Tarix : 2018 May 16
Kod 55279

İranda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub - Fotolar

Mayın 14-də Azərbaycanın İrandakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Arannews-Hədəf14.az-ın məlumatına görə, mərasimdə İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian, İran İslam Şurası Məclisinin üzvləri, Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri, ziyalılar, ictimaiyyətin və Tehranda akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb. Səfir bildirib ki, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan edilməsi, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkili 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilib.

 iranda azerbaycan xalq cumhuriyyetinin 100 illiyi qeyd olunub

iranda azerbaycan xalq cumhuriyyetinin 100 illiyi qeyd olunub

iranda azerbaycan xalq cumhuriyyetinin 100 illiyi qeyd olunub

Səfir qeyd edib ki, ötən 100 ildə Azərbaycan xalqı böyük nailiyyətlər əldə edərək bugünkü inkişaf səviyyəsinə yüksəlib. Tarixin inkişaf prosesinin ağır və çətin, lakin şərəfli yollarından keçən Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə 28 May - Respublika Günü kimi qeyd edilir. 

Azərbaycan-İran əlaqələrinə toxuna diplomat deyib ki, bu gün iki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərə çevriliblər. Azərbaycan bu beynəlxalq əhəmiyyətli layihənin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar sərmayə yatırmağa hazırdır. Qeyd olunub ki, Azərbaycan və İran prezidentlərinin son beş ildə 11 dəfə görüşməsi əlaqələrin inkişafının bariz nümunəsidir. Dövlət rəsmiləri 100-dən çox görüş keçirib, ölkələr arasında 50-dən çox sənəd imzalanıb. Azərbaycan-İran münasibətləri ortaq tarixə, mədəniyyətə, xalqların ənənəvi dostluğuna söykənir. Hər iki xalqın adət-ənənələrinin, dininin, mədəniyyətinin oxşar olması qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişafına böyük təkan verir. 

Səfir mərasimə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib. 

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın iqtisadiyyat naziri Məsud Kərbasian Azərbaycan xalqını və prezident İlham Əliyevi təbrik edərək bildirib ki, qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq əsasında qurulması xalqların mənafeyinə uyğundur. O, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

İki ölkə arşındakı müştərək iqtisadi komissiyanın uğurlu fəaliyyətindən danışan nazir qeyd edib ki, nəqliyyat sahəsindəki əməkdaşlıq təkcə İran ilə Azərbaycanın deyil, eləcə də Asiya və Avropa ölkələrinin də iqtisadi inkişafına təkan verəcək. Məsud Kərbasian xüsusi vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona hörmətlə yanaşır. 

Mərasim çıxışlardan sonra mədəni proqramla davam edib. Səfirliyin həyətində quraşdırılan, Azərbaycanın və Bakının görməli yerlərinin fotolarından ibarət guşə və milli geyimli uşaqların xalq rəqslərini ifa etmələri qonaqlara xoş ovqat bəxş edib. Qonaqlara Azərbaycan haqqında fars və ingilis dillərində çap olunmuş kitab, buklet və açıqçalar paylanıb.

  • Yazılıb
  • da (də) 2018 May 16
  • Göndərən مدير سايت Aran News