Tarix : 2008 Jul 02
Kod 5599

MUSAVAT SEÇKİLƏRİ BOYKOT ETMƏYƏ TƏLƏSMİR

Daha az ziyanlı qərarın müəyyənləşməsi üçün hələ vaxtımız var
Beynalxalq Servisi/Aran Agentliyi
“Mövcud şəraitdə prezident seçkiləri ilə bağlı elə qərar qəbul etməyə çalışırıq ki, partiya və Azərbaycan demokratiyası üçün daha az ziyanlı olsun”. Bu açıqlamanı APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər verib. Onun sözlərinə görə, partiyada seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər. O, partiyanın konkret qərar qəbul etməsi üçün hələ vaxt olduğunu vurğulayıb: “Daha az ziyanlı qərarın müəyyənləşməsi üçün hələ vaxtımız var. Mən qərar qəbulunda tələsməyin tərəfdarı deyiləm”. S. Əkbər seçkilərdə iştirak edib-etməməklə bağlı hazırda partiyadaxili müzakirələrin aparıldığını qeyd edib: “Məclis ötən il seçkilərdə iştirakla bağlı qərar qəbul edib. Amma bununla bərabər Məclis boykot hüququnu da özündə saxlayır. Müzakirələr bitəndən sonra avqustun əvvəllərində Məclisin iclası çağırılacaq və yekun qərar qəbul ediləcək”.
  • Yazılıb
  • da (də) 2008 Jul 02