Tarix : 2018 Aug 15
Kod 56131

Fərqli və müxalif fikirləri dinləmək rəhbər şəxslərin ən mühüm xüsusiyyətidir

Allah-Mütəal müqəddəs Qurani-Kərimdə və islami mətinlərdə cəmiyyətə rəhbərlik edəcək şəxsin xüsusiyyətləri barədə mühüm göstərişlər verib.

Arannews-Həmin xüsusiyyətlərdən biri də rəhbər şəxsin söz dinləmə, insanlara söz azadlığı, ifadə azadlığı verməsidir. Rəhbər onunla bağlı müxalif düşüncəni boğmamalı, öz müxaliflərinə ifadə azadlığı verməli, bununla yanaşı onları dinləməlidir. Onun buna mənəvi gücü yetməlidir. 

Allah rəsulunun (s) peyğəmbər olmaqla yanaşı bir rəhbər olduğunu nəzərə alsaq, Quran bu barədə buyurur: 

"Onların bəziləri peyğəmbəri incidir və deyirlər: o başdan-başa qulaqdır (hərkəsi eşidən). De: O, sizin üçün yaxşı (xeyirli) bir qulaqdır. (O) Allaha iman edər, möminləri təsdiqləyər (etimad göstərər), sizdən iman gətirənlər üçün bir rəhmətdir". 

Ayənin nazil olma səbəbi barədə deyilir ki, münafiqlər öz aralarında peyğəmbərin ardınca danışırlar və bununla belə danışıqlarının peyğəmbərə (s) yetişəcəyindən ehtiyat edirlər. Onlar düşünür ki, peyğəmbər bu müxalif düşüncə və danışığımızı eşidər və bizim üçün yaxşı olmaz. Lakin onlardan bəzisi deyir: “Xeyir, narahat olmayın o, qulaqdır - Yəni eşidən, dinləyəndir.”

 

Quran onların dilindən belə bəyan edir: " deyirlər: O başdan-başa qulaqdır (hər kəsi eşidən)". 

Quran müxaliflərin dili ilə danışaraq peyğəmbəri "qulaq" adlandırır. Bu müxaliflərin tənə ilə dediyi sözdür. Qulaq deməklə onlar bildirmək istəyir ki, narahat olmayın, peyğəmbər (s) müxalifləri də dinləyən, onların sözünü eşidən, qulaq verəndir. Narahat olmağa lüzum yoxdur. Müxalif düşüncə olsa belə peyğəmbər (s) hər zaman hər kəsi dinləyəndir. Onlar fikirləşirdi ki, onsuzda nə desək peyğəmbər (s) qulaq asır. Müxaliflər bu sözləri tənə ilə deyir, Həzrəti (s) sadəlövhlükdə ittiham edirdilər. 

Lakin "eşidən" olmaq heç də sadəlövhlük demək deyil. Əksinə peyğəmbər (s) hər kəsi dinləyir, müxalif fikirli olsa belə fikirlərini ifadə etməyə izin verir, onların sözlərinə qular verirdi. Bu hakimə məxsus bir xüsusiyyətdir. Lakin münafiqlər bunu sadəlövhlük hesab edir, tənə edirdilər. Ayənin davamında Quran onlara cavab olaraq buyurur: 

"De: O, sizin üçün yaxşı (xeyirli) bir qulaqdır". Yəni o Həzrətin (s) eşidən olması sizin üçün xeyirlidir. Əgər o Həzrət (s) sizi dinləyirsə, sizə təzyiq göstərmirsə, sizə fikirlərinizi ifadə etməyə imkan yaradırsa, bu sizin öz xeyrinizədir. Bu peyğəmər (s)üçün əzəmət, sizin üçün mənfəətdir. 

Peyğəmbərin (s) hər kəsə qulaq asması, dinləməsi heçdə o demək deyil ki, Həzrət (s) hər kəsi təsdiqləyirdi. Ayənin davamıında buyrulur:

 "O Allaha iman edər, möminləri təsdiqləyər (etimad göstərər)".

 Peyğəmbər (s) Allaha iman edər, möminlərin sözlərinə etimad edər, onları təsdiqləyər. Hər kəsə qulaq asar, hər kəsi dinləyər, lakin hər kəsi təsdiqləməz. İman əhlini, imanla deyilmiş sözü təsdiqləyər. Hər kəsə ifadə imkanı verir, lakin Allahın buyurduğunu və imanla deyilən sözü təsdiqləyir.

