Tarix : 2018 Apr 20
Kod 55002

''Ermənistanda qeyri-zorakı, məxməri, xalq inqilabı başlanıb''

Ermənistanda müxalifət lideri Nikol Paşinyan əsas hökumət binalarının gündəlik “blokada”da saxlanacağını deyir. Paşinyan aprelin 17-də axşam şəhərin mərkəzindəki “Respublika Meydanı”na toplanmış minlərlə etirazçıya “Ermənistanda qeyri-zorakı, məxməri, xalq inqilabı başlanıb”, - deyib.
Arannews:meydan.ty-O, tərəfdarlarından küçələrdə gecələməyi dayandırmağı xahiş edib. Onları aprelin 18-də yenidən meydana səsləyib.

Nümayişçilər əllərində Ermənistanın bayraqlarını tutub, “Serjsiz Ermənistan” şüarını səsləndiriblər. Paşinyan yürüşdə “Sarkisyanın legitimliyi yoxdur, ermənilərin nifrətini qazanıb”, - deyə bildirib.

Yerli media Gümrü və Vanadzorda da etirazların keçirildiyini yazır.

Parlament Sarkisyanın baş nazir olmasına 76-17 səs çoxluğuyla səs verib. Cəmi səkkiz gün öncə o, prezident vəzifəsindən gedib, özünün seçdiyi varisi – Armen Sarkisyan parlament tərəfindən yeddi illiyə həmin vəzifəyə seçilib.

Aprelin 17-də polisin Yerevanda azı 80 fəalı saxladığı bildirilir. Prezident Sarkisyan iğtişaşlarla bağlı elə həmin gün xəbərdarlıqla çıxış edib.

“Ermənistan Respublikasının hər bir vətəndaşının səsi ölkədən ötrü vacibdir. Ancaq öz qətiyyətlərinin azad ifadəsi prosesi zamanı zorakılıq, qanunsuz hərəkətlər, digər vətəndaşların hüquqlarının məhdudlaşdırılması çıxdaş olunmalıdır”, – bəyanatda deyilir.

Xəbərdarlığa baxmayaraq, yüzlərlə etirazçı aprelin 17-də Yerevanın mərkəzində küçələri bağlayıb. Parlamentə gedən yolu bağlayan polislə toqquşmalar olub.

“Human Rights Watch” insan haqları təşkilatı Ermənistan hakimiyyətini nümayişçilərə qarşı gücdən istifadədən çəkinməyə çağırıb. Qurum yada salır ki, son illər polis Yerevanda dinc yürüşləri dağıtmaqdan ötrü dəfələrlə zorakılığa əl atıb.

“Polisin istənilən reaksiyası mütənasib olmalı, BMT standartlarına uyğun gəlməlidir. Ermənistan polisinin ənənəvi pis təcrübələrindən əl çəkməsi üçün heç vaxt gec deyil”, – qurumun bəyanatında deyilir.

Rusiya prezidenti Vladimir Putin aprelin 17-də Sarkisyana şəxsən zəng edərək onu təbrik edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, “Vladimir Putin Serj Sarkisyanı Ermənistan hökumətinin başçısı seçilməsi münasibətilə səmimi təbrik edib, ona bu yüksək vəzifədə uğurlar arzulayıb”.

2015-ci ilin dekabrında Ermənistanda konstitusiyaya edilən dəyişikliklərlə prezidentin səlahiyyəti məhdudlaşdırılıb, baş nazirinki isə gücləndirilib.


  • Yazılıb
  • da (də) 2018 Apr 20
  • Göndərən مدير سايت Aran News