Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar dalana düşüb və münaqişə tərəfləri arasında söz atışması Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra demək olar ki, pik həddə çatıb və bəzi müşahidəçilər indiki şəraitdə müharibənin hər an alovlana biləcəyini istisna etmirlər.
Arannews_ Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar dalana düşüb və münaqişə tərəfləri arasında söz atışması Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra demək olar ki, pik həddə çatıb və bəzi müşahidəçilər indiki şəraitdə müharibənin hər an alovlana biləcəyini istisna etmirlər. Bununla əlaqədar olaraq Ermənistanın baş naziri qonşu ölkəyə xəbərdarlıq edib ki, hərbi ritorikadan əl çəksin. Zira Paşinyanın ifadəsi ilə desək, Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti və bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı İlham Əliyev iyunun 26-da Bakıda keçirilən möhtəşəm parad mərasimində Ermənistanı hərbi əməliyyatlarla hədələyərək erməni hərbçilərinə xitabən demişdir: “Ermənistan bilməlidir ki, Azərbaycan ordusu onun bütün strateji hərbi mərkəzlərini hədəfə alaraq məhv etməyə qadirdir.”
Aydın məsələdir ki, Bakı ilə İrəvanın Cənubi Qafqazda qarşılıqlı ittihamlar irəli sürməsi tərəflər arasındakı dərin etimadsızlıqdan mənşə alır və hər iki tərəfin qərar qəbul edən orqanları bu kontekstdə qətiyyət nümayiş etdirməyə və maksimum divident qazanmağa çalışır. Münaqişənin həlli ilə məşğul olan vasitəçilər yəni Minsk Qrupuna həmsədrlik edən dövlətlər isə haqq və ədalətin yanında olmaq yerinə işğal faktına göz yumur və rəsmi Bakını kompromisə getməyə vadar etmək istəyirlər. Ermənistanın öz həddini aşaraq işğalçılıqda israrlı qalmasında bu amil başlıca rol oynayır.
ATƏT Minsk Qrupu 1992-ci ildə Qarabağ konfliktinin nizamlanması üçün təşkil olunsa da, ötən 26 ildə heç nəyə nail olmayıb və sülh danışıqlarında hansısa irəliləyişdən söhbət gedə bilməz. Buna görə də, MQ həmsədrlərinin məsələyə qeyri-ədalətli yanaşmaları və bitərəfliklərini saxlamamaları adətən Azərbaycan xalqı və dövləti tərəfindən kəskin tənqidlərə məruz qalır və bu qrupun səriştəsizliyinə xatir müharibə çağırışları artmaqdadır. Bu istiqamətdə iyunun 26-da Bakıda keçirilən hərbi paradı Ermənistana xəbərdarlıq mesajı kimi xarakterizə etmək lazımdır.
Əslində Azərbaycan tərəfi Qarabağ münaqişəsində status-kvonun davam etməsi və ölkə ərazisindən 20 faizinin işğal altında qalması ilə heç cür barışa bilmir və ordusunu gücləndirməklə torpaqların hərbi yolla azad edilə biləcəyi qənaətindədir. Lakin bunun ciddi məhdudiyyətlərini nəzərə almaq lazımdır. Doğrudur, lokal döyüşlər nəticə verir və 2016-cı ilin aprel savaşında Lələtəpə yüksəklikləri , bu yaxınlarda isə Naxçıvanın Günnüt kəndi də daxil 11 min hektar ərazi həmin lokal döyüşlər vasitəsi ilə düşmənin tapdağından azad edildi. Ancaq genişmiqyaslı əməliyyatların qarşısında Ermənistanın himayədarı olan Rusiya, ABŞ və Fransanın sakit qalacağını təxmin etmək çətindir. Təsadüfi deyil ki, həmin dövlətlər bu vaxta qədər də bütün “sülh” planlarında Ermənistanın maraqlarını təmin etməklə məşğul olublar və referendum yolu ilə Qarabağı birdəfəlik Azərbaycandan ayırmağı qanuniləşdirmək istəyirlər. Həm Madrid Sülh Planında, həm də Kazan Planında bu hədəf tam çılpaqlığı ilə özünü göstərir. İndi belə bir mövqeyi olan dövlətlərin müharibənin alovlanacağı təqdirdə Ermənistanın xeyrinə hərəkətə keçmələri şəksizdir.
Bu reallığı nəzərə alaraq Azərbaycan dövlətinin həddən artıq ehtiyatlı olması lazımdır. Rəsmi Bakı həmçinin sözü gedən dövlətlərin qərəzli mövqelərinə xatir onlardan bir qədər məsafə saxlamalır. Çünki həmin dövlətlərə etibar etməsi , hətta ABŞ-ı Azərbaycanın enerji layihələrində strateji tərəfadaş adlandırıb ona mühüm imtiyazlar verməsi ölkənin milli maraqlarına cavab verməyib. Hazırda isə həmin bu siyasəti davam etdirmək həmsədr dövlətlərin rəyini dəyişməyəcək və onlar yenə də beynəlxalq hüquq normalarına və ərazi bütövlüyü prinsipinə məhəl qoymadan Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etmək cəhdlərinə mane olacaqlar. Hətta müharibənin başlandığı təqdirdə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya, ABŞ və Fransanın Azərbaycanı cəzalandırmaq üçün qətnamə qəbul etmələri mümkündür.
Yazar: Qəhrəman Nurani