Tarix : 2018 May 21
Kod 55340

Siyavuşun “Allahının” rizası

Allah rizası odur ki, ölkə dörd-beş məmurun şəxsi mülkü, bir ailənin gəlir mənbəyinə çevrilmir.

Arannews-Bizim hökümətdəki nazirlər, ümumiyyətlə hansısa məmur yaxud deputat qələt edib, başını daşa döyüb Allah rizasından danışanda bir qəribə hiss məni bürüyür. Adamlar bir müsəlman xalqının başına açdıqları qədər oyun açıblar, bütün günü dünyəvilikdən danışırlar, İslamı yaxına buraxmaq istəmirlər, sonra durub Allah rizasından danışırlar. A kişi, gedin öz şeytənətinizdə boğulun, niyə Allah rizası üçün iş görürsünüz? Sizi kim məcbur edir Allah rizası üçün iş görməyə. Məgər başqa vaxt demirsiz ki, dində məcburiyyət yoxdur, indi sizi kim məcbur edir axı Allah rizası üçün iş görəsiniz.


Yadınızdadırsa bir vaxtlar erməni kilsələrinə qaz verən, cibi neftlə oynayan Rövnəq Abdullayev demişdi ki, biz erməni kilsələrinə qaz veririk və bunu Allah rizası üçün edirik. Əslində heç özü ilk baxışdan bu fikirdə deyildi, ANS-in muxbiri Mirşahin onu “yoldan çıxarmışdı.” Mirşahin onunla zarafat edibmiş, məzələnibmiş, o da ciddi hesab edib deyib ki, erməni kilsələrinə Allah rizası üçün qaz veririk. 
Bu adamlar Allah rizasından danışanda görəsən hansı Allahı nəzərdə tuturlar? Bilirəm e Allah birdir, bənzəri, ikincisi yoxdur. Sadəcə bilmək istəyirəm ki, bunların Allahı həqiqətəndə bizim tapındığımız Allahdırmı? Bunların Allahı yerin-göyün yeganə xaliqi olan Allahdırmı? Bunları Allah görəsən doğrudan da varmı? Bunlar Allaha həqiqətən də inanırlarmı? Yoxsa sovetlərdən sonra “Allahsız hökümət” dedikləri bunlar deyil? Axı bizim uşaqlarımız da hətta çox gözəl bilir ki, bu cür insanların Allahı neft, pul, vəzifə, şan-şöhrətdən ibarət olur. 
İndi də Siyavuş Novruzov özünü Allahpərət hiss edərək Allah rizasından danışıb. Əvvəlcə sayıqlamalarına fikir verək: “Mən Milli Məclisin Dini qurumlar və İctimai Birliklər komitəsinin sədriyəm. Buna görə də deyə bilərəm ki, İslamda belə bir qayda var ki, bir insanı Allah yoluna çəkmək üçün öz imkanlarından varını xərcləyə bilərsən. Biz də bunu əsirgəməmişik və Azərbaycanın maraqlarına xərcləmişik” Görünür adam Allah rizası ilə dövlət maraqlarını səhv salıb. Allah rizası Allahın “maraqları” deməkdir, İslamın və müsəlman xalqın xeyrinə bir iş görməkdir, öz şəxsi mülkünüzə çevirdiyiniz, gəlir mənbəyi etdiyiniz, hər gün inək kimi sağdığınız dövlətin yox. Çünki siz Allahın rizasını qazanan olsaydınız ilk növbədə Allah qanunlarından imtina etməz, Quranı ancaq and içmək üçün bir vasitə qərar verməz, Onun buyurduqlarına əməl edərdiniz. İkincisi, ölkədə “Allah” deyən ruhaniləri şərləməz, cibinə narkotika atmaz, müəyyən bəhanələrlə azadlıqdan məhrum etməzdiniz. Bu işləri görəndə nə üçün sizin kimi “Allah rizası üçün iş görənlərin” yadına Allah və Allah rizası düşmür? 
Dövlətə gəldikdə isə bu dövləti məhv eləmisiniz, Azərbaycan dövlət yox bir para ac məmurun, görməmiş, qudurğan deputat və məmurun ailə biznesi halına gəlib. Bu dövlət dövlətdən daha çox görməmiş, haramxor bir ailənin şəxsi mülkü hesab edilir.
