Tarix : 2018 Aug 14
Kod 56116

''Xəzərin statusu ilə bağlı həll olunmamış məqamlar var''

Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar.

Arannews-Həftəsonu imzalanan konvensiya günün ən çox müzakirə olunan məsələlərindəndir.

Sənəddə Rusiyanın marağı nəzərə alınıbHazırda hansı dövlətin bu prosesdən qazancla çıxdığı, 20 ildən çox müzakirəsi aparılan konvensiyanın detalları diqqət mərkəzindədir.İllər uzunu daha çox mübahisə mövzusu dəniz dibinin bölünməsi idi. Sənəddə qeyd olunub ki, Xəzərin dibilə kəmərlər çəkilə bilər və bunun üçün yalnız kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı lazımdır. Rusiya xarici işlər nazirinin müavini Griqory Karasin “Kommersant”a deyib ki, Moskva Azərbaycan, İran və Türkmənistanın yerin təki haqqında razılaşmanı öz aralarında, bu müzakirələrə bütün beşliyi “dartmadan” əldə etməsini istərdi. Bundan əlavə, Xəzərin dəniz və ya göl olması barədə fundamental coğrafi məsələdə də razılaşmayıb. Nəticədə sənəddə kompromis “su hövzəsi” terminindən istifadə olunub. Xəzərin karbohidrogen yataqlarının sahibliyi barədə məsələ də açıq qalıb.Daha sonra bildirilib ki, bölüşdürülən hələlik yalnız daxili və ərazi sularıdır. Bu məsələdə həmişə inadkar mövqe tutan İran hətta Konvensiyanın qəbulundan sonra da sərhəd məsələsinin açıq qaldığını, bu sənədin, ümumiyyətlə, İran parlamentindən keçməsi zərurətini bəyan edib. Eyni zamanda, İran Azərbaycanın iddia etdiyi Sərdar-Cəngəl yatağında artıq qazma işləri aparıb. Öz növbəsində Azərbaycan və Türkmənistan arasında Kəpəz, Azəri, Çıraq (türkmən variantında Serdar, Osman və Omra) yataqlarının sahibliyi üstündə mübahisə formal olaraq qalır.Sənəddə Rusiyanın ən əsas marağı nəzərə alınıb ki, bu, Xəzərdə sahil ölkəsi olmayan dövlətlərin gəmilərinin üzməsini qadağan edilməsi barədə müddəadır. Rusiya dənizdə ən böyük hərbi qüvvəyə malikdir, qalan ölkələrə isə “bütün tərəflərin maraqları nəzərə alınmaqla ağlabatan ölçüdə hərbi quruculuq” icazəsi verilir. Grigory Karasin deyib ki, bu Konvensiyada Rusiya silahlı qüvvələrinin maraqları “tam həcmdə” təmin olunub.Hərbi bazaların dənizdə yerləşdirilməməsi düzgün qərardırNeft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ümumilikdə sənədin imzalanmasını müsbət hesab edir:“Çünki 22 ildir faktiki olaraq ortada hüquqi sənəd olmadan Xəzəryanı ölkələr bir-biri ilə dənizdə hər hansı fəaliyyətdə idilər. Mübahisə predmeti olanda da nə arbitraj, nə də beynəlxalq sənədə müraciəti etmək hüquqları vardı. Səbəb o idi ki, 1996-cı ildə yeni hüququ sənədin işlənməsi razılaşdırıldı, o zaman dənizlə bağlı beynəlxalq sənədlər qüvvədən düşdü. Hazırda hüquqi müstəvidə məsələləri həll etmək üçün şərait yaranıb”.Dəyişikliklərə gəlincə, İlham Şaban bildirib ki, boru kəmərlərinin, magistral kabel xətlərinin çəkilməsində razılığa gəlmək yaxşıdır:“Magistral kəmərlərin çəkilməsində 5 ölkənin hər birindən razılıq almaq lazım deyil, kəmər hansı ölkənin ərazi sularından keçirsə, onun razılığı kifayətdir. Sadəcə, ekoloji məsələlərlə bağlı 5 ölkənin razılığı gərəkdir, bu da beynəlxalq praktika olan məsələdir. İkinci, Xəzərin dibinin bölünməsində orta xətt prinsipi saxlanıldı, ancaq Azərbaycan, İran və Türkmənistan arasındakı problemlərlə bağlı deyildi ki, formula təklif edilmir, şimal hissə necə bölünüb, o təklif olunur. 5 ölkənin nəyisə diktə etməsi gündəmdə deyil, konsensus yolu ilə olmalıdır, iki ölkə qarşılıqlı razılığa gəlməlidir. Əgər mübahisəli yataq varsa, bir ölkə icazə vermirsə, digəri ondan yararlanmayacaq. Tutaq ki, Kəpəz yatağı, Türkmənistan əllinin əlliyə işlənməsinə razılıq vermirsə, öz mənfəətindən qaçırsa, bu, 100 il də uzana bilər”.

