Bakıda hərbi ekspertlər Qarabağda müharibənin alovlanması riski ilə bağlı həyəcan təbili çalırlar.
Arannews-Kavkazskiy Uzel”ə danışan ekspertlər hesab edirlər ki, Qarabağ münaqişəsi zonasında müharibənin bərpası riski hələ də qalmaqdadır. Cəbhə xəttində yaşayan sakinlər qorxu və atışmalara baxmayaraq, çıxıb getmək istəmədiklərini deyirlər.
2016-cı il 2-5 aprel arası qızışan münaqişə hər iki tərəfin atəşikəs barədə bəyanatları sonrasında sakitləşmişdi. Ancaq növbəti il ərzində atəşə bir gün də olsa ara verilmədi. “Kavkazskiy Uzel” sülhün ilk ilinin nəticələrinə əsasən "Sülhdən sonra Qarabağ - müharibənin 365 günü" adlı infoqrafiya nəşr etmişdi.
Azərbaycan Respublikasının və “Dağlıq Qarabağ Respublikası”nın (Azərbaycanın işğal olunmuş ərazisində yaradılıb – Meydan TV-nin qeydi) müdafiə nazirliklərinin 2017-ci il martın 31-dən 2018-ci il aprelin 1-dək olan məlumatlarına görə, münaqişə zonasında 43 nəfər, o cümlədən 41 hərbi və iki mülki şəxs həlak olub. “Kavkazskiy Uzel”in yeni, “Atəşkəsdən sonra Qarabağ - müharibənin iki ili” adlı yeni infoqrafikasından aydın olur ki, yuxarıda sadalanan rəqəmlər ilk ilə görə 5 nəfər çoxdur.
“İki il ərzində münaqişə zonasında hərbi vəziyyətdə diqqətəlayiq dəyişikliklər baş verməyib və hərbi əməliyyatların bərpası riski hələ də qalır. Doğrudur, son aylarda atışmaların intensivliyi azalıb, lakin 2016-cı il aprel müharibəsindən əvvəl də vəziyyət nisbətən sakit olaraq qalırdı. Beləliklə, bu sakitlik fırtınaöncəsi sakitlik ola bilər. Bundan əlavə, beynəlxalq vəziyyət də heç də sakit deyil”, - hərbi ekspert Azad İsazadə deyib:
“Qarabağ münaqişəsilə bağlı indi hansısa strukturun nəsə etməsi bir yana, ümumiyyətlə, heç həll etmək istəmirlər".
“Hazırkı beynəlxalq vəziyyətdə dünyadakı güc mərkəzlərindən heç biri Qarabağ münaqişəsinin siyasi həlli üçün heç bir maraq göstərmir. Belə bir vəziyyətdə Azərbaycana öz ərazi bütövlüyünü bərpa etmək məsələsini güc yoluyla həll etməkdən başqa bir seçim buraxmırlar”, - İsazadə deyir.
Növbəti gərginlik daha çox dağıdıcı nəticələrə səbəb olacaq.
“Ötən iki il ərzində cəbhə xəttində vəziyyətlə bağlı ciddi bir dinamika baş verməyib”- hərbi jurnalist Üzeyir Cəfərov bildirib.
“Müzakirələrdə heç bir irəliləmə olmadıqda, hərbi gərginliyin zəifləməsi barədə də danışmaq olmur. 2016-cı il aprel döyüşlərində Azərbaycan taktiki üstünlük əldə etdi. Azərbaycan tərəfi Qarabağın şimal və cənubunda bir sıra strateji yüksəklikləri ələ keçirdi. Bu, Azərbaycan qoşunlarının cəbhənin bu sahələri istiqamətində etibarlı qorunmasını təmin etdi. Bundan əlavə, Azərbaycanın Silahlı Qüvvələri növbəti hücumlar üçün əməliyyat sahəsini genişləndirdi. Dünya güc mərkəzləri sülh danışıqlarında irəliləyiş əldə etmək üçün Ermənistana təsir göstərmək vədi verərək Azərbaycanı hərbi əməliyyatları dayandırmağa sövq etdi. Təəssüf ki, bu, baş vermədi, Rusiya Ermənistanı silahlandırmağa davam etdi, bununla da danışıqlarda onların mövqeyinin sərtləşməsinə töhfə verdi. Bu silahlar Dağlıq Qarabağa ötürülüb. Azərbaycan da, əlbəttə ki, yerində dayanmır və yüksək dəqiqlikli silahlar almaqla hərbi potensialını gücləndirir. Beləliklə, növbəti gərginlik daha çox dağıdıcı nəticələrə səbəb olacaq”, - Cəfərov “Kavkazskiy Uzel” müxbirinə deyib.
