“Regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir”.
Arannews-APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır:“Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb:“Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.İlahiyyatçı Elşad Miri Meydan TV-yə deyib ki, bəzi şəxslər mücərrəd ifadə işlədib insanlarda qorxu yaradırlar ki, onlar olmasa, ölkədə hər şeyi məhv edərlər.
“Yaxşı olardı, Allahşükür Paşazadə konkret danışıb həmin qüvvələrin adını çəkərdi. Mücərrəd ifadələr işlətməklə mətbuata nəsə demiş olurlar”.Mühacirətdə yaşayan jurnalist Rauf Mirqədirov xatıradıb ki, Azərbaycanda iki ənənəvi məzhəb var, sünnu və şiə, onların arasında da ideoloji və dini zəmində ciddi qarşıdurma olmayıb.O qeyd edib ki, son dövrlərdə vəhhabilər və digər təriqətlər fəallaşıb, bunların isə xaricdə əlaqələri var.“Eyni zamanda, bir sıra regionlarda, Bakının bəzi kəndlərində İranın təsiri var, Tehran bununla Azərbaycanın xarici siyasətinə təsir göstərmək istəyir. Bunlar hamısı təbiidir, çünki xarici regional və qlobal güclərin əllərində olan vasitələrdən istifadəsində təəccüblü heç nə yoxdur”.
Ancaq Rauf Mirqədirov əsas problemin Azərbaycanın daxilində olduğunu düşünür:“Ölkənin daxilində problem olmasa, dindən təsir vasitəsi kimi istifadə etmək çox çətindir. İslam özü-özlüyündə sosial aktiv dindir, sosial ədalət çox güclüdür. Əgər ölkə daxilində ədalətsizliyin səviyyəsi çox yüksəkdirsə, dindən siyasi mübarizə vasitəsi kimi istifadə etməyə çalışacaqlar. Təəssüflər ki, Azərbaycanda gəlirlərin bölgüsü sıfır səviyyəsindədir, əsas gəlir kiçik qrupun nəzarətindədir, sosial ədalət prinsipinə riayət olunmur. Bu halda dindən təsir vasitəsi kimi istifadə etmək təbiidir”.O qeyd edib ki, bir sıra ölkələrdə, Misirdə, Gürcüstanda, Ermənistanda dini strukturlar, məscidlər və kilsələr dövlət və cəmiyyət arasında müəyyən bir mənəvi hakim rolunda çıxış edirlər, siyasi-sosial ziddiyyətlərin yumşalmasına çalışırlar.“Bu, ondan irəli gəlir ki, mənəviyyatı tənzimləyən institutlardan biri kimi dinin təsir imkanları var və mənəvi mayak rolunda çıxış edir. Amma bunun üçün dinin bir qədər müstəqil və mənəviyyatlı olması vacibdir. Təəssüf ki, Azərbaycanda rəsmi dini strukturar həmişə hakimiyyətin təsirində olduqlarından onların hökumətə və cəmiyyətə təsir imlanlarıçox azdır. Ona görə xarici təhlükəni artır”.ReAL hərəkatının icraçı katibi Natiq Cəfərli məsələ ilə bağlı Facebook sosial şəbəkəsindəki profilində yazıb ki, hansı ölkədə ki, uzun zaman bütün sahələrdə ədalət “öldürülür”, vətəndaşın səsi eşidilmir, sivil, dünyavi müxalif səslər boğulur, rəqabətsizlik hökm sürür, həmin ölkələr xarici və daxili təhlükələrə, o cümlədən də, radikal dini cərəyanlardan gələn təhlükələrə həmişə açıq olur