Daha sonra öz çirkin niyyəti daha çox ifşa olub. Görün bir neçə sətrlik müsahibəsinin sonunda dedikləri əvvəldə dediklərini (Allah rizası söhbətini) necə alt-üst edir: “Hansısa lobbiçilik işinin görülməsində qəbahət yoxdur. Məsələn, Amerikada lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi qanun var. İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan burada qanunsuzluq yoxdur. Biz də buna uyğun olaraq fəaliyyət göstərmişik”
Deməli əsas məsələ Amerika ilə “ayaqlaşmaqdır”, Allah da Allah rizası da əslində bəhanədir. Andıra qalmış, tok vurmuş bir lobbiçilikləri var, guya ondan ötrü pul xərcləyir və adını Allah rizası qoyurlar. Bununla da öz məqsədlərini ifşa edirlər. Lobbiçiliyiniz də, diasporanız da təpənizə dəysin. Bütün günü dövlətin pulunu kül edib göyə sovurursuz, guya siz xaricdə Azərbaycan dövlətini təmsil edirsiz. Ay bədbəxtlər, Azərbaycanda kim haqqı deyir alnına “erməni” damğası vurursuz, deyirsiz ermənilərə işləyir. Niyə bu dağılmış, andıra qalmış diasporanızı, lobbiçiliyinizi işə salıb Ermənistan hakimiyyətinin işini Azərbaycan dövlətinin lehinə poza bilmirsiniz? Özünüz ermənisiniz ona görə?
Siyavuş da Rövnəq də anlamırlar ki, onların Allah rizasından danışması Allahın qəzəb və lənətinə düçar olmuş Müaviyənin, ibn Ziyadın, Yezidin Allah rizasından danışmasından heç bir fərqi yoxdur. Necə ki, onlar Allah rizasından danışa-danışa Allah dininin carçısı, Allahın rəsulu olan Həzrət Məhəmməd peyğəmbərin nəvələrini öldürürdülər, bunlar da Allah dininin carçıları olan ruhaniləri həbs edib Allah rizasından danışırlar. Sonra bunların çirkin işlərini ifşa edəndə də başlayırlar sərt tədbirlərə əl atmağa.
Yox, illah da israr edib Allah rizasının nə olduğunu bilmək istəyirsinizsə, bunun nə olduğunu sizə deyək. Allah rizası odur ki, xalq üçün bir gün ağlayırlar. Allah rizası odur ki, ölkə dörd-beş məmurun şəxsi mülkü, bir ailənin gəlir mənbəyinə çevrilmir. Allah rizası odur ki, ölkədə hicablı xanımlara pasport alarkən, məktəbə gedərkən azadlıq verilir. Allah rizası odur ki, xaraba günə qalmış televiziyamızda dini, mənəvi, intellektual verilişlər hazırlansın. Allah rizası odur ki, nahaqdan həbs edilmiş insanlarımız öz azadlığına qovuşsun. Allah rizası odur ki, nahaqdan həbs edilən ruhanilər azadlığa buraxılsın və onlara dəyən maddi, mənəvi zərər ödənilsin. Allah rizası odur ki, təhsil ocaqlarında dini tədris işə düşsün. Allah rizası odur ki, ölkədə rüşvətxorluğu yerli-dibli məhv edəsiniz. Allah rizası budur ki, işğal altında olan torpaqlarımızı işğaldan azad edəsiniz. Bu və sair kimi Allah bəyənən işlər görsəniz, deyərik ki, bəli sizin Allahınız var. Bunlar olmasa, boş-boş danışmağınızın heç bir faydası yoxdur. Siz əvvəlcə Allahınızı tapın, Allahınızı tanıyın, daha sonra onun rizası barədə düşünüb bir iş görərsiniz.

  • Yazılıb
  • da (də) 2018 May 21
  • Göndərən مدير سايت Aran News