Bundan sonra dövlət tərəfindən məcburi köçkünlərə veriləcək ərzaq yardımının həcmi və qida məhsullarının siyahısı yaxın günlərdə bəlli olacaq
Azerbaijan Servisi/Aran Agentliyi
Bu gündən etibarən BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını bütövlükdə dayandırır. Qaçqın və Məcburi köçkünlərin İşləri Dövlət Komitəsindən bildiriblər ki, bundan sonra məcburi köckünlərə ərzaq yardımını dövlət öz özərinə götürür.
Artıq hökumət səviyyəsində aparılan danışıqlar da yekunlaşmaq üzrədir. Bundan sonra dövlət tərəfindən məcburi köçkünlərə veriləcək ərzaq yardımının həcmi və qida məhsullarının siyahısı yaxın günlərdə bəlli olacaq.
Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı 1994-cü ildən Azərbaycanda 70 mindən çox məcburi köçkünə ərzaq yardımı verirdi. Qırx gündən bir verilən yardım səbətinə adambaşına 12 kiloqram un, 900 qram şəkər tozu, 600 qram bitki yağı, 900 qram noxud və 150 qram yodlaşdırılmış duz daxil idi.