Onun sözlərinə görə, son aylardakı atışmaların intensivliyindəki azalma hələ heç nə demək deyil.
“Bu, ehtimal ki, Azərbaycanda və Ermənistandakı daxili siyasi proseslərə görədir. Hər iki ölkədə sonrasında hökumətlərin formalaşacağı növbəti prezident seçkiləridir. Yəqin ki, 2018-ci ilin ortalarına və ya sonuna qədər təmas xəttində nisbi sakitlik hökm sürəcək. Ancaq bundan sonra nə olacağını heç kim proqnozlaşdıra bilməz. Nə qədər ki, sülh prosesində heç bir irəliləyiş yoxdur, 2016-cı ilin aprel ayından daha böyük ola biləcək yeni bir müharibə təhlükəsi davam etməkdədir”, - Cəfərov bildirib.
Onun fikrincə, "təmas xəttində (müşahidə) kameralarını artırmaq gərginliyin qarşısını almağa zəmanət verə bilməz, çünki müasir radio-elektron vasitələri müşahidə sistemlərini asanlıqla paralizə edə bilir".
Cəfərovun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı ərazilərdən qoşunlarını çıxarmaqdan qəti şəkildə imtina etdiyi müstəvidə Azərbaycanın öz torpaqlarının itirilməsinə dözmək fikri yoxdur. Minsk qrupu isə bu mənzərə qarşısında "yalnız sülh prosesinin imitasiyası ilə məşğuldur", beləliklə, hərbi əməliyyatları bərpa etmək riski yüksək olaraq qalır.
Uzunmüddətli sülhə nail olmaq üçün heç bir real şərt yoxdur.
Hərbi ekspert Telman Abilov deyir ki, son illərdə irihəcmli qarşıdurmaların olmamasına baxmayaraq, Qarabağda müharibə riski qalır.
“Uzunmüddətli sülhə nail olmaq üçün heç bir real şərt yoxdur. Müzakirələrdə irəliləyiş yoxdur, silahlanma yarışı davam edir. Dünya güc mərkəzləri digər bölgələrdəki problemlərlə məşğuldur. Bu zəmində hər hansı bir yanlış anlama, hər hansı təxribat genişmiqyaslı hərbi əməliyyata çevrilə bilər. Dağlıq Qarabağ ətrafında erməni qoşunlarının saxlanılması stabilliyə zərər verən faktorlardandır. Nə qədər ki, mərhələli həll prosesi başlamayıb, atəşkəsin gücləndirilməsi ilə bağlı heç bir tədbir təsirli olmayacaq. Qoşunlar bir-birinə çox yaxındırlar. Bəzən səngərlər arasındakı məsafə yalnızca yüz metr olur”, - Əbilov bildirib.
Son illərdə sərhədyanı kəndlərdə infrastruktur və kommunikasiya problemləri həll olunmağa başlanıb.
Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov deyib ki, cəbhə xətti sakinlərinin həyatını və sağlamlığını təhdid altında qoyan atışmalardan savayı əsas problem əkinçiliklə bağlı çətinliklərdir.
