Tarix : 2018 May 17
Kod 55292

Tale Bağırzadə: "Prezident Aparatından xüsusi göstəriş verilib, bizə təzyiq olunur"

Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə hüquqlarının pozulduğunu deyir. O, bu barədə yaxınları ilə telefon danışığı zamanı məlumat verib.

Arannews-Rakurs TV-nin məlumatına görə, Tale Bağırzadə bunun Prezident Aparatından gələn xüsusi göstəriş əsasında edildiyini bildirib:"Prezident Aparatından xüsusi göstəriş verilib, bizə təzyiq olunur. Telefonla danışmağıma qanunsuz müdaxilələr, dinləmələr, dini ayinlərin icrasına maneələri yaradılır".O, təzyiqlərə son qoyulması ilə bağlı hakimiyyətə çağırış edib:"Bütün bunları nəzərə alıb, çağırış edirəm ki, hakimiyyət bizə qarşı başlatdığı xüsusi düşmənçiliyə son qoysun".İlahiyyatçının həbsxanada hüquqlarının pozulması ilə bağlı məlumat mayın 8-də mətbuatda yayılmışdı. Məlumatda bildirilirdi ki, Tale Bağırzadə hər dəfə telefonla danışmaq istədikdə yanında nəzarətçilərin olmasına etiraz etsə də, onun bu tələbinə məhəl qoyulmayıb. İlahiyyatçı buna görə telefonla danışmaqdan imtina edib. O, həmçinin vəkilinə yalnız əvvəlcədən müəyyənləşdirilmiş bir nömrəyə zəng vurmağa icazə verildiyini və dini ayinləri yerinə yetirməsinə əngəllər yaradıldığını söyləyib.2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan Tale Bağırzadəyə 20 il həbs cəzası verilib. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 90-a yaxın göstərilir). O, ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. İlahiyyatçının sözlərinə görə, həbs olunarkən və ondan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.Bu, onun ilk həbsi deyil. 2011-ci mayın 8-də Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı saxlanılıb və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ilin noyabr ayında azadlığa buraxılıb və 2013-cü il martın 31-də yenidən saxlanılıb. İlhaliyyatçı barəsində 2 il 4 ay həbs cəzası qərarı verilib.

  • Yazılıb
  • da (də) 2018 May 17
  • Göndərən مدير سايت Aran News