlizadə seçkiyə 10 min manatla başlayıb
Araz Əlizadənin seçki hesabında 10 min manat olub. Bu vəsait fiziki şəxslərin könüllü ianəsi əsasında formalaşıb. O, bu vəsaitin 2 minini "seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə" xidmət haqqı kimi ödəyib.
Araz Əlizadə yerdə qalan 8 min manatın hamısını seçkiqabağı təşviqatla bağlı tədbirlərə, o cümlədən, informasiya və məşvərət xidmətlərinə xərcləyib.
Qüdrət Həsənquliyev 25 mini "birnəfəsə xərcləyib"
Qüdrət Həsənquliyev seçkiyə 25 min manatla qoşulub. Bu vəsait onun hesabına fiziki şəxslərdən ianə kimi daxil olub. İlkin maliyyə hesabatına görə, Qüdrət Həsənquliyev bu vəsaitin hamısını dərhal da xərcləyib. Onun xərci seçici imzalarının toplanmasının təşkilində çıxıb.
Qüdrət Həsənquliyevin ikinci maliyyə hesabatı hələ MSK-nın saytına yerləşdirilməyib, amma onun səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli BBC Azərbaycancaya bildirib ki, təbliğat dövründə fiziki şəxslərdən 1500 manat ianə daxil olub və vəsaitin hamısı çap materiallarının hazırlanmasına xərclənib.
İmza toplanmasına 10 min manat
Fərəc Quliyevin seçki hesabında 10060 manat olub, o, vəsaitin hamısını imzaların toplanmasına xərcləyib. Fərəc Qulievə bu vəsait rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası verib. Onun ikinci hesabatı boşdur.
Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Tahir Seyidov BBC Azərbaycancaya deyib ki, onlar ikinci hesabatı ona görə boş göndəriblər ki, vəsait namizədin seçki hesabına köçməyib: "İkinci vəsait də partiyanın puludur. Təxminən 23000 manat, bəlkə də bir az artıq köçürülməlidir. Çünki təbliğat-təşviqata təxminən bu qədər xərcimiz çıxıb", Tahir Seyidov deyir.
Onun sözlərinə görə, təbliğat-təşviqatda əsas xərc plakatların, kitabçaların çapına, xüsusi qələmlərin hazırlanmasına gedib.
Seçki Hafiz Hacıyevə müftə başa gəlir
Namizəd Hafiz Hacıyevin birinci maliyyə hesabatı boşdur. İkinci hesabatını da Mərkəzi Seçki Komissiyasına yenicə təqdim edib.
Onun səlahiyyətli nümayəndəsi Könül İsmayılova BBC Azərbaycancaya deyir ki, onlar ikinci hesabda da heç bir məbləğ göstərilməyib. Çünki onlar seçkiyə heç bir vəsait xərcləməyiblər.
"Partiyamız parlamentdə təmsil olunmadığı üçün dövlət tərəfindən maliyyələşmirik. Prezident seçkisində də dövlət pul ayırmır", deyə Könül İsmayılova əlavə edir ki, onlar təbliğat materialları çap ediblər, ancaq bu çapı da partiyada təmsil olunan iş adamları öz çiyninə götürüb.
O deyib ki, seçicilərlə görüş üçün isə hər hansı maliyyə xərcinə ehtiyac yoxdur.
Təbliğat materiallarına 2 minə qədər pul xərcləyən namizədlər
Razi Nurullayevin ilkin hesabatı boşdur. Onun seçici imzalarının toplanmasına hər hansı xərci çıxmayıb. Elə təbliğat-təşviqat prosesində də Razi Nurullayev o qədər xərcə düşməyib. Onun səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirli BBC Azərbaycancaya deyib ki, təbliğat materiallarının çapına 1700 manat xərcləyiblər. Bu vəsaiti də Razi Nurullayev özü verib.
Sərdar Məmmədov (Cəlaloğlu) ilkin hesabatında hər hansı xərc göstərməyib. İkinci hesabat hələ MSK-nın saytında dərc olunmayıb. Onun səlahiyyətli nümayəndəsi Taliyət Əliyev deyir ki, təbliğat-təşviqat dövrünün ilkin mərhələsində onlar 2000 manat təbliğat materillarına xərcləyiblər. Bu vəsait də fiziki şəxslərdən ianə kimi daxil olub.
Prezidentliyə namizədin seçki fondu məbləğinin ən yuxarı həddi
Seçkilər Məcəlləsinə görə, namizədlər, ikisi seçkiyə qədər, biri seçkidən sonra olmaqla, üç dəfə maliyyə hesabatı hazırlayıb MSK-ya təqdim etməlidirlər.
Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.
Prezidentliyə namizədlərin xüsusi vəsaiti 250 min manatdan çox olmamalıdır.
Fiziki şəxslərin könüllü ianələri vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.