Tarix : 2018 May 03
Kod 55140

Cəmiyyət sizə qarşı bu kimi çirkin silahlara əl atsa nə edəcəksiz

Cəmiyyət sizə qarşı həmin çirkin silaha əl atsa nə edəcəksiniz
Arannews:nur-az.com-İlham Əliyev bir neçə gün bundan öncə andiçmə mərasimində Qurana əl basıb and içdi. And içəndən sonra mətbuatda sərt tənqidlərə tuş gəldi. İnsanlar haqlı olaraq xatırlatdılar ki, bundan əvvəlki səhvlər, xətalar və günahlardan ötrü tövbə etməmiş necə and içmək olar? Bununla belə insanların, ələlxüsus dindar cameənin gözləntisi bu idi ki, bəlkə bundan sonra ölkədə vəziyyət hərtərəfli qaydasına düşsün. And içdikdən sonra isə İlham Əliyevin ilk fəaliyyəti Azərbaycanda inşa edilmiş məscidin açılışına getmək oldu. Təbii ki, bu kimi hallarda insanın ağlına gələn ilk şey bu olur ki, dövlətlə din münasibətləri normallaşır. Bu hadisədən çox keçmədən növbəti bir mənəviyyat, inanc daşıyıcısının şərlənərək həbs edildiyi xəbəri yayıldı. Ortada paradoks əmələ gəlib. Qurana əl basıb and içən, məscid inşa edib açılışında iştirak edən bir insanın rəhbərlik etdiyi ölkənin Quran oxuyan, Quran daşıyan, məsciddə namaz qılan vətəndaşı nə üçün şərlənərək həbs edilməlidir? Özü də narkotiklə. Əvvəllər də bu cür hallar baş verirdi. Biz başqa vaxt inkişafdan danışırıq. Amma dövləti gözdən salan bəzi dairələrin ağlı hələ də inkişaf etməyib. Əvvəllər də şərləmək istədikləri insanların cibinə narkotik maddə atırdılar. Bu yalana heç özləri də inanmadıqları halda xalqı inandırmağa çalışırdılar. İndiki zamanda da bu cür arxaik şərləmək hadisəsi onların gündəmindədir. Bu ölkədə adi bir insanın üzərindən narkotikanın aşkarlanaraq tutulması xəbəri eşidiləndə insan inanmır. Bu insan hansısa pak, əqidəli, mənəviyyat adamıdırsa buna heç kim inanmaz. 
Son zamanlar bu insanların əl atdıqları çirkin silahlardan, iyrənc fəndlərdən biri budur ki, siyasi baxışlarına görə təqib etdikləri insanları, onlara müxalif olanları qohum-əqrəbaları ilə hədələyirlər. Kişi kimi bir mübarizə üslubunu kənara qoyub öz rəqiblərini onların yaxınlarını polis bölməsinə aparmaqla hədələyir, bölmədə onlara işgəncələr verirlər. İş o yerə çatıdr ki, məcbur edirlər bu insanlar öz müxalif fikirli qohumundan imtina etsin. 
Burada bu iyrənc hərəkətlərə yol verən insanlara səslənirik. Bu hərəkətlərinizə son qoyun. Bir anlıq düşünün. Bu iş cəmiyyət tərəfindən sizin başınıza gətirilsə nə edəcəksiniz. Bu xalqı, uşaqları, gələcək nəsilləri bu cür tərbiyə etmək olmaz. Qəzzafinin aqibətindən ibrət alın. Diktatura zülmü altında tərbiyə etdiyi gəncliyin şapalaqlarından gəbərib öldü. Etdiyiniz işlər bir gün özünüzə qayıdacaq. Necə ki qayıdır. Bu xalqı saymayıb onun dərdlərini eşitmədiniz, halına yanmadınız. Qəbul edib problemlərini dinləmədiniz. Xalq da sizi saymayıb seçkilərinizi boykot etdi. Məcbur qalıb karusel əməliyyatlarına əl atdınız, seçkiləri saxtakarlıqla keçirdiniz. Müxalifəti yox etmək istədiniz, onunla dialoqa, tərəfdaşlığa razı olmadınız, onun tərəfindən boykot edilib dünyada rüsvay oldunuz. Məcbur qalıb öz yaltaqlarınızdan ibarət müxalifət düzəltdiniz. Uzun illər satılmış insanlar vasitəsiylə müxalifət liderlərini söydürdünüz, pis-pis söyüşləri Hafiz Hacıyevin, Əhəd Abıyevin, Hüseynbala Mirələmovun, öz yetişdirdiyiniz tərbiyəsiz gənclərin vasitəsiylə müxalifət liderlərini alçaltmağa çalışdınız. Bu gün həmin söyüşlər avropa ölkələrində yaşayan gənc mühacirlər tərəfindən özünüzə yapışır. Üstəlik siz artıq buna dövlət səviyyəsində reaksiya verməyə başlamısınız. Bu çirkin hərəkərləriniz də bir gün özünüzə qayıdacaq. Bir gün sizin də qohumlarınıza etdiyiniz əməllər ediləcəkdir. Cəmiyyət sizə qarşı həmin çirkin silaha əl atsa nə edəcəksiniz? Sizin də qohum-əqrəbanızdan sizin metodunuza uyğun şəkildə sizdən intiqam almaq üçün istifadə edilsə xoşunuza gələrmi? Bu çox ciddi məsələdir. Bu barədə düşünün. Təcrübələr göstərir ki, etdikləriniz özünüzə qayıdır. Nəticə çıxarın. Sonra gec olacaq və bunun qarşısını ala bilməyəcəksiniz. Cəmiyyətdə bu iyrənc əməlləri yaymaqdan çəkinin. Bu mübarizə kişi (mərd) mübarizəsi deyil, qorxaqların, namərdlərin, xayinlərin tərzidir.

  • Yazılıb
  • da (də) 2018 May 03
  • Göndərən مدير سايت Aran News