23 apreldə Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin şikayəti ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Arannews-Rakurs TV-nin məlumatına görə, aprelin 23-ü keçirilən prosesdə T.Bağırzadə özü də iştirak edib.
Prosesin əvvəlində ilahiyyatçının vəkili Fariz Namazlı bir sıra vəsatət qaldırıb. O, ekspertin məhkəmədə dindirilməsini, Konstitusiya məhkəməsinə sorğu göndərilməsini istəyib. Bildirib ki, T.Bağırzadənin işində rəy verən ekspert heç bir əsas olmadan mini yaddaş kartlarını radioelektron cihazların elementlərinə daxil edib. Həmin ekspertiza rəyinə görə də T.Bağırzadəyə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsin qadağan olunmuş əşya əldə etməsi, daşınması, istifadəsi) maddəsi ilə ittiham hökmü çıxarılıb. Vəkil “radioelekron cihazlar və onların elementləri”nin əhatə dairəsinə hansı cihazların daxil olduğunu müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.
Tale Bağırzadə isə ona edilən ittihamlar siyasi motivli olduğunu bildirib.
"Amerikanın səsi" isə bildirir ki, vəkil Fariz Namazlı apellyasiya şikayətinin dəlilləriylə çıxış edib. Bildirib ki, həmin yaddaş kartları qanunla qadağan olunmuş əşyalar deyil: “Cəzaçəkmə müəssisələrində məhkumların əksəriyyətində bu yaddaş kartlarından olur. Bu məsələyə görə yalnız Taleh Bağırov haqqında cinayət işi başlanması ona qarşı qərəzdən xəbər verir. Həmin kartlarda həm də Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi haqda məlumatlar olub. Hesab edirik ki, cinayət işi başlanmasının səbəblərindən biri də budur. Ümumilikdə isə o kartlarda heç bir qanunazidd informasiya olmayıb”.
Daha sonra Tale Bağırzadə özü çıxış edib. Bildirib ki, bu cür saxta cinayət işləri və bənzər üsullarla onu susduracaqlarını düşünənlər yanılırlar: “Məni Qobustan həbsxanasına saldılar, nə oldu? Mən susdummu? Qobustan artıq mənim üçün tribunaya çevrilib. Mən öz fikirlərimi onsuz da deyirəm”.
Vəkili kimi, Tale Bağırzadə da deyir ki, başqa məhkumlarda da həmin yaddaş kartlarından olur. Buna görə onun haqqında cinayət işi başlanması isə hakimiyyətin ona münasibətindən irəli gəlir.
Tale Bağırzadə çıxışında rəhbərlik etdiyi "Müsəlman Birliyi" Hərəkatının həbsdə olmayan üzvlərinə qarşı təqib və təhdidlərin olduğunu söyləyib.
Sonda isə ilahiyyatçı məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını istəyib.
Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra şikayətin təmin olunmadığını, Qaradağ Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.
Vəkil Fariz Namazlı "AzadlıqRadiosu"na bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.