Tarix : 2018 Apr 17
Kod 54986

Polis İsrail səfirliyində təhqir olunan Eynulla Fətullayevə: "Onlarla hətta nazirlərimiz belə danışmır"

"Rədd ol! Bura İsraildir" - Eynulla Fətullayev Bakıda İsrail səfirliyində başına gələnləri qələmə alıb...
Arannews-Yəhudiləri bütün dövrlərdə və əsrlərdə təqib ediblər. Və diskriminasiya bu milləti vahid yumruqda birləşdirib. Bu yumruq bu gün kimin üçün haqsız gücü, kimin üçün qüdrətli müdafiəni və daha kimlər üçün isə dönməz cəzanı təcəssüm etdirir. Amma dünyanın çox ölkələrində İsrail səfirliyinin əməkdaşlarının davranışı, Bakıda olduğu kimi, çoxdandır ki, dillərdə dastan olub. Kobudluq və şər haqqında xoşagəlməz dastan. Mən viza üçün dünyanın çox səfirliklərinə müraciət etmişəm - jurnalist taleyi bizi arzu etdiyimiz və etmədiyimiz daha haralara atmır ki?! Amma o şeyləri ki, mən Bakıda-İsrail səfirliyinin kəndarında gördüm, nə diplomatik etiket çərçivəsinə, nə də elementar abır-həyaya, uşaqlıqdan öyrədilən adi ədəbə, insan tərbiyəsinə sığır. İndi həmin xoşagəlməz mənzərəni təsvir etməyə çalışacağam.

Viza üçün İsrail konsulluğuna zəng edirəm. Bir neçə gün, mütəmadi zəng edirəm. Heç kim telefonlara cavab vermir. Nəhayət, turfirmalardakı dostlara müraciət edirəm. Ehtiyatla tövsiyə edirlər: “Səfirliyə getməməyinizi məsləhət bilirəm. Peşman olacaqsınız... Bizə 280 manat ödəyin və biz hər şeyi həll edərik; sadəcə gedib pasportunuzu götürərsiniz”. Təəccübümü gizlədə bilmirəm: “Niyə belə baha? Axı bu sadə məsələdir?” Tanışım istehzalı təbəssümlə deyir: “Gedin, özünüz baxın, ancaq xəbərdarlıq edirəm, peşman olacaqsınız””.“Seçilmişlər”in səfirliyində qəribə macəraların uzun intizarı ilə, xeyli müddətdən bəri Azərbaycana dost ölkənin ağ-mavi bayrağının dalğalandığı Bakıdakı “Hyatt” otelə yollanıram. Avtomobilimi park etmək istəyirəm.

“Burada avtomobil saxlamaq olmaz!”, - deyə otelin mühafizə xidmətinin əməkdaşı qəzəbli şəkildə elan edir.

“Niyə orada olar, burada isə yox”, - deyə sülhsevər şəkildə soruşuram və ilk xəbərdarlığımı da alıram: “Bura İsrail səfirliyidir”, - deyə mühafizəçi az qala heca-heca bildirir.

“Olsun da?! Bax orada, yaxınlıqda, “Baksovet”də də İran səfirliyi var? Hə, nə olsun ki?!”

Mühafizəçi təkəbbürlə gülümsəyir: “Sən məgər İranla İsrailin fərqini bilmirsən?”

Xeyr, anlamıram. Təsəvvür edin anlamıram və anlamaq da istəmirəm, çünki ümumiyyətlə mən Azərbaycan ərazisindəyəm - suveren və özünü təmin edən dövlətin. Mübahisə eləmək və səhər tezdən əhvalımı korlamaq istəmirəm. Avtomobilimi demək olar ki, İran səfirliyinin yaxınlığında saxlayıram ki, İsrail səfirliyinə gedim. Piyada!

Növbəyə dururam. Otelə girişdə dayanan iri bədəni və qəzəbli səsi olan 3 mühafizəçi hər birimizi içəri dəvət edir. Mənim növbəm çatır. Yaxınlaşıram. Və burada aramızda misilsiz bir dialoq alınır. Mən belə bir şeylə müstəqilliyimizdən bəri üzləşməmişəm… Hətta bəzən mənə ədəbsiz görünən polis və yol polisləri ilə belə…

- Salam! - deyə qulağında və ağzında mikrofon olan mühafizəçini salamlayıram.

