Tarix : 2008 Jun 30
Kod 5564

PKK-çı QULDURBAŞI ÜZƏ ÇIXIB

Qarailan deyib ki, regionda Türkiyə, İran və Suriyadan ibarət kürd düşmənləri ittifaqı yaranıb.
Turkyə Servisi/Aran Agentliyi

Uzun müddətdir görünməyən PKK-nın silahlı qanadına rəhbərlik edən Murad Qarailan “Frans-press” agentliyinin əməkdaşı ilə Qəndil dağlarındakı terror düşərgələrindən birində görüşərək ona müsahibə verib. Türkiyə mətbuatının xəbərlərinə görə, Qarailan etiraf edib ki, PKK-nın silahlı qanadına rəhbərlik edənlər təhlükə qarşısındadır. O, Türkiyənin taktika dəyişdirdiyini və bu ilin fevral ayından başlayaraq PKK liderlərinə qarşı tez-tez sui-qəsdlər təşkil etdiyini deyib. Bununla belə Qarailan öldürülən PKK liderləri haqda heç nə deməyib. Lakin təsdiq edib ki, özü də bir neçə dəfə bu cür sui-qəsd cəhdi ilə üzləşib.

Xatırladaq ki, Türkiyə silahlı qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyatlar zamanı bir neçə dəfə Qarailanın öldürüldüyü haqda xəbərlər yayılıb. Həmçinin PKK daxilində liderlik uğrunda gedən çəkişmələrdə Qarailana sui-qəsd cəhdləri haqda məlumatlar var. Qarailan Abdullah Öcalandan sonra PKK-nın silahlı qanadına başçılıq edir. Əli qanlı terrorçu fransalı jurnalistlə söhbətində demokratiyadan danışaraq deyib ki, Türkiyə kürd problemini həll etmək üçün aqressiv davranışlardan əl çəkib demokratik həll yoluna üstünlük verməlidir. Onun fikrincə, İraqın kürd prezidenti Cəlal Tələbani və ölkənin şimalına nəzarət edən kürd lider Məsud Bərzani problemin həllində yardımçı ola bilərlər. “Onların Amerika ilə münasibətləri yaxşıdır, əgər istəsələr, bu işə girişə və nəticə əldə edə bilərlər. Ancaq onların təşəbbüsünü görmürük və kürdlərə qarşı siyasət hələ davam edir”. Qarailan deyib ki, regionda Türkiyə, İran və Suriyadan ibarət kürd düşmənləri ittifaqı yaranıb.

  • Yazılıb
  • da (də) 2008 Jun 30