Tarix : 2018 May 14
Kod 55258

Paşinyanın Qarabağ bəyanatları qeyri-ciddidir - Malaşenko

Nikol Paşinyanın hələlik Qarabağla bağlı nə edəcəyini söyləmək çətindir.

Arannews-Musavat.az axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Baku” saytına müsahibəsində rusiyalı politoloq Aleksey Malaşenko deyib. Onun sözlərinə görə, Paşinyanın Qarabağ məsələsində iki problemi var:

“Birincisi, onun bu konfliktə münasibətini necə nümayiş etdirəcəyidir. Yeni baş nazir yeni situasiya deməkdir. Sözsüz ki, Qarabağ aksenti erməni elitasında hər zaman vacib məsələ olub. Paşinyanın Qarabağ məsələsini necə idarə edəcəyini söyləmək hələ tezdir.

Hazırda bu problemə toxunmaq onun üçün sərfəli deyil, ona görə ki, Paşinyan hələ heç nəyi həll etmir. O, ilk növbədə Ermənistanın daxili problemlərinin – əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi problemlərinin həlli ilə məşğul olmalıdır. Əgər o bu problemlərdə uğur əldə etsə, Qarabağla bağlı hansısa kurs formalaşdıracaq.

İndiki zamanda Qarabağ məsələsində heç bir böyük dəyişiklik gözləməyə dəyməz. Qarabağ rejiminin danışıqlara üçüncü tərəf kimi cəlbi məsələsi bundan öncə də səsləndirilib. Bu, Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, tamamilə dəyişməz mövqedir. Ona görə ki, hökumətdə bu bəyanatlar gözlənilir. Qarabağ və Ermənistanın birləşdirilməsiylə bağlı Paşinyanın verdiyi bəyanatlara ciddi yanaşmaq gərək deyil. Bu bəyanatlar heç nəyi dəyişmir. Beynəlxalq ictimaiyyət heç bir Qarabağı tanımayacaq”, – deyə o bildirib.

Malaşenkonun iddiasına görə, Paşinyanın quracağı xarici siyasət çoxyönlü olacaq:

“Paşinyan həm Rusiya, həm Qərb istiqamətində çalışacaq. Aydındır ki, Ermənistan Rusiyadan kənara getməyəcək. Ona görə ki, Rusiyadan kənarda Ermənistanın mövcudluğu çətin olacaq. Düşünmürəm ki, Paşinyan Rusiya ilə xüsusi yaxınlaşma üçün nə isə edəcək, amma onunla münasibətləri də pozmayacaq. Qərblə yaxınlaşma (Fransa və Kaliforniyada böyük erməni diasporu var – red.), maliyyələşmə yolları axtaracaq. Ermənistanın bütün hakimiyyət nümayəndələri Qərbdə hər zaman pul axtarıblar, amma bunu heç də həmişə tapmayıblar”.  musavat.az

  • Yazılıb
  • da (də) 2018 May 14
  • Göndərən مدير سايت Aran News