“Adətən hücumlar təsərrüfat işlərinin ortasında, yaz və payızda daha sıx olur. Atışmalara görə tez-tez elə olur ki, kəndlilər sahəyə gedə bilmirlər. Bu, Ağdam, Tərtər, Füzuli rayonlarının sərhədyanı ərazilərindəki düzənliklərdə yerləşən və yüksəklikdən atəşə tutulan kəndlər üçün tipikdir... Goranboy rayonunun relyefi başqadır, orada kəndlər dağlarla qorunur. Ermənistanla sərhəddə yerləşən Tovuz və Qazax rayonlarının kənd sakinləri də atışmalara görə çətinliklərlə üzləşirlər”, - Həsənov bildirib.
Eyni zamanda, o qeyd edib ki, son illərdə cəbhə xəttində infrastruktur və kommunikasiya ilə bağlı problemlər həll olunmaqdadır.
“Bütün kəndlər elektrik, qaz, su ilə təmin edilir. Çox yaxşı yollar çəkilib. Dövlət dağıdılmış evləri və sosial obyektləri bərpa edir və müvəqqəti olaraq evsiz qalanlara sığınacaq verir”, - Həsənov bildirib. Onun sözlərinə görə, həlak olan vətəndaşların ailələrinə yerli hakimiyyət orqanları tərəfindən maddi yardım göstərilir, cənazə xərcləri ödənilir.
Həsənov həmçinin qeyd edib ki, yerli sakinlər hətta hücum təhdidləri altında belə kəndlərini tərk etmək istəmirlər.
“İnsanlar artıq atışmalara öyrəşib, belə yaşayırlar. Belə həyata uyğunlaşırlar. Məsələn, bəzi kəndlərdə sakinlər evin gülləyə gələn tərəfindəki pəncərələri bağlayıb digər tərəflərində pəncərə qoyurlar. Ağır artilleriya silahlarından atəş açıldığı zamanlarda isə kəndlilər müvəqqəti olaraq təhlükəsiz yerlərə gedirlər”, - Həsənov bildirib.
Onun sözlərinə görə, Humanitar Tədqiqatlar Cəmiyyəti mülkilər arasındakı itkilərlə bağlı böyük bir layihə həyata keçirib.
“2013-2015-ci illərdə təxminən 40 nəfər mülki şəxs ölüm və yaralanma hadisəsi ilə üz-üzə qalıb. Layihəmiz çərçivəsində biz həmin yerlərə gedib, baxışlar həyata keçirmiş və araşdırmalar aparmışıq. İndi bu işi davam etdirmək üçün donor yoxdur. Statistika onsuz da məlumdur - hakimiyyət onu gizlətmir, mətbuat bu barədə yazır. Lakin ölüm hallarını aydınlaşdırmaq üçün hər bir iş üzrə ətraflı hesabat hazırlamaq vacibdir”, - Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan kəndləri həssas vəziyyətdədir.
“Azərbaycan kəndləri qoşunların təmas xəttinə çox yaxındır. Çox vaxt yaxın kəndlər birbaşa atəşə tutulur. Ötən ilin iyul ayında Alxanlı kəndində bir qadın və nəvəsi güllələrdən yayılan qəlpələrdən yaralanaraq həlak olmuş, başqa bir qadın isə yaralanmışdı”, Həsənov bildirib.
4 iyul 2017-ci il tarixdə Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni tərəfinin Alxanlı kəndində açdığı atəş nəticəsində bir qadın və iki yaşlı qız həlak olub, başqa bir qadın isə qəlpə yaralarını alıb. O, əməliyyat olunub.
Cəbhə xəttinin sakinləri oraları tərk etməkdən imtina edirlər.
Son aylarda Ağdam rayonunun Quzanlı kəndi yaxınlığında yerləşən təmas xəttində nisbətən sakitlikdir, deyə Quzanlıda doğulmuş Vətəndaş Cəmiyyəti Platformasının üzvü Ələsgər Məmmədli "Kavkazskiy Uzel" qəzetinin müxbirinə deyib.
