Tarix : 2018 Jul 12
Kod 55819

Əbülfəz Bünyadov məhkəmə zalında həbs edilib

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatının keçirildiyi evin sahibi Əbülfəz Bünyadov özü də həmin əməliyyatda onurğasından güllələnərək iflic olmuşdu.

Arannews-Həmin əməliyyatda həbs olunan Ə.Bünyadov kənar şəxslərin köməyi olmadan, hətta yataqda çevrilə də bilmir. Ona görə də 1 il 1 ay həbsdə saxlandıqdan sonra polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılmışdı.

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Ə.Bünyadov iyulun 11-də yenidən həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 15 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasının ilk üç ilini həbsxana, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.Hökm oxunmamışdan əvvəl digər təqsirləndirilən Elxan İsgəndərov son sözünü deyib.E.İsgəndərov “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. O, 2015-ci il noyabrın 5-də təşkilatın sədr müavini Elçin Qasımovun saxlanılarkən onun azadlığa buraxılması tələbilə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etiraz aksiyasına görə həbs olunub. O, kütləvi iğtişaşların təşkili, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. maddələrlə ittiham olunur.

E.İsgəndərov həmin aksiyadan sonra həbs olunub və ona 30 sutka inzibati həbs cəzası verilib. Həbsdən çıxandan sonra ölkəni tərk edən E.İsgəndərov haqqında elə həmin aksiyaya görə bu dəfə cinayət işi başlanıb, özü də axtarışa verilib. E.İsgəndərov 2017-ci ilin martında həbs olunub.E.İsgəndərov məhkəmədə son sözündə bildirib ki, ittihamda yazılanların hamısı yalandır. Onun sözlərinə görə, prokuror, hakimlər də daxil, hamı bilir ki, ittihamlar saxtadır. Dörd il Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, yaxşı xidmətinə görə təltif olunduğunu deyən E.İsgəndərov müxtəlif idman yarışlarında Azərbaycan bayrağını ucaltdığını da vurğulayıb. E.İsgəndərov idman məşqçisi kimi də fəaliyyət göstərib.E.İsgəndərov qeyd edib ki, polislərə xəsarət yetirməsi, müqavimət göstərməsi barədə ittihamda yazılanlar da şər-böhtandır: "Polislər də bizim qardaşlarımızdır. Mən onlara əl qaldırmaram".E.İsgəndərovun son sözündən sonra Əfqan Hacıyev, Fikrət Qəribov və Rasim Sadıqovdan ibarət hakimlər kollegiyası müşavirəyə gedib. Təxminən on dəqiqəlik müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, Ə.Bünyadov 15, E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.

Hökmdən apelyasiya şikayəti veriləcək.Ə.Bünyadov da məhkəmədə son sözündə ittihamların saxta olduğunu, heç bir cinayət törətmədiyini bildirmişdi. Onun sözlərinə görə, həmin gün polislər əliyalın adamlara hücum edib və ölənlərin hamısını da özləri güllələyiblər:"Mən ömrümü yaşamışam artıq. Bu vəziyyətdə uzun yaşamayacam. Mən heç bir cinayət törətməmişəm. Biz siyasi, dini baxışlarımıza görə cəzalandırılmışıq. Biz istəmişik ki, ölkədə korrupsiya olmasın, kasıbların əsgər balları ölməsin, bir dəfə də deputatın, nazirin balası şəhid olsun..." (Rakurs TV)


  • Yazılıb
  • da (də) 2018 Jul 12
  • Göndərən مدير سايت Aran News