Tarix : 2018 Jun 14
Kod 55549

Jurnalistin ölümündə suçlanan şəxs bəraət istəyir

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsində suçlanaraq 9 il həbs cəzası almış Samir Mustafayev təqsirsiz olduğunu deyir

Arannews-O, bəraət almaq üçün kassasiya şikayətiylə Ali Məhkəməyə müraciət edib. Onun şikayətini Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.Samirin vəkili Bəxdiyar Hacıyev deyir ki, onun haqqındakı hökm əsassızdır: "Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma - ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bu adamın əməlində cinayət tərkibi yoxdur. O, nə Rasim Əliyevi tanıyıb, nə də qarşı tərəfi. Onlarla heç bir əlaqəsi olmayıb. Onun döyülməsində də iştirak etməyib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən də aydın olur ki, əksinə, Rasim Əliyevə yardım edir, onu yerdən qaldırır".Məhkəmədə zərərçəkmiş tərəf - mərhum jurnalistin anası Teyfurə Əliyeva və vəkili iştirak etməyib.Jurnalistin ölüm işi üzrə məhkəmə avqustun 29-da davam edəcək.Jurnalist R.Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində, 2015-ci ilin avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu C.Hüseynov tutulub. İstintaqın sonunda C.Hüseynov haqqında cinayət işi ayrılıb.Cinayəti bilib xəbər verməməkdə suçlanan C.Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2016-cı il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Mədətov və S.Mustafayevin hər biri 9 il, C.Məmmədov 11 il , A.Əliyev 12 il 6 ay, E.İsmayılov isə 13 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.Jurnalistin valideynləri və onların müdafiəçiləri verilmiş hökm və qərarlarla razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu C.Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.

Turan

  • Yazılıb
  • da (də) 2018 Jun 14
  • Göndərən مدير سايت Aran News