Tarix : 2008 Jul 01
Kod 5593

Türkiyədə iki ordu generalı, Ankara Ticarət Palatasının sədri və tanınmış jurnalist həbs olunub

Onların hamısı mətbuatda “Ergenekon” adlandırılan qeyri-leqal təşkilatla bağlı bir neçə aydır aparılan istintaq çərçivəsində saxlanılıblar
Iran Servisi/Aran Agentliyi
Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandanı, Atatürkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şənər Əruyğur, 1-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Xurşid Tolon, Ankara Ticarət Odasının (Palata) sədri Sinan Aygun, “Cumhuriyet” qəzetinin əməkdaşı, tanınmış jurnalist Mustafa Balbay və daha 17 nəfər bu gün səhər saatlarında həbs olunublar.
    Onların hamısı mətbuatda “Ergenekon” adlandırılan qeyri-leqal təşkilatla bağlı bir neçə aydır aparılan istintaq çərçivəsində saxlanılıblar. Hazırda Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) saxlanılan bu şəxslərin bir qədər sonra İstanbula aparılacaqları gözlənilir.
    Həbs olunanların hamısının evlərində və ofislərində axtarış aparılır. Adları çəkilən şəxslər Türkiyənin mövcud hökumətinə qarşı müxalif mövqeləri ilə tanınırlar. Atatürkçü Düşüncə Dərnəyi məşhur cümhuriyyət mitinqlərinin əsas təşkilatçısı olub.
    Qeyd edək ki, indiyə qədər “Ergenekon” əməliyyatı çərçivəsində 49 nəfər saxlanılıb.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 01