Tarix : 2018 Jul 12
Kod 55761

Rusiya Cənubi Qafqazda strateji müttəfiqini dəyişirmi

Rusiyanın Ermənistanı atıb Azərbaycanı özünə strateji məttəfiq seçməsindən söhbət gedə bilməz.

İyulun 1-də Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib. Konfransda məşhur rusiyalı politoloqlar və siyasətçilər; o cümlədən Rusiya Dövlət Dumasının Korrupsiya ilə Mübarizə üzrə Komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov,  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, “Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq Departamentinin direktoru Andrey Xarçenko, “İrs” İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin və Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov iştirak ediblər. 
Bu xadimlərin əksəriyyətinin Rusiyada ciddi söz və nüfuz sahibi olduqlarını nəzərə alaraq, Azərbaycanın bəzi siyasi dairələrində belə təəssürat yaranıb ki, qonşu ölkədə yeni realist siyasətçilər nəsli formalaşıb və ermənilərin ənənəvi lobbiçilik imkanları məhdudlaşmaqdadır. Və onlar Qərbə inteqrasiya yolunu tutan Ermənistan baş naziri Nikol Paşinyanı cəzalandırmaq üçün Azərbaycana yaxınlaşmağı tövsiyə edirlər. Həmin dairələr buna sübut kimi konfransda səslənən fikirlərə istinad edir və Qarabağ münaqişəsinin həlli üçün böyük şans yarandığı qənaətindədirlər.  
 Xatırladaq ki, konfransda rusiyalı ekspertlərin çoxu işğal olunan rayonlardan 5-nin qaytarılmasını dəstəkləyiblər. Hətta Dmitriy Savelyev münaqişənin həlli yollarına toxunarkən daha sərt mövqe nümayiş etdirərək Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmasının vacib olduğunu bildirib. 
Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin isə belə bir tədbirin Qarabağda keçirilməsini simvolik hərəkət adlandırıb. “Bu, bir daha göstərir ki, Azərbaycan Rusiyanın strateji müttəfiqidir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa görə də belədir” - Duqin deyib. 
Bəs rusiyalı politoloqlar və siyasətçilərin Azərbaycanda sevinclə qarşılanan bu açıqlamalarına nə dərəcədə nikbin olmaq lazımdır? Kreml doğurdanmı Ermənistandan məyus olub Azərbaycanı özünə müttəfiq seçmək istəyir? Və ya əksinə bunlar siyasi jest olaraq söz həddində qalacaqdir? 
Bu xüsusda bir neçə məqama diqqət çəkmək olar:
1- Azərbaycan Respublikasında uzun illərdir Qarabağ münaqişəsinin yaranması və uzanmasına xatir Rusiya dövləti günahlandırılır. Ola bilsin ki, Putin öz emissarlarını Azərbaycana göndərməklə bu ölkənin könlünü almaq və orada Rusiya əleyhinə mövcud olan atmosferi dəyişmək istəyir.
2- Qonaqlar arasında avrasiyaçıların çoxluq təşkil etdiyini nəzərə alaraq, Azərbaycanı Putinin Avrasiya İttifaqına daxil etməklə onun Qərbə inteqrasiya planlarının üstündən qırmızı xətt çəkmək Rusiyanın Cənubi Qafqaz siyasətinin mühüm elementlərindəndir. 
3- Ermənistanda hakimiyyətə gəlmiş N.Paşinyanın Qərbə meyillənməsi Rusiyanı qıcıqlandırır. Rəsmi Moskvanın Qarabağ kartı vasitəsilə onu belə bir qərardan çəkindirməsi istisna deyil. Bu istiqamətdə erməniləri peşiman etmək üçün Kremlin Azərbaycana Dağlıq Qarabağda lokal döyüşlərə başlamaq barədə dobro verəcəyini də düşünmək olar. Əlbəttə ki, Rusiyanın Ermənistandan vaz keçməsi haqda fikirləşmək düzgün olmazdı. Zira ermənilər hələ çarlar vaxtından Rusiya siyasətində təsir buraxan ən güclü etnik lobbiçilik imkanına malikdirlər. Bəlkə də yeganə azlıqdır ki, Rusiyanın Cənubi Qafqaz siyasətini yönləndirir. 
Bu və digər faktorlara görə Rusiyanın regionla bağlı yeni siyasi kursa keçdiyini düşünmək mənasızdır. Qarabağ münaqişəsindən faydalanaraq Azərbaycan və Ermənistanı cilovlamaq, onların Gürcüstan kimi ifrat həddə Qərbə və NATO-ya inteqrasiyasına mane olmaq, Rusiyanın özünə arxa bağça saydığı regionda geosiyasi və geostrateji mövqelərini gücləndirmək və kənar qüvvələrin nüfuzunu əngəlləmək, Ermənistanı həmişəlik hərbi poliqon kimi nəzarətdə saxlamaq və oradakı hərbi mövcudiyyətindən istənilən halda Moskvanın maraqlarını təhlükəyə salan daxili və xarici qüvvələri əzmək üçün istifadə etmək bu gün Rusiyanın regionla bağlı siyasətləri içərisindədir. 
Bu isə o deməkdir ki, Rusiyanın Ermənistanı atıb Azərbaycanı özünə strateji məttəfiq seçməsindən söhbət gedə bilməz. Ermənistan bundan sonra da Rusiyanın geostrateji partniyoru və həm də ən yaxın müttəfiqi kimi qalacaqdır. Əlbəttə Kreml hazırda itaətsizlik edən erməni siyasətçilərini qorxutmaq üçün Azərbaycana yaxınlaşdığını nümayiş etdirir. Bunun özü mahiyyətcə ikili cilovlamağın metodlarından biridir.  
Yazar: Qəhrəman Nurani

  • Yazılıb
  • da (də) 2018 Jul 12
  • Göndərən مدير سايت Aran News