Tarix : 2018 Jun 18
Kod 55593

Paşinyanın Qarabağ politikası və mövcud reallıqlar

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə iyunun 16-da Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib və Xankəndidə yüksək rütbəli komandirlərin iştirakı ilə hərbi müşavirə keçirib , sonra isə təmas xəttindəki mövqelərə baş çəkib.

Arannews_ Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə iyunun 16-da Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib və Xankəndidə yüksək rütbəli komandirlərin iştirakı ilə hərbi müşavirə keçirib , sonra isə təmas xəttindəki mövqelərə baş çəkib. 
Qoşunların təmas xəttində Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.
 “Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir.  
Azərbaycan Respublikası hökuməti N.Paşinyanın səfərini qınayaraq bu addımı müharibəyə çağırış kimi dəyərləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar bildirib ki, Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. 
Rəsmi Bakı hesab edir ki, Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.
Xatırladaq ki, Ermənistanda aprel ayı küçə etirazlarının ardınca Qarabağ klanı adlanan siyasətçilər, o cümlədən parlamentdə çoxluq təşkil edən Respublika Partiyasının namizədi Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırıldı və bu hadisə Azərbaycan Respublikasının siyasi dairələrində Qarabağ münaqişəsinin həlli sahəsində yaxşı bir fürsət kimi səciyyələdirildi. Ekspertlər bu qənaətə gəldilər ki, Ermənistan Qarabağ klanının şərindən xilas olacaq və yeni hökumət geridə qalmış ölkəsində daha çox iqtisadi islahatlarla məşğul olacaqdır. Lakin N.Paşinyanın 9 may tarixində yəni baş nazir seçildikdən düz bir gün sonra Xankəndiyə səfəri və oradan Azərbaycana barmaq silkələməsi bu təhlilləri bütövlükdə alt-üst etdi və məlum oldu ki, Qarabağ kartından vaz keçmək hər bir erməni siyasətçisi üçün intihara bərabərdir. Əslində N.Paşinyan erməni ictimaiyyətinin həssaslığını və Qarabağ məsələsinin qırmızı xətt olduğunu bəlkə də vaxtında anladı və özünü mümkün hərbi çevriliş və ya sui-qəsddən sığortalamağı bacardı.  Üstəlik bəzi açıqlamaları ilə öz mövqeyini daha da möhkəmləndirdi. Bu səbəbdən növbəti parlament seçkilərində onun öndə gedəcəyini istina etmək olmaz. 
Hal-hazırda Paşinyan “mən qarabağlı deyiləm, ona görə də Dağlıq Qarabağın adından danışıq apara bilmərəm” bəyanatı ilə konfliktin həllində kompromisə getməyəcəyinə eyham vurur və ən azı seçkilərə qədər vaxt udmaq istəyir. 
Görünür, Ermənistan iqtisadi cəhətdən hər nə qədər zəif ölkə olsa da, Qarabağ siyasətini dəyişmək niyyətində deyildir. Və təbii ki, bu məsələdə yalnız hərbi potensialına güvənmir, eyni zamanda Rusiya və Qərbdən aldığı siyasi-maliyyə dəstəyi bu gün İrəvanın barışmaz mövqedə qalmasında mühüm rol oynayır. 
Ermənilər yaxşı bilirlər ki, regionda Azərbaycanın iqtisadi nailiyyətlərinə problem yaratmaq potensialına malik olaraq istənilən anda Rusiyanın Cənubi Qafqazdakı mənafeyi uğrunda vəkalət savaşında iştirakçı ola bilərlər. Konkret olaraq rəsmi Bakı enerji və ya nəqliyyat layihələrində Rusiyanın maraqlarına zidd addım atarsa, Qarabağ kartı işə salınacaqdır. Ona görədir ki, Kremlin Ermənistan dövlətinə təzyiq göstərəcəyini düşünmək sadəlövhlük olardı. 
Digər tərəfdən baş nazir Nikol Paşinyan erməni diaporası və ABŞ-dakı erməni lobbi təşkilatlarının dəstəyini itirmək istəməz. Bu dəstək birbaşa Qarabağın taleyi ilə bağlıdır. Qarabağ münaqişəsinin həllində ən kiçik güzəşt onları qəzəbləndirəcək və ABŞ dövlətinin Ermənistana yardımlarına neqativ təsir buraxacaqdır. 
Bu faktları nəzərə alaraq N.Paşinyan Qarabağ kartından tam məharətlə oynayır və ölkədaxili siyasətlə yanaşı xarici faktorları da mütləq nəzərə alır. Qırx günün içində Dağlıq Qarabağa iki dəfə namayişkaranə səfər bu amillərlə bağlıdır. 
Yazar: Qəhrəman Nurani 

  • Yazılıb
  • da (də) 2018 Jun 18
  • Göndərən مدير سايت Aran News