Tarix : 2018 Jul 11
Kod 55808

Hakimiyyətin daha bir ''uğur''u

Hakimiyyət ürək ağrısı ilə anlayır ki, Azərbaycan xalqı dünyadan geri qalıb. Bu geriliyi aradan qaldırmaq üçün əlindən gələni edir.

Arannews-Avropanın qabaqcıl ölkələrində “Eurovision” müsabiqəsi keçirilirdi. Azərbaycanda keçirilirdimi? Yox. Biz geridə qalmışdıq. Xalqımız bilmirdi “Eurovision” nədir. Hakimiyyətimiz hədsiz səy göstərib, bir ətək pul töküb bu müsabiqənin Azərbaycanda keçməsinə nail oldu. Xalqımız, nəhayət, bildi ki, “Eurovision” nə olan şeydir.Dünyanın zəngin və hörmətli ölkələrində “Formula – 1” yarışları keçirilirdi. Azərbaycanda bu yarışlar keçirilirdimi? Yox. Xalqımız heç təsəvvürünə gətirmirdi ki, belə maraqlı və məşhur yarışlar var. Hakimiyyətimiz lazım olan hörməti etdi və bir ətək pul töküb bu yarışları Bakıda təşkil edə bildi. Azərbaycan xalqı, nəhayət ki, “Formula-1” yarışlarının nə olduğunu anladı.

Həmçinin hakimiyyətimiz milyardlarla dollar xərcləyib Panavropa oyunları, qadınlar arasında fitbol, bədii gimnastika, boks və canım sənə nə desin, üzgüçülük yarışları keçirib xalqımızı gerilik bataqlığından çıxarmaq üçün əzəmətli səylər sərf etdi.Bütün dünya terrorizmə qarşı mübarizə ilə məşğuldur. Lakin Azərbaycanda milli terror nümunələri yoxdur. Erməni terroru var, lakin Qərb dünyası onu görmür və onu heç terror saymır. Hakimiyyətin sıravi vətəndaşlara qarşı terroru da vecə gəlmir. Xalqımız isə terrorun nə qədər müasir bir şey olduğunu heç cür anlamaq istəmir.Cənab prezidentin müvafiq sərəncam və göstərişlərini canla-başla icra edən məmurlarımız gecə-gündüz çalışırdılar ki, xalqımız müasir terror mədəniyyəti ilə yaxından tanış olsun. Lakin bu cəhdlər heç bir səmərə vermirdi.Həmkarlar Konfederasiyasının sədri bir Qarabağ qazisinin ruzusunu bilərəkdən əlindən alırdı. Ey Qarabağ qazisi! Sən axı qazisən! Nə etməlisən? Hüququnu necə qorumalısan? Axı sən döyüş, ölüm-itim görmüş adamsan! Nə etməlisən? Di göstər xalqa sən necə igid qazisən!Heyhat! Konfederasiya sədrinin səyi heç bir fayda vermədi. Bu Qarabağ qazisi etməli olduğu işi görmədi. Tam tərsinə etdi! Başına benzin töküb özünü yandırdı. Xalqın başını yerə soxdu, hakimiyyətin səylərini puça çıxardı. Terror mədəniyyətinin çiçəkləndiyi qabaqcıl Avropa ölkələrinə çatmaq imkanını fotə verdi.Möhtərəm cənab prezident yenə icra başçılarına, polis zabitlərinə və prokurorlara möhkəm-möhkəm tapşırdı ki, müasir terror mədəniyyətinin gəlib qapılarımızı döyməsi üçün səylərini gücləndirsinlər.Onlar bu tapşırığı yerinə yetirmək üçün nələri daha etmədilər! Vətəndaşların siyasi, mədəni, məişət, milli, sosial hüquqlarını hər gün və hər saat, hər dəqiqə və hər saniyə pozmaq sahəsində əllərindən gələni beş qaba çəkdilər. Vətəndaşın cibinə girdilər, mülkiyyətini aldılar, vətəndaşı söydülər, döydülər, təpiklədilər, yumruqladılar, şillələdilər, sifətinə tüpürdülər...

