Çeçen silahlıları təhlükəsizlik qüvvələrini yaxınlıqdakı meşə massivindən atəşə tutublar
Russia Servisi/Aran Agentliyi
Çeçenistanın Vedeno rayonunda milis əməkdaşları ilə çeçen silahlıları arasında atışma olub. Atışma nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb, 4 nəfər isə yaralanıb. «İnterfaks» agentliyinin məlumatına görə, qarşıdurmada 2 çeçen silahlısı da məhv edilib.
Şimali Qafqazdakı qoşunların vahid qruplaşması qərargahından hadisənin milis əməkdaşlarının Darqo yaşayış məntəqəsində əməliyyat-axtarış tədbirləri həyata keçirərkən baş verməsi haqda məlumat verilib. Çeçen silahlıları təhlükəsizlik qüvvələrini yaxınlıqdakı meşə massivindən atəşə tutublar. Məhv edilmiş silahlılardan birinin səhra komandiri Mantsiqovun dəstəsinin üzvü olan yerli sakin olduğu məlum olub.
Hazırda milis əməkdaşları, hadisə yerindən uzaqlaşaraq Vedeno rayonunun dağlıq hissəsindəki çətin keçilən meşə massivində gizlənmiş silahlıların axtarışı ilə məşğuldur. Əraziyə əlavə qüvvələr cəlb edilib.