 Peyğmbərin (s) insanlarla qulaq asıb, onlarla işlər barədə məşvərət etməsi barədə digər bir ayədən də nümunə qeyd etmək mümkündür:

 "İşlərdə onlarla məşvərət et!" (Ali-İmran-159)

 Bunu da oxu:  İnsanların izzətini və ehtiramını qorumaq rəhbər şəxslərin ən mühüm vəzifəsi və borcudur

 Mütəal Allah ayədə peyğəmbərinə (s) əmr edir ki, onlarla işlərinizdə məşvərət, məsləhət eylə. Hər kəs üçün meydan yarat ki, fikirlərini desin. Quran "onlarla" deməklə yalnız möminləri nəzərdə tutmur. Çünki ayənin nazil olma səbəbində qeyd olunur ki, Uhud döyüşündən öncə Həzrət peyğəmbər (s) hər kəslə döyüş barəsində məsləhət edir. Hər kəs öz məsləhətini verir. Lakin bu məsləhət edənlərdən neçəsi döyüşdə iştirak etmir və möminlərin Uhuddan məğlub döndüklərini gördükdə düşünürlər ki, peyğəmbər (s) bir daha bizimlə məşvərət etməz. Artıq peyğəmbər özü qərar verəcək. Lakin bu ayə nazil olur və Allah peyğəmbəriniə insanlarla məşvərət etmək göstərişi verir.

 

Bu o deməkdir ki, məsləhət uğurlu alınmasa belə daima olmalıdır düşüncə meydanı daim açıq olmalıdır.

Mümkündür bu dəfə uğursuz olsun. lakin düşüncə, söz məsləhətləşmə meydanı hər zaman açıq olmalıdır. Hər kəsin düşüncəsi, fikri eşidilib, qulaq asılmalı, istifadə olunmalıdır.

 Ayə buyurur ki, Mədinədə qalıb döyüşə getməsələr belə, onlardan, onların düşüncələrindən belə istifadə edin. Heç kəs özünü cəmiyyətdən təcrid olmuş hiss etməsin. Rəhbər Allahın peyğəmbəri olsa belə məşvərətə, məsləhətə əmr olunur. Niyə?

 Çünki ibrət olsun deyə! Heç kəs öz rəyini, düşüncəsini ən üstün hesab etməsin. Hətta rəhbər, peyğəmbər olsa belə!

Təbii ki, əgər peyğəmbərə bu cür əmr olunursa, sözsüz ki, hər bir rəhbər, hakim də peyğəmbər yolu ilə, izi ilə getməlidir. İşlərində məsləhət, məşvərət edib, hər kəsə, xüsusən müxaliflərə belə fikir və söz ifadə imkanı verməlidir.

 Rəhbərə, hakimə məxsus xüsusiyyətlər ayələrlə bərabər, hədislərdə də öz əksini tapır. İmam Əliyə (ə) məxsus hədislərin birində deyilir:

 "Heç vaxt haqq sözü mənə deməkdən və ədalətli məşvərət etməkdən çəkinməyin" - Yəni mən olsam belə haqqı deməkdən çəkinməyin. Düşünməyin ki, bu Əlidir. Hətta mənə qarşı olsa belə ədalətli olun, ədaləti ifadə etməkdən çəkinməyin. Elə düşnməyin ki, dediyiniz haqq söz mənə ağır gələcək. Heç vaxt bu cür güman etməyin.

 "Hər kəs ki, ona haqq söz deyiləndə, ədalətli bir yol göstəriləndən ona ağır gələ, bilin ki ədalətə əməl etmək daha ağırdı"- Əgər bir kəsin haqqı eşitməyə, ədaləti eşitməyə gücü çatmırsa, bilsinki, ədalətli olmaq, ədalətə əməl etmək daha ağırdı.

 İslam baxışında, İslam mətnlərində həqiqi rəhbərin xüsusiyyətləri bu cürdür. Həqiqi rəhbər heç vaxt özünü başqalarından üstün hesab etməməlidir. Rəhbər daim cəmiyyətə söz verməli, daim cəmiyyətin fikirlərini öyrənməli, cəmiyyətə söz və düşüncə azadlığı verməlidir. Cəmiyyət dediyi sözə görə narahat olmamalıdır. Rəhbər eşidər, bilər deyə narahatçılıq keçirməməlidir.

 İnsanlara söz azadlığı, ifadə azadlığı verilməli, onlarla məsləhət və məşvərət edilməlidir. Çünki deyilən hər bir söz cəmiyyət üçün, cəmiyyətin inkişafı üçün həlledici ola bilər.

  • Yazılıb
  • da (də) 2018 Aug 15
  • Göndərən مدير سايت Aran News