Xeyri olmadı. Onda keçdilər vətəndaşın ailə üzvlərini təhqir etməyə: ana-bacısını, övrətini, qızlarını...Nəticə alınsın deyə bir polis zabiti hətta yetkinlik yaşına çatmamış bir qızcığazı zorlamalı oldu.Yenə nəticə alınmadı. Qızcığazın valideyni terror əvəzinə kağıza bir şikayət yazıb utanmaz-utanmaz məhkəməyə və insan hüquqlarını müdafiə edən xanımlara müraciət etdilər.Bəli, məmurlar basqını və səylərini-çabalarını zilə çatdırmalı oldular. Di gəl ki, onlar nəticə hasil etmək üçün zülmü nə qədər gücləndirirdilərsə, nümunəvi Azərbaycan vətəndaşları dünyanın müasir terror mədəniyyətindən bir o qədər geri qaldıqlarını danılmaz tərzdə sübut edirdilər.Biz, bütün dünyanın gözündə biabır olurduq. Həftə səkkiz, mən doqquz bir dənə nümunəvi terror hadisəsi törədən ermənilər bizə gülürdülər!Prezidentin tapşırığını yerinə yetirmək üçün hamıdan çox canfəşanlığı möhtərəm Elmar Vəliyev edirdi. Məhz o, Gəncə şəhərinin icra başçısı vəzifəsində külüng vuraraq digər məmurlara nisbətən hər şey edirdi ki, müasir terror mədəniyyəti, nəhayət ki, Azərbaycana ayaq açsın.Gəncəlilərin malını-mülkünü əlindən alırdı. Dözürdülər. Şərləyib tutdururdu. Dözürdülər. Söyürdü, döyürdü. Dözürdülər. Bir il, iki il, üç il... Dözürdülər.Allah-Allah, bu, nə möhnətdir! Daha nə etməli ki, gəncəlilərin, bütün azərbaycanlıların şirin yuxuya getmiş namus-qeyrəti oyansın, onlar, nəhayət ki, bütün dünya ilə ayaqlaşan addımlar atsınlar.Ur-ra! Nəhayət ki, alındı. Nəhayət ki, Elmar Vəliyev prezidentin tapşırığını yerinə yetirdi. Canının bahasına da olsa, icra etdi!Bunun üçün, o, nümunəvi bir əməliyyat həyata keçirdi. Yayılan məlumata görə, yanına hansısa qayğısını bölüşmək niyyəti ilə gəlmiş hamilə bir qadını təhqir etdi və qovdu. Sonra isə onun bu əməlindən şikayətə gəlmiş qardaşını acıladı. Qardaş dedi ki, “səni vuracağam!” Elmar Vəliyev dedi ki, “Elə-hey vəd edirsiniz, hamınız da vədə xilaf çıxırsınız!”Bu Yunus adlı kişi nəhayət ki, verdiyi sözə əməl etdi. Elmar Vəliyevi də, cangüdənini də güllə ilə vurdu.Beləliklə, məmurların ciddi səyləri nəticəsində müasir dünyanın terror mədəniyyəti ölkəmizə ayaq açdı. Daha heç kəs deyə bilməz ki, Azərbaycanda terror yoxdur. Xeyr, Azərbaycanda terror var!Bəli, indən belə Azərbaycan hakimiyyəti dünyanın gecə-gündüz terrorla mübarizə aparan dövlətlərinə qürurla deyə bilər ki, “biz də varıq!”İnkişaf etmiş Qərb terrorla necə mübarizə aparırdı? Sistemli və məntiqli! Bəli, bir tərəfdən terrorun çiçəklənməsi üçün bütün lazımı tədbirləri görürdülər, yəni bədbəxt müsəlmanların torpaqlarını işğal edirdilər, zavallı müsəlmanların hüquqlarını və malını qəsb edən zalım müstəbidlərə və təcavüzkarlara bütün müyəssər və hərtərəfli dəstəyi verirdilər, sadəlövh müsəlmanların beynəlxalq hüquqa və məhkəmələrə olan bütün müraciətlərinə həyasızlıqla rədd cavabı verirdilər, bütün yolları bağlanmış, müasir dünyada ədalətə ümidləri qırılmış biçarə müsəlmanlar avtomat və qumbara ilə terror əməliyyatlarına başlayanda Qərb haray-həşir qoparıb beynəlxalq terrora qarşı mübarizəni qanadlı raketlərlə, qırıcı təyyarə və bombalarla aparmağa başlayırdılar.Olurdu əla bir oyun, terrora qarşı sonsuz və çox mənfəətli bir mübarizə.Terrora qarşı mübarizə biznesi müasir dünya siyasətinin ən təsirli və xeyirli sahələrindən biridir.Odur ki, cənab Elmar Vəliyevin öz əziz canı hesabına Azərbaycana gətirdiyi bu ən müasir terror mədəniyyəti nümunəsi heç bir şübhə olmadan gətirilib qoyulmalıdır millətin başını uca edən «Eurovision» və «Formula-1» ilə yanaşı.Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

  • Yazılıb
  • da (də) 2018 Jul 11
  • Göndərən مدير سايت Aran News