İlham Şaban
İlham Şaban.

Ekspert üçüncü ölkənin hərbi bazalarının dənizdə yerləşdirilməməsini düzgün qərar adlandırıb:“Əvvəla, Xəzərin hüquqi statusu söhbəti 1994-cü ildə Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqları ilə bağlı ilk sazişdən doğdu. O zaman Rusiya Xarici İşlər Nazirliyi çox neqativ bəyanat verdi, ardınca İran. 1996-cı ildə Azərbaycan hər iki dövləti “Şahdəniz”lə bağlı kəşfiyyat strukturuna dəvət etdi. Orda da BP operator olmaqla narazı qalan dövlətin marağını ortalığa qoydu və nəticədə layihə imzalandı. Bundan sonra Xəzərin hüquqi statusunun yenidən işlənməsi ilə bağlı ilk görüş keçirildi. Bəli, 22 il az zaman deyil, amma reallıq ondan ibarətdir ki, Xəzəryanı ölkələr içərisində neft və qazdan ən çox Azərbaycan bəhrələndi. Söhbət neft-qaz layihələrinin işlənməsi, onların dünya bazarına çıxarılması, yeni infrastrukturların yaradılması və Xəzər regionu ölkələrinin bu layihələrə cəlb edilməsindən gedir. Hazırda Qazaxıstan, Türkmənistan və Rusiyanın nefti BTC ilə dünya bazarına daşınır. Düzdür, onlar gəmilərlə Səngəçal terminalına gətirilir. 10 il sonra bu terminala Qazaxıstandan neft, Türkmənistan da qaz çəkilə bilər”.Həll olunmamış məqamlar varAvropada yaşayan siyasi mühacir Rauf Mirqədirov imzalanmış konvensiyanın pozitiv tərəfləri ilə bərabər həll olunmamış məqamlarının da çox olduğunu düşünür:“Pozitiv məsələlərdən başlayaq. Prinsipcə, hövzədə gəmilərin hərəkəti və iqtisadi məsələlər müəyyən qədər reqlamentləşdirilib. Mütləq iqtisadi zonalardan kənardakı bütün bioresursların əldə olunması hamı üçün eynidir. Dənizin dibinin sektorlara bölünməsində yalnız Azərbaycanın problemlemləri ortaya çıxır. Rusiya-Azərbaycan-Qazaxıstan dənizin dibinin bölünməsi məsələsində qarşılıqlı problemlərini ikitərəfli müqavilələrlə həll etsələr də, Türkmənistan və İranla problemlər qalır. Konvensiya bu məsələni ikitərəfli formatda həllini nəzərdə tutur. Deməli, dənizin dibinin ümumi sektora bölünməsini razılaşa bilməyiblər. Razılaşmanın olmaması mübahisəli yataqlar problemini gündəmə gətirir, Bakı bu məsələdə Tehran və Aşqabadla ciddi fikir ayrılığına malikdir. Burda pozitiv məqam həm də odur ki, Rusiya və İran dənizin dibindən neft və qaz kəmərlərinin çəkilməsində güzəştə gedib. Hər iki dövlət buna qədər dənizin dibi ilə kəmərlərin çəkilməsində bütün Xəzəryanı dövlətlərin razılığını tələb edirdilər. O zaman Rusiya və İran bunu onunla əsaslandırırdı ki, dəniz xüsusi ekoloji rejimə malik olmalıdır, halbuki, çox absurd mövqe idi. Çünki Xəzəryanı dövlətlərin hamısı karbohidrogen ehtiyatların çıxarılması və ixracı ilə məşğuldurlar, bunların da sahilə daşınması kəmərlər vasitəsilə mümkündür. Rusiya bu israrıyla Orta Asiya resurslarının ondan kənar Avropa bazarlarına çıxarılmasının qarşısını alırdı. Bu məsələ həll olunsa da, müəyyən təhlükələr qoyur, yəni Rusiyanın belə asanlıqla Orta Asiya enerji resurslarının Avropa bazarına çıxarılması suallar doğurur. Görünür, Rusiyanın birdən-birə belə güzəştə getməsi daha çox imicini pozitivləşdirmək istəyindən gəlir. Ümumiyyətlə, 2008-ci ildən Rusiya hərbi, siyasi və elektoral aqressiv dövlət imicinə malikdir, indi güzəştə getməklə pozitiv imicini yaratmaq istəyir”.