“Mən çox vaxt öz doğma kəndimə gedirəm. Qohumlarım və kəndlilər deyir ki, son 4-5 ayda nisbi sakitlikdir. Əlbəttə ki, atəş hər gün eşidilir. Lakin ağır artilleriya silahları ilə kəndin atəşə tutulması halları yoxdur”, - deyə ictimai fəal bildirib.
“Son aylardakı nisbi sakitliyə baxmayaraq, müharibə mühiti davam edir”, - Tərtər rayonunun Qapanlı kəndinin sakini Natiq Quliyev belə deyib.
Onun sözlərinə görə, kənd Ermənistanın mövqelərindən yalnız bir neçə yüz metr məsafədə yerləşir və gün ərzində ətrafda hərəkət etmək təhlükəlidir.
“Gün ərzində kənd təsərrüfatı işlərinin aparılması da təhlükəlidir, kəndlilər əsasən gecə saatlarında əkinçilik və heyvandarlıq ilə məşğul olurlar”, - deyə o, “Kavkazskiy Uzel”-in müxbirinə bildirib.
Natiq Quliyevin sözlərinə görə, sakinlər gündüz vaxtı xüsusi ehtiyacları olmadan açıq sahələrə yaxınlaşmırlar və bir çox kənd təsərrüfatı torpaqları istifadə edilməmiş qalır.
Quliyev deyib ki, onun üç hektar ərazisi var, onlardan biri kəndin şərqində, ikisi isə erməni mövqelərinin yaxınlığında yerləşir və buna görə də becərilmir.
“Gündüz sahəni sulaya bilmirik. Qalır gecə çıxmaq… Əlbəttə, bunlar təhlükəli şeylərdir. Amma hara gedək, bura əcdadlarımızın torpaqlarıdır”, - Quliyev deyib.
Onun sözlərinə görə, kənddə 4 metrlik bir maneə divarı qurulmasına baxmayaraq, qarşı tərəf yüksəklikdən atəş açarkən, güllələr evlərin damlarına və pəncərələrinə dəyir.
Quliyev qeyd edib ki, 2016-cı ilin aprelində baş verən döyüşlərdə, kənddəki 100 evdən təxminən yarısı zədələnib və təxminən onu məhv edilib.
“Amma bütün evlər dövlətin köməyi ilə yenidən tikilib. Davamlı atışmalara baxmayaraq, heç kim kəndi tərk etmədi”, - Quliyev deyib.
Seçkilərdən sonra tərəflər məsələni sülh yolu ilə tənzimləmək işinə girişə bilərlər.
Azərbaycan Milli Avropaya İnteqrasiya İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı hesab edir ki, Azərbaycan və Ermənistanda prezident seçkiləri və yeni hökumətlərin formalaşdırılmasından sonra danışıqlar prosesi yenidən başlaya və danışıqlarda irəliləyiş üçün yenidən imkan yarana bilər.
Başlanğıcda Azərbaycanda prezident seçkiləri oktyabrın 17-də planlaşdırılırdı, lakin 5 fevralda İlham Əliyev seçki gününü aprelin 11-ə təyin etdi. Bir çox müxalifət partiyası və hərəkatı seçkilərə qatılmaqdan imtina edib. MSK Azərbaycanın prezidentliyinə səkkiz namizəd qeydə alıb.
“Şübhə yoxdur ki, İlham Əliyev yenidən prezident seçiləcək, Serj Sarkisyan isə hökumətə başçılıq edərək siyasi sistemin gələcəyində əsas rol oynayacaq. Daxili məsələləri həll edərək, gələcək seçki dövrü üçün səlahiyyətlərini legitimləşdirərək, onlar münaqişənin sülh yolu ilə tənzimlənməsilə məşğul ola bilərlər. Buna alternativ isə silah yarışı və daha böyük bir müharibə riski olacaq”, - deyə ekspert bildirir.
Yerli sakinlər bildirirlər ki, Cocuq Mərcanlı kəndi müharibədən sonra daha gözəl olub.
