Qapadılan “Azadlıq” qəzetinin redaksiyasında indi təkcə bir jurnalist – Təzəxan Mirələmli fəaliyyət göstərir.
Arannews-Qəzet nəşr olunanda buradakı stolların hər birində adam otururdu. Həmin vaxt bütün nəşriyyatın işıqları sönəndə də, “Azadlıq”ın işığı yanırdı. İndi isə nəinki “Azadlıq”ın, bütün ölkə mətbuatının işığı sönmək üzrədir”- jurnalist Təzəxan Mirələmli deyir.Dünya bu gün 3 may Mətbuat və Söz Azadlığı Gününü qeyd edir. 25 ildir senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, mediaya təzyiq edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.
"Azərbaycanda isə həqiqəti axtarmaq, qaranlıqda iynə aramağa bənzəyir" - deyən jurnalist müşahidələrini bölüşür.
“Küçədə hər hansı bir qanunsuzluq baş verərsə, polis ora gəlmir. Ancaq bir əlində kamera küçədə görünürsə, kimisə danışdırırsa, dərhal yanında ya mülki geyimli, ya da polis peyda olur”, - Təzəxan Mirələmli danışır.
Son 5 ildə Azərbaycan media azadlığı indeksinə görə, 156-cı yerdən geriliyərək, 163-də qərar tutub - Qafqazda ən sonuncu. 2014-cü ildə Azadlıq Radiosunun Bakı ofisi qapadılıb. “Azadlıq” qəzeti və Meydan TV ilə bağlı açılmış cinayət işlərində onlarla jurnalist dindirilib.Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupunun yaydığı siyahıya görə, hazırda 10 jurnalist və bloger həbsdədir. Onlar beynəlxalq təşkilatların siyasi məhbus siyahısıdadırlar. 15-dən çox jurnalistin ölkədən çıxışına rəsmi qadağa qoyulub. Ötən il Azadlıq Radiosu, “Turan TV” və bir neçə müstəqil sayt rəsmi şəkildə bloklandı. Bundan 1 il sonra İlham Əliyev Davos İqtisadi Forumda çıxışında internetin və mətbuatın azad olduğunu deyib.Qapadılma təhlükəsi, təzyiqlər bu ofisdən də yan keçməyib. Bura ofisi olan yeganə müstəqil media - “Turan” İnformasiya agentliyidir. Ancaq informasiya onlar üçün də əlçatan deyil.“Dövlət orqanları getdikcə mətbuata qapanırlar. Onlar o informasiyanı verirlər ki, özləri lazım bilirlər. Azərbaycanda rəsmilər jurnalistlərin təqib olunmasına bəraət qazandırmaq istəyirlər. Ən təhlükəlisi də budur. Çünkü bu mediaya qarşı yeni təzyiqlərə, hücumlara rəvac verir”-jurnalist Fərid Arifoğlu deyir.Ölkə başçısı İlham Əliyevsə deyilənləri qəbul etmir:
“Azərbaycanda internet və mətbuat azaddır”
Bəs vətəndaşlar ölkə başçısı ilə həmfikirdimi?
Sorğuya verilən cavablardan biri: “Azərbaycanda söz azadlığı var? Bir söz danışsan, əlli-ayaqlı gedərsən. Ona görə də deyirlər ki, palaza bürün, ellə sürün. İndi hamımız beləyik. Başımızı salmışıq aşağı ki, bir parça çörək qazanıb aparaq, balalar acından ölməsin”.
Nə redaksiyanın tənha işçisi Təzəxan Mirələmli, nə də agentliyin əməkdaşı Fərid Arifoğlu jurnalistikanın sabahından ümidlidir. Mətbuatın üzünə günəş doğacaq, ya zil qaranlığa qərq olacaq? Deyəsən, jurnalistlər üçün bunun çox da önəmi yoxdur. Onlar ağır şərtlər altında da fəaliyyətlərini davam etdirirlər.