Tarix : 2018 Jul 20
Kod 55893

Tale Bağırzadə Gəncə hadisələrindən yazdı

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Gəncə hadisələri barədə yazıb

Arannews-Rakurs.tv yazını təqdim edir:Azərbaycanda bir-birinin ardınca baş verən hadisələr narahatlıq doğurur. Ölkənin taleyini düşünən hər kəsi bu suallar maraqlandırır: “Nə baş verir? Baş verənlərdən Azərbaycan nə kimi ziyan çəkə bilər?”Hakimiyyətisə bir şey maraqlandırır: olanlardan  necə yararlanıb öz hakimiyyətinin  ömrünü uzada bilsin?Elə bu düşüncənin nəticəsidir ki,  Gəncə şəhər İcra Hakimiyyətinin başçısının güllələnməsindən sonra baş verənlərin gerçək mahiyyətini doğru-dürüst kimsə anlaya bilmir. Ya da anlamaqda çətinlik çəkir. Bir çox insanlar isə “ölkədə doğrudanmı dini qüvvələr İrandan birbaşa tapşırıq alır?” deyə düşünüb, narahat olurlar.

Əziz bacı və qardaşlarım!2015- ci ilin 26 noyabrında  Nardaranda  cinayət törədib, bunu “İranın agentlərini məhv etdik” deyə, cəmiyyətə sırımağa çalışdılar. Amma məhkəmələr başladı, dediklərini sübut edə biləcək bir dəlil də ortaya qoya bilmədilər.Keçən il 200-ə yaxın hərbçini “Ermənistana agentlik edir” adıyla həbs edib,  işgəncələrə məruz qoydular, hətta bir necə nəfəri döyə-döyə öldürdülər. Bu gün isə bəlli olur ki, elə həmin istintaq orqanları onların günahının olmadığı haqda bir parça kağızı öldürdükləri adamların yaxınlarının əlinə verməklə, yaxalarını kənara çəkirlər.Və nəticədə günahsız insanlara qarşı bütün bu cinayətləri törədənlər cəzasız qalır.İndi də Gəncədə artıq azğınlığı ilə ad çıxarıb “şöhrət qazanmış” bir adamı – Elmar Vəliyevi güllələyən Yunis Səfərovu gah İŞİD-ə, gah İrana bağlayıb, ölkədə yenə “din dövləti qurmaq istəyənlər”in ovuna çıxıblar.Dəfələrlə bəyan etmişəm ki, Azərbaycanda dini dövlət qurmaq üçün zəmin yoxdur. Ölkəmizin də bir yolu var: demokratik dövlət olmaq!Biz, Müsəlman Birliyi Hərakatı olaraq, milli məfkurə dedik və bu düşüncəmizdən də dönmədik. Belə görünür ki, hakimiyyət də “agent”, dindar ovuna çıxmaqdan dönməyib.Bu gün Gəncədə baş verənlərdən dərs çıxarmaq əvəzinə, fürsətcillik edib özünətəhlükə saydıqları insanları həbs edirlər. Ölkənin müxtəlif yerlərində insan ovuna çıxmaq üçün süni əsaslar yaradıb, “Sumqayıtda  iğtişaş olacaq, orada- burada dindarlar, radikal müxalifət hakimiyyəti dəyişəcək” deyib, kütləvi həbslər həyata keçirirlər.Frederik Bastiatın gözəl bir kəlamı var: “Hüquq ədalətsizliyə qarşı mane olmaq üçün fəaliyyət göstərən gücdür, hüquq ədalətdir. Lakin hüquq və mənəviyyat bir-birinə ziddirsə, vətəndaş qəddar seçim qarşısında qalır.  O, ya əxlaq hissindən, ya da hüquqa hörmətdən imtina etməlidir”.Azərbaycanda hüquq gücdür, amma ədalətsizliyə mane olmaq üçün deyil. Əksinə, ədalətsizliyi törətmək üçün istifadə olunan gücdür. Bu gün ölkədə eyni şəkildə hüquq və mənəviyyat bir -birinə ziddir. Bu üzdən vətəndaş hüquqa hörmətini itirib, qəzəbinə sarılıb, öz bildiyi kimi hərəkət edərək, cinayətkarı, azğın məmuru özü bildiyi kimi cəzalandırmağa qalxır. Əgər bu gün ölkədə qanunlar, hüquq işləsəydi və Yunis kimi vətəndaşlar qanunların ədalətli işləməsinə inansaydı, bu durumla qarşı-qarşıya qalmazdıq. Yaxud da Yunis Səfərov Gəncədə bir adamı güllələdiyi vaxt ölkədə qanunlar da işlək olsaydı, o zaman bu qədər mücərrəd suallarla baş-başa qalmazdıq.Deməli, bütün hallarda günahkar bu ölkədə hüququ ədalətsizlik üçün gücə çevirən hakimiyyətdir!Hər məsələdə fürsətcillik edib, öz vətəndaşını cəzalandıran, heç bir günahından, əməlindən nəticə çıxarmadan, hər dəfə birini günahkara çevirib bundan yararlanmağa çalışan iqtidar indi də həmin pis vərdişindən əl çəkməyib. Yenə də öz eyiblərini və etdiklərini görməzdən gəlib, ölkədə xaos yaradıb, bundan daha çox insanı cəzalandırmaq üçün yararlanmağa çalışırlar.Xalqıma səslənirəm, bu fitnələrə uymayın. Özləri oyun qurub, özləri də bu oyunu idarə edirlər. Amma siz onlara fürsət verməyin. Biz xaos, həbslər, cinayətlər yox, insanların azad və rahat yaşaya biləcəyi, normal bir ölkənin var olmasını istəyirik.Bilirəm ki, bütün bu olanlara susmaq, dözmək çox çətindir. Müdrik Aristotel deyirdi ki, “bütün ədalətsizliklərin arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”.

İndi də Azrbaycanda bütün cinayətlər qanun adı altında törədilir. Və dediyim kimi, buna susmaq çox çətindir. Susmayaq da. Amma müdrikliyimizi, soyuqqanlılığımızı da əldən verməyək. Biz kimsəyə izn verməyək ki, Azərbaycanda xaos yaradıb, bundan da öz mənafeyi üçün istifadə etsin.Allahın səxavəti və mərhəməti üzərinizdə olsun! Allah Azərbaycanımızı qorusun!



  • Yazılıb
  • da (də) 2018 Jul 20
  • Göndərən مدير سايت Aran News