2016-cı ilin aprel müharibəsindən və Azərbaycan ordusunun Lələtəpə yüksəkliyini almasından sonra Qarabağın cənubundakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qaytarılması mümkün olub.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən “Kavkazskiy Uzel”in müxbirinə məlumat verilib ki, artıq 50 ailə kəndə qayıdıb.
“Birinci mərhələdə minalar təmizlənib, yol salınıb, 50 ev tikilib, tibb mərkəzi, məktəb, yemək emalı zavodu açılıb. İlk 50 ailə geri döndü. Artıq 100 evin inşası başa çatıb və tezliklə onlar da kəndlilərə veriləcək”, - deyə rayon administrasiyasının əməkdaşı bildirib.
Cocuq Mərcanlı kənd sakini Şahin Hüseynov "Kavkazskiy Uzel" müxbirinə bildirib ki, kəndə ötən ilin yayında qayıdıb:
“Ailəmiz 1993-cü ildən Bakının Biləcəri qəsəbəsində məskunlaşmışdı. Biz doğma kəndimizə qayıtmağı səbrsizliklə gözləyirdik. Ailəmiz beş nəfərdən ibarətdir. Bizə üçotaqlı ev, əkinçilik üçün kəndin yaxınlığında torpaq sahəsi verildi. Heyvandarlığın inkişafı üçün də şərtlər yaradılıb. Biz artıq süd, satış üçün ət istehsal edirik , buğda əkirik”, - deyə Hüseynov bildirib.
Kənd rəhbərliyi sözçüsü Oqtay Həziyev Cocuq Mərcanlının inkişafı barədə "Kavkazskiy Uzel" müxbirinə məlumat verib.
“İnsanlar geri qayıdır. Artıq 50 ailə geri qayıdıb. Tezliklə daha 100 ev təhvil veriləcək. Kənd müharibədən əvvəlki vaxtla müqayisədə daha gözəl olub. Çünki tikinti kompleks şəkildə aparılıb. Sakinlər artıq taxıl yetişdirmək, mal-qaraya baxmaqla məşğuldurlar. Yem istehsalı üçün müəssisə açılıb. İqtisadiyyat Nazirliyi tezliklə suvenir istehsal etmək üçün bir müəssisə açacaq. Yaxın gələcəkdə tərəvəz yetişdirmək üçün 15 istixana istifadəyə veriləcək, meyvə ağacları əkiləcək. Arıçılar Birliyi 50 pətək verəcəyini vəd edib”, - Həziyev deyib.
Bir atışma olub-olmadığını soruşduqda, bu istiqamətdə hər şeyin "tamamilə sakit" olduğunu söyləyib.
“Bizi hərbçilərimizin yerləşdiyi Lələtəpə yüksəkliyi qoruyur”, - Həziyev bildirib.
Azərbaycan Müdafiə Nazirliyində Qarabağ münaqişəsi zonasında baş verə biləcək hər hansı bir gərginliklə bağlı şərh almaq mümkün olmayıb, lakin əvvəllər müdafiə nazirinin müavini Kərim Vəliyev qeyd etmişdi ki, Bakı öz ərazi bütövlüyünü bərpa etmək üçün güc istifadəsini istisna etmir.
“Həqiqətən aprel döyüşləri göstərdi ki, bu münaqişənin həlli mümkündür və Azərbaycan xalqının öz torpaqlarını azad etməsi üçün qətiyyətini heç bir şey aradan qaldıra bilməyəcək. Sadəcə olaraq Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır və bunun mümkünlüyünə inanır. Ancaq məsələ sülh yolu ilə həll olunmasa, əlbəttə ki, Azərbaycan ərazi bütövlüyünü bütün vasitələrlə təmin etmək hüququndan istifadə edəcək”, - Vəliyev bildirir. (haqqin.az)
“Kavkazskiy Uzel” Qarabağ konflikti ilə bağlı xəbərləri “Qarabağ: sülh, yoxsa müharibə” tematik səhifəsində yerləşdirir. “Kavkazskiy Uzel” həmçinin “Qarabağ: 4-günlük müharibədən iki il sonra” tədqiqatı çap olunub.