Tarix : 2018 Jun 21
Kod 55620

Nardaran işi 4: "Tale Bağırov şahid kimi dindirilsin"

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib.
Arannews-Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.Vəkil Fariz Namazlı məhkəməyə vəsatətlər təqdim edib: 1. 03 dekabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində hadisə baş verən ünvanda hal şahidi olmuş Həsənov Fərman və Məlikov Zamiqin məhkəməyə çağırılaraq dindirilməsi (vəkil bunu onunla əsaslandırıb ki, bu şəxslərin adı iş üzrə tərtib olunmuş ittiham aktında ittiham tərəfin şahidləri sırasında göstərilməmişdir), 27 noyabr 2015-ci ildə MBH-nın Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78 A ünvanında aparılan axtarış zamanı hal şahidi qismində cəlb olunan Elnur Məmmədov və Tərlan Budaqov adlı şəxslərin adı iş üzrə tərtib olunmuş ittiham aktında ittiham tərəfin şahidləri sırasında göstərilmədiyindən məhkəməyə dəvət edilib dindirilsin. 26 noyabr 2015-ci ildə tərtib edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokolda imza atış 8 nəfər hal şahidi – Məmmədov Hüseynağa, Gəncəliyev Daşqın, Kərimov İntiqam, Əhmədov Elnur, Əliyev Asif, Məmmədov Rövşən, Həsənov Çingiz, Quliyev Adilin adları iş üzrə tərtib olunmuş ittiham aktında ittiham tərəfin şahidləri sırasında göstərilmədiyindən məhkəməyə çağırılıb dindirilsin. 2. 26 noyabr 2016-cı ildə Nardaran kəndində baş verən hadisə ilə əlaqədar DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin zərəçəkmiş şəxs qismində tanınan 18 şəxsinin çəkdiklərini iddia etdikləri mənəvi zərəri hansı formada çəkmələrini bildirmədiklərindən zərəçəkmiş şəxslərin statusuna xitam verilsin. 3. 03 dekabr 2015-ci ildə hadisə baş verən evdə keçirilən baxış zamanı tərtib edilən protokolda iki nəfər hal şahidi - Həsənov Fərman və Məlikov Zamiq hal şahidi kimi əməliyyat istintaq hərəkətində iştirak edib, həm də Tale Bağırovun əleyhinə şahid kimi ifadə verib. Hazırkı cinayət işinin də Tale Bağırovla bağlı cinayət təqibi aparılan işlə bir icraatda olduğu və buna görə də eyni şəxsin həm hal şahidi, həm də əməliyyat istintaq hərəkətində hal şahidi qismində iştirakı yolverilməz olduğundan şahid ifadəsi sübutlar siyahısından xaric edilsin. 4. 05 noyabr 2015-ci ildə Sabunçu RPİ-nin qarşısında keçirilən aksiyanın videoyazına baxış keçirilsin. 5. Tale Bağırzadənin müraciət kitabçasının məhkəməyə gətirilərək tədqiq edilməsini və rəyi verən Dini qurumlarla işlər üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun dindirilməsi. 6. MBH-nin təqsirsizlik prezumpsiyasının pozulması. 7. 05 noyabr 2015-ci ildə Sabunçu RPİ-nin qarşısındakı hadisə ilə bağlı bir neçə nəfərin məsuliyyətə cəlb edilməsi, bu tədbirlərin nələrdən ibarət olması barədə məlumatın Sabunçu RPİ-dən alınmasına dair qərar qəbul edilsin. 8. BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərə dair mübarizə şöbəsinin rəisi Kərim Əlimərdanovun şahid qismində dindirilməsi. 9. Tale Bağırzadənin şahid qismində dindirilməsi.Məhkəmə yerindəcə müşavirə edərək vəsatətlərin təmin edilmədiyini bildirib və məhkəmə çıxışlarına keçilməsi üçün məhkəmənin iyulun 3-də davam edəcəyini elan edib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.

  • Yazılıb
  • da (də) 2018 Jun 21
  • Göndərən مدير سايت Aran News