Rauf Mirqədirov
Rauf Mirqədirov.

Rauf Mirqədirovun sözlərinə görə, dənizin dibinin sektorlara bölünməsində Azərbaycanla Türkmənistanın “dil tapması” imkanları kifayət qədər genişdir:

“Çünki Türkmənistan Rusiyadan kənar xətt olan “TransXəzər” qaz kəmərinin çəkilməsində maraqlıdır. İndiyə qədər Türkmənistan Avropa bazarına Rusiya vasitəsilə çıxır, belə olanda Moskva istədiyi vaxt həm qiymət, həm də həcmlərlə manipulyasiya edir. 2008-ci il böhranı zamanı Türkmənistanla Rusiya arasında bu istiqamətdə əməkdaşlıq bir qədər dayandırıldı. Səbəb o idi ki, Moskva müqavilədə nəzərdə tutulan qiymətlərlə deyil, həddən artıq ucuz qiymətlər və daha az həcmdə qaz istəyirdi. İkinci, Azərbaycan da tranzit ölkəyə çevrilməkdə maraqlıdır. Belə olanda Bakı ilə Aşqabad mübahisəli yataqların birgə istismarında kompromis tapa bilərlər. Amma İranla danışıqlar çətindir, güman ki, Tehran güzəştə getməyəcək. Həm də konvensiyada mübahisəli yataqların yalnız danışıqlar yolu ilə istismarını qeyd edən maddə yoxdur”.Rauf Mirqədirov deyir ki, Xəzərdə qeyri-regional dövlətlərin hərbi birləşmələrinin olmaması qərarı Rusiya və İranın israrı nəticəsində qəbul edilib. Konvensiyada aydınlaşdırılmağa ehtiyacı olan başqa bir maddə də var, bu, öz ərazilərindən digər Xəzəryanı dövlətlərə qarşı təcavüz üçün imkan verilməməsidir:"Məsələn, Azərbaycan NATO-ya daxil olsa, yaxud Türkiyə ilə hərbi müqavilə imzalasa və nəticədə ərazisində hərbi bazanın yerləşdirilməsinə razılıq verərsə, İran və Rusiya bunu özlərinə qarşı təcavüz aktı kimi qiymətləndirəcəklərmi? Bu halda Rusiyanın Ermənistandakı hərbi bazasından Dağlıq Qarabağ məsələsində istifadə olunarsa, Azərbaycan necə dəyərləndirəcək? Azərbaycana bu maddə nələr verir, Bakının maraqları nədən ibarətdir, yalnız Rusiyaya güzəştə gedilirsə, dövlətin maraqları nəzərə alınırmı? Yəni bu maddə mürəkkəb suallar doğurur?”

  • Yazılıb
  • da (də) 2018 Aug 14
  • Göndərən مدير سايت Aran News