Tarix : 2018 Aug 16
Kod 56145

''Rəis dedi ki, şərait yarat, Fədayə xanım ''Qoca'' ilə görüşsün''

Fədayə Laçın zənglə hansı vəzifəli şəxsdən dustaq qatarına icazə alıb?

Arannews-Dustaqların Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qaytarılarkən qatardakı xüsusi vaqondan qaçmasıyla bağlı məhkəmə prosesi davam etdikcə, yeni məqamlar üzə çıxır. Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə iclasında üzə çıxıb ki, müğənni Fədayə Laçının qaçan dustaqlardan biri - Etibar Məmmədovla birlikdə qatarda getməsinə Penitensiar Xidmətin vəzifəli şəxsinin göstərişi əsasında razılıq verilib.Hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmədə dustaqlar qaçan gün qatarda qarovul rəisinin müavini olmuş Tural Poladxanov ötən məhkəmədən yarımçıq qalan ifadəsini davam etdirib. O bildirib ki, qatarla Lənkərandan Bakıya gələn zaman bələdçinin otağında qaçan dustaqlar Etibar Məmmədovla Əli Ağamini birlikdə görüb: “Gecə yatmışdım. Oyananda hər ikisini birlikdə gördüm. Səhər Bakıya çatana yaxın Fuad dedi ki, həmin otağın pəncərəsi açıqdır.İçəri baxanda Etibarla Əlini otaqda görmədik. Onda bildik ki, onlar qaçıb. Tez baş idarəyə rəisimizə məlumat verdik. Lənkərandan Şirvana gələnə qədər Günay da (təqsirləndirilən Günay Atakişiyeva) qatarda olub. Həmin vaxt onun saçları qırmızı rəngdə idi”.

İstintaq materiallarına görə, pəncərəni açmaq üçün lazım olan açarı Etibar Məmmədovun dostu Aqil Fədayə Laçının bacısının tanışından gedib götürüb.Daha sonra gətirib Günaya verib. Günay da qatarda gedəndə Etibar Məmmədova çatdırıb. O, qatar Lənkərandan qayıdarkən Şirvanda düşüb.Təqsirləndirilən qarovul rəisinin daha bir müavini Fuad Hacıyev də məhkəmədə ifadə verib. Bildirib ki, gecə qatarla Lənkərandan Bakıya gələndə dustaqlar E.Məmmədovla Ə.Ağaminin bələdçinin otağında oturduğunu görüb: “Yolda yatmışdım. Qatar Bakıya çatanda Etibarla Əlinin bələdçi otağında görmədik, onlar qaçmışdı”.F.Hacıyev də Günay Atakişiyevanın “Qoca” ilə birlikdə Lənkərandan qayıtdığını təsdiqləyib: “Mən onu qatarda görəndə elə bildim məhbus qadınlardan biridir. Günay Atakişiyevanı tanımırdım”.Təqsirləndirilən qarovul rəisi Ceyhun Səmədov da məhkəmədə ifadə verib. Onun sözlərinə görə, Etibargilin Lənkəranda məhkəməsi bir neçə ay idi gedirdi. Onlar dəfərlərlə Lənkərana aparılıb-gətirilmişdi. Bunların birində Fədayə Laçın da Etibarla birlikdə gedib. Bunun necə baş verdiyini isə qarovul rəisi belə danışır: “Fədayə xanım Bakı vağzalında qatara yaxınlaşıb, Etibarla görüşmək istədiyini dedi. Ona “yox” dedim. Sonra telefonda kiminləsə danışdı və telefonu mənə verdi. Rəisimiz Bəhruz Abdullayev imiş. Bəhruz Abdullayev görüş verməyimi istədi. Sonra içəri keçib, yenidən onunla telefonda danışdım. Yenə dedi ki, “şərait yarat, Fədayə Etibarla görüşsün”. Qatarda Fədayə xanımın çantasına baxış aparıb onunla içəri keçdik. Otaqda Etibarla görüşdülər. Etibar Əli Ağaminin də onların olduğu otağa gəlməsini xahiş etdi. Onu da həmin otağa apardıq. Ancaq o otaqda şəkillərin necə çəkildiyini görməmişəm. Ola bilsin, Fədayə xanımın üstünü yaxşı yoxlamamışıq”C.Səmədov qeyd edib ki, onu Bakıya çatanda yuxudan oyadıb deyiblər ki, Etibar Məmmədovla Əli Ağami yoxdur: “Lənkəranda Günay Atakişiyeva Etibar Məmmədovla görüşə gələndə çantasını özüm şəxsən yoxlamışam. Orada açar yox idi. Ağlıma da gəlməzdi ki, Etibarla Əli Ağami qaça bilər”.C.Səmədov Günayı qatara niyə buraxmasını da əsaslandırıb. Onun sözlərinə görə, “Qoca” ona yalan danışıb: “Mənə dedi ki, Lənkəranda həyat yoldaşı qatara minəcək. Xahiş etdi ki, onu arvadı ilə görüşdürüm. Bu zaman vaqonun qapısı döyüldü. Qapını açanda Günay Atakişiyeva daxil oldu. Mən haradan bilərdim ki, Günay xanım onun arvadı deyil?”Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə dustaqlar Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə 13 nəfər təqsirləndirilən var. Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, müğənni Fədayə Laçın, qaçan dustaqlardan Əli Ağami də onların sırasındadır.Digər təqsirləndirilən 10 nəfər isə Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, E.Məmmədovla münasibəti olmuş Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasından əlavə, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə ittihamı verilib.Bu hadisəyə görə daha bir nəfər axtarışdadır.İttiham aktına əsasən, 7 nəfər (Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov) zərərçəkmiş şəxs qismində tanınır. Onlar polislərdir və qaçan dustaqlardan biri Etibar Məmmədovun yeri müəyyənləşdirilib onun tutulması üçün keçirilən əməliyyatda iştirak ediblər.Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Rəsmi məlumatda deyilir ki, E.Məmmədov onun tutulması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülüb.

  • Yazılıb
  • da (də) 2018 Aug 16
  • Göndərən مدير سايت Aran News