Tarix : 2018 May 26
Kod 55384

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib.

Arannews-0Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.Məhkəmə şahid ifadələri ilə davam edib. Şahidlərdən Sabunçu post patrul xidmətinin əməkdaşı Valeh Mustafayev təqsirləndirilən şəxsləri tanımadığını, idarəyə polis bölməsinə basqın olduğu barədə məlumat daxil olduqdan sonra həmin əraziyə getdiyini və orada 40-a yaxın şəxsin polislərə daş-kəsək atdıqlarını bildirib. Şahid Cəsarət Məhərrəmov təqsirləndirilən şəxsləri tanımadığını deyərək, futbol tədbirində olarkən çağırıldığını, lakin oraya çatan zaman toplaşanların dağıdıldığını bildirib. Şahid Sabunçu Polis İdarəsinin əməkdaşı Cavid Qafarov da təqsirləndirilənləri tanımadığını deyib. 13-cü polis bölməsinin əməkdaşı Ruslan Məhərrəmov qeyd edib ki, oraya gəldiyi zaman çevik polis alayı basıqının qarşısını artıq almışdılar. Digər şahidlər Samir Haşımov, Möhsün Feyzullayev, Zamin Məlikov ərizə ilə məhkəməyə müraciət edərək, ilkin istintaqda verdikləri ifadəni təsdiq etdiklərini bildiriblər. Daha sonra vəkil Fariz Namazlı vəsatətlərin təqdim edilməsi üçün məhkəmədən vaxt istəyib. Şahid ifadələrindən sonra hakim Ə. Hacıyev növbəti məhkəmənin 1 iyun saat 14:00-da davam edəcəyini elan edib.

Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb. 


  • Yazılıb
  • da (də) 2018 May 26
  • Göndərən مدير سايت Aran News