Arannews-Azərbaycanda 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərinə dair vətəndaş cəmiyyətinin qiymətləndirmə sənədi yayılıb. Sənəddə qeyd olunur ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezidentə məxsusluğu formal olaraq leqal akt kimi görünsə də, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir.Sənədə görə, növbədənkənar prezident seçkiləri insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013 prezident seckilərindən sonra yaranmış siyasi gərginlik, basqılar dövrünün davamına təsadüf edir. Ötən prezident seçkilərindən sonra ölkədə siyasi hüquqlar və onların fəaliyyət mühiti ciddi şəkildə məhdudlaşdırılıb, siyasi opponentlərə, müstəqil media və qeyri-hökumət təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiqlər daha da gücləndirilib. Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun yaydığı son hesabatda 142 nəfər şəxsin adı yer alıb.
“Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakının yarımqapalı “Məhsul” stadionunda müxalif qurumların (Milli Şura və Musavat Partiyası) toplantılarına icazə verilib. Bu toplantılara qatılmaq istəyənlər çox zaman süni maneələrlə qarşılaşıb, polis nümayişkaranə şəkildə gələnləri videolentə alıb və sonra həmin görüntülər əsasında iştirakçılar həm özləri, həm də ailə üzvləri müxtəlif təzyiqlərlə üzləşiblər. Toplantıları önləmək üçün fəalların müxtəlif bəhanələrlə inzibati həbsi kimi praktika da uzun illərdir geniş yayılıb” – sənəddə vurğulanır.
Ölkənin ictimai-siyasi həyatında fəal olan 14 nəfərin imzaladığı sənəddə vurğulanır ki, uzun illərdir müstəqil vətəndaş cəmiyyəti qurumlarına sistemli basqıların 2014-cü ildən sonra daha da güclənməsi QHT sektorunu iflic edib.
Müstəqil QHT-lərə qarşı və onlarla əməkdaşlıq edən bəzi beynəlxalq təşkilatlara qarşı 2014-cü ildə açılmış cinayət işi hələ də qüvvədədir. Bu cinayət işi ilə bağlı 2017-ci ildə də həbslər baş verib. Ölkənin tanınmış vətəndaş cəmiyyəti təmsilçilərinin - vəkillərin, jurnalistlərin, ictimai və siyasi fəalların ölkədən çıxışına qadağa qoyulub, bəzilərinin bank hesabları hələ də həbsdədir. Xarici donorların (Qərb mənşəli) ölkədə fəaliyyəti də demək olar ki, qadağan edilib. Bu təşkilatların dəstək verdiyi layihələri (qrant müqavilələrini) səlahiyyətli dövlət qurumları qeydiyyata almaqdan imtina edir.
MSK-nın məlumatına görə ölkə üzrə vahid seçicilər siyahısına 5192063 seçici daxil edilib. Ancaq bu rəqəm Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Həmin qurumun verdiyi məlumata gorə, əhalinin 7.1 milyon nəfərinin yaşı 18-dən yuxarıdır. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə ciddi fərq ortaya cıxır. Sənəddə qeyd olunur ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının (SMM) narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər.
Sənəddə seçkiöncəsi vəziyyət siyasi, hüquqi konteksdə təhlil olunub, ictimai mühit araşdırılıb. İnternetə qoyulmuş senzuradan, müxalif mətbuat qurumlarına, jurnalistlərə, blogerlərə, habelə sosial şəbəkə fəallarına basqılardan, vətəndaş cəmiyyətinin üzləşdiyi huquqi məhdudiyyətlərdən, həmçinin ATƏT/DTİHB SMM-in ilk aralıq hesabatından, beynəlxalq müşahidəçilərin fikirlərindən söz açılıb.
Sənədlə tam şəkildə bu linkə daxil olmaqla tanış ola bilərsiz.