Tarix : 2018 Jun 17
Kod 55575

Koroğlu gözəl vətəndaş, yoxsa qaçaq – Siyavuş Novruzov İlham Əliyevə qarşı

İnandığım budur ki, o məhz Siyavuşun təmsil etdiyi hakimiyyətin məmurlarından kasıbların haqqını tələb etdiyi üçün qaçaq düşüb

Arannews:nur-az.com-Bakıda Koroğluya heykəl qoyulanda İlham Əliyev təmtəraqlı çıxış etmişdi. O, demişdi ki, Koroğlu gözəl vətəndaş olub. Hətta cənab prezidentin sözünü yerə salmayıb satira ustaları Koroğluya “şəxsiyyət vəsiqəsi” də düzəltmişdilər. Madam ki, Koroğlu vətəndaş olub, bəs niyə şəxsiyyətini təsdiq edən vəsiqəsi olmamalıdır? Məgər bizim ölkəmizdə, bizə aid olan elə bir adam varmı ki, şəxsiyyətini təsdiq edən vəsiqəsi olmasın? Bəli var. Məsələn Məmmədəmin Rəsulzadə, Şah İsmayıl Xətayi. Çünki bu iki dahi insanın şəxsiyyət olmasını bizim xalq, nə də hakimiyyət hələ ki, təsdiq edə bilməmişdir. O ki, qaldı bu şəxsiyyəti təsdiq edən vəsiqə. Düzdür, xalqdan soruşsanız deyəcək ki, bu insanlar bizim ürəyimizdə yaşayır. Bir dahi üçün də bu kifayət edir. Amma madam ki, müasir dünyada yaxşı insanlara heykəl qoyulanda dahi hesab edilir, niyə bu iki dahinin heykəli olmasın. Mən isə dahilərə küçələrdə deyil məhz qəlblərdə heykəl qoyulmasının tərəfdarıyam.
Prezidentin o boyda zırıltı söhbətindən (gözəl vətəndaş söhbəti) sonra onun köməkçisi, daha doğrusu köməkçisinin köməkçisi, deputatxanada təyinatla oturan, hırla-zırı qanmayan və iki eşşəyin arpasını bölə bilməyən Siyavuş Novruzov isə prezidentin ziddinə söz deyib. O, deyir ki, Koroğlu qaçaq olub. Prezidentə görə isə Koroğlu gözəl vətəndaş olub. Əlbəttə bu Koroğlu elə həmin Koroğludur. Çünki bizdə ikinci Koroğlu olmayıb. Kor kişinin oğlu çox olub, amma Koroğlu bir nəfər olub. 
Mən Koroğlu barədə danışmaq istəməzdim. Bilmirəm o həyatda doğrudan yaşayan adam olub, yoxsa sadəcə olaraq mifdir, nağıldır. Amma elə siz də, mən də onu uşaq yaşlarımızda nağıllarda qəhrəman kimi tanımışıq. Bizdə axı nağıla çox üstünlük verirlər. Bir çox saxtakarları qəhrəman adıyla xalqa sırımaq istəyirlər, amma alınmır. Sözümüz Koroğludan uzaq.
Yüz faiz bildiyimiz bir məsələ odur ki, lap tutaq ki, Koroğlu Siyavuş Novruzovun dediyi kimi həyatda yaşayıb və qaçaq olub. İnandığım budur ki, o məhz Siyavuşun təmsil etdiyi hakimiyyətin məmurlarından kasıbların haqqını tələb etdiyi üçün qaçaq düşüb. Çünki hazırkı hakimiyyətin məmurları kimi o vaxtlarda da harınlamış, qudurğan məmurlar və onların balaları olub. Koroğlu da dünyanı onların başına dar edib. Hə, buradan məlum olur ki, İlham Əliyev Koroğlunu məhz bu cəhətinə görə sevibmiş. Axı, İlham Əliyevi hazırda qudurğan məmurlardan və balalarından Koroğlu kimi adamlar qoruya bilərlər. İlham Əliyev də bununla bəlkə də özünə təsəlli verib Koroğlunun ruhundan kömək istəyib. Nə bilim, doğrusunu Allah bilir. Çünki İlham Əliyev son illərdə təyin etdiyi bütün məmurlar qudurğan çıxıb. Buna ailə biznesi olan yaramaz, hər gün özünə söyüş, lənət götürən deputatlar da daxildir. 
Siyavuş Novruzov Şah İsmayılı da unutmayıb. Deyib ki, onun heykəli yolun ortasındadır. Onun heykəlini ziyarət edən turistləri maşın vurma ehtimalı böyükdür. Özü də deyir ki, o bizim dövlətimizin qurucusu olub. Əlbəttə, Siyavuşa desəniz ki, Heydər Əliyev böyük olub yoxsa Şah İsmayıl, deyəcək Heydər Əliyev. Amma Heydər Əliyevdən sonra Şah İsmayıl onun üçün güya dövlət banisidir. Novruzov bundan əlavə deyib ki, Koroğlu qaçaqdır, amma onun heykəli ən böyük parkda qoyulub. Düz deyir, Koroğlunun heykəlinə baxmağa gələnləri maşın vurmaq ehtimalı sıfırdır. Çünki parkdadır və o park da çox gözəl bir parkdır. Şah İsmayılın heykəlinə baxmağa gələnləri maşın vurmaq ehtimalı vardır. Allah qorusun. Çünki yolun ortasındadır. Şah İsmayıl rəhmətliyin elə özü də iki xalq - fars və türk millətçilərinin arasında qalıb. Qatı farslar və türklər hələ də anlamayıb ki, parçalanmaqdansa əl-ələ verib bu kişinin ətrafında birləşmək lazımdır. Amma Məmmədəminin heykəlini ziyarət etməyə gələnləri maşın vurma ehtimalı heç sıfırın altında da deyil. Çünki o boyda kişinin ölkədə nəzərə çarpacaq bir heykəli yoxdur. Heykəl olmayanda onun ziyarəti də baş tutmur. Buna görə də ora heç kim gəlmir və gəlməyəndə də maşın qarşısına adam çıxmır. 
İndi bilirəm ki, ürəyinizdən keçir deyəsiniz ki, bəs Heydər Əliyevin heykəli? Bəli, Heydər Əliyevin heykəlinin ziyarət bəhsi konkretdir. Bu heykəli ziyarət etməyənləri maşın vura bilər. Böyük ehtimalla. Ehtiyatlı olun. Allah sizi qorusun.

  • Yazılıb
  • da (də) 2018 Jun 17
  • Göndərən مدير سايت Aran News