- Imııı… - nəsə anlaşılmaz bir səs gəlir. - Pasportunu ver.

- Buyurun.

- Əllərini cibindən çıxar - komanda verirmiş kimi mühafizəçi bağırır.

- Anlamadım, nə?

- Sən karsan? - deyə insana bənzər rəsmi əməkdaş cavab verir.

- Mən kar deyiləm. Sən isə ədəbsizsən!

- Sən kimə deyirsən?

- Sənə!

- Rədd ol burdan… Bura İsrailin ərazisidir, - deyə kvadrata bənzəyən bədəni ilə bişməmiş kərpicə oxşayan şəxs deyir.

- Ümumiyyətlə, bura Azərbaycan ərazisidir! Özün rədd ol! – deyə mən emosiyalarımı güclə boğaraq cavab verirəm.

Bu zaman polis yanıma qaçır, narahat, demək olar ki, yalvarışlı səslə deyir: “Axı bu, İs-raaa-iiiill səfirliyidr. Onlarla belə eləmək olmaz!”

- Bəs necə lazımdır? Belimi büküm? Salto edim? Niderlandakı kimi dilimi uzadım? Onlarla necə lazımdır?

Polis yerində donub qalır. Yenidən növbəmə qayıdıram. Gözləyirəm. Yarım saat keçir. Polis yenidən mənə yaxınlaşır: “Onlarla hətta nazirlərimiz belə danışmır. Başqa səfirliklərlə dəyişik salma...”

Daha yarım saat keçir. Artıq 4-cü siqaretmi çəkirəm. Otelin girişində daha bir kərpicbədənli keçəl görünür. Onun qulağında mikrofon görünür. Barmağı ilə məni çağırır. Yaxınlaşıram.

- Siz bizim əməkdaşımızla necə danışıbsız?

- Normal şəkildə. Mənə əlimi cibimə salmamağı əmr edir. Ümumiyyətlə, mən həbsxanada və hətta hərbi xidmətdə də deyiləm. Bu nə tondur?

- Siz burada bizim qanun və tələblərimizə riayət etməlisiniz.

- Axı siz mənim üzərində axtarış aparmamısınız. Mən ancaq sənədlərimi təqdim etmişəm.

- Qısası, sən viza almaq istəyirsən? Sus və sənə deyiləni et. Anladın?

- Sən harda tərbiyə alıbsan, “çudo-yudo” (rus mifologiyasında dəniz yırtıcısı - red.)?

- Sən kimə deyirsən? Mən səfirliyin təhlükəsizlik xidmətinin rəisiyəm.

- Tüpürüm kimliyinə!

Çevrilirəm və gedirəm. Yenə girişdə dururam. Polis dəhşətli təəccüb içində və özünü itirmiş halda, susqun şəkildə baş verənləri izləyir. Bir saat keçir. Altıncı siqaretimi çəkirəm.

Heç kim yoxdur. İsrailə, yaxşı tanıdığım və həmkarım olan keçmiş səfir İosif Şaqala zəng edirəm. Ölkəsinin qapısının ağzında üzləşdiyim rüsvayçılığı anladıram: “Doğurdanmı sizdə heç kəs anlamır ki, səfirlik - ölkənin vizit kartıdır. Və qonaq olduğun ölkədə belə etmək olmaz. İranlılar özlərini belə aparmırlar. Heç kim özünü belə aparmır”.

Sabiq səfir heç təəccüblənmir də. O gülür və bütün dünya səfirliklərində rəsmiyyətçilərin ənənəvi davranışı olduğunu deyərək, məni sakitləşdirməyə çalışır.

Digər tanışlarıma zəng edirəm. Onlar da təəccüblənmirlər. Məlum olur ki, hətta İsraildə - mağazanın girişində, oteldə, aeroportlarda xidmətləri belə aparırlar... Çünki bu, «seçilmiş» ölkədir! Mən bu izahı qəbul etmirəm. Və İsrailə getmək həvəsim tamamilə itir.

Yaxşı budur ki, Tehrana gedim. Qədim fars mədəniyyəti və dini ənənə ədəbsizliyi və zorakılığı qadağan edir. Ən azı ictimai və nümayişkaranə surətdə... 

Eynulla Fətullayev

 


  • Yazılıb
  • da (də) 2018 Apr 17
  • Göndərən مدير سايت Aran News