Tarix : 2018 Aug 16
Kod 56143

İlqar Məmmədovun demokratik, Hacı Talenin İslam dövləti – hansı real təhlükədir

Bizim qorxaq dovşanlarımız üçün Avropa, onun gətirdiyi demokratiya daha çox qorxuludur.

Arannews-Allaha həmd olsun ki, İlqar Məmmədov da azadlığa çıxdı. Biz nəinki fikri islamçılarla düz gəlməyən, hətta ümumiyyətlə islamı yox, başqa dini, hətta dinsizliyi (ateizmi) seçən və nahaqdan həbs edilən insanların da azadlığa çıxmasını tələb edirik. Çünki belə olan halda istəyimiz reallaşır, yəni haqq öz yerini tapır. Çünki bu insanlara zülm olunmuş, nahaqdan həbs edilmişdilər. Bunu da bizə dinimiz öyrədir.

İlqar Məmmədov – heç kimə gizli deyil ki, avropapərəst adamdır. Əlinə fürsət düşdükcə Avropa dəyərlərindən, mədəniyyətindən, ən çox da demokratiya və insan haqlarına verdikləri dəyərdən danışır. Belə baxanda ölkəmizdə insan haqları vəhşicəsinə basdalanırsa niyə də insan haqlarını təkid edən dairələrlə həmfikir olmayasan? Məsələn, elə İlqar bəyin özünü ölkəmizdə, öz millətimiz sayılan hakimiyyət (nə dərəcədə hakimiyyəti öz millətimiz saymaq olarsa) dairələri sifarişlə həbs eləmişdi. Amma Avropa beş-altı ildir səsini başına atıb etiraz edirdi. Axırda istəyi də oldu. İndi desək ki, həmin Avropa elə islamçı məhbuslardan ötrü də çox can-fəşanlıq edir, bu bir qədər səmimiyyətdən uzaq olar. Belə olmasaydı dünən İlqar Məmmədov çıxmışdısa bu gün də Hacı Tale çıxardı.
İndi Eldar İbrahimov, Fəzail Ağamalı kimi yaltaq, səviyyəsiz, vəzifəyə görə vicdanını satan maşenniklər durub bu hadisəni kimlərinsə humanist addım atmasıyla, demokratik insan olmasıyla əlaqələndirirlər. Amma bu miskin, düşüncəsiz insanlar görəsən anlamırlar ki, bir insan humanist, demokrat adamdırsa nə üçün məsələn Hacı Tale (və nahaqdan həbs edilən digər məhbuslar) azadlığa çıxmır. Desələr ki, o cinayətkardır, onda belə çıxır ki, İlqar Məmmədov cinayət etmədən həbs edilmişdir. (Onsuz da həqiqət belədir) Cani canidir, canini həbsdən azad etmək hansı demokratiyaya sığır? Canini həbsdən azad etmək humanist addımdırsa onda bu cani çıxıb başqa cinayətlərə əl atdıqda onu həbsdən "çıxaran humanist insan" həmin zərərçəkmiş insanlara nisbtdə qeyri-humanist addım atmış olacaq.
Biz elə "Turanın" rəhbəri Mehman bəy azadlığa çıxanda da yazıb bildirmişdik ki, hakimiyyət bir daha Avropadan qorxduğu üçün "canini" azadlığa buraxdı. İndi də İlqar Məmmədov hadisəsi bunu təsdiqləyir. Hacı Taleyi caladıqları İran (güya hacı İran agentidir) isə hakimiyyətə təzyiq eləmir. Beləliklə də məlum olur ki, bizim qorxaq dovşanlarımız üçün Avropa, onun gətirdiyi demokratiya daha çox qorxuludur. Sabah İlqar Məmmədov dövlət çevrilişi edib (zarafat deyil, onu İsmayıllı iğtişaşlarında dövlət çevrilişi etməkdə, xalqı hakimiyyət əleyhinə qızışdırmada ittiham edib həbs etmişdilər) Avropa dövləti qursa necə olacaq? Və yaxud nə üçün hakimiyyət demokratiya carçısını, Avropanı təbliğ edən insanı həbsə atdı? Digər sual bundan ibarətdir ki, Hacı Tale özü dəfələrlə Azərbaycanda İslam dövləti üçün ümumiyyətlə zəminənin olmadığını dilə gətirdiyi halda niyə həbs edildi? Deməli bizim rejim nə İslamdır (müsəlman) nə də demokrat. Sadəcə özləri də gözəl bilir ki, onlar üçün qorxulu olan ABŞ yaxud Avropa demokratiyasıdır. Şəxsən hazırkı təcrübələr göstərir ki, ABŞ-Avropa "demokratiyasının" Fəzail Ağamalı, Eldar İbrahimov "humanistliyi" ilə heç bir fərqi yoxdur. Nə Avropa bunlara inanır, nə də bunlar Avropanı, ABŞ-ı ədalətli, demokrat hesab edirlər. Rejim üçün əsas odur ki, onun əleyhinə nəsə deməsinlər. Bunların əleyhinə danışanın fərqi yoxdur, istər avropapərəst olsun, istər İslamdan danışsın, hər ikisi rejim üçün təhlükədirsə əzəcək, boğacaq, atacaq həbsə. Amma İslamı hələ ki, sınamayıblar. Bu günə qədər müxalifət də dünyəvidir, iqtidar da sekulyardır. Ayaz Mütəllibov da, Elçibəy də, Heydər Əliyev də sekulyar.

  • Yazılıb
  • da (də) 2018 Aug 16
  • Göndərən مدير سايت Aran News