Tarix : 2018 Aug 18
Kod 56162

Oğlum mənə yazdı ki...

Onunla bağlı qələmə almaq istədiyim xatirələri hansı ardıcıllıqla yazacağıma qərar verə bilmirəm. Yaddaşımda onunla bağlı o qədər gözəl və çox xatirələr var ki... Bu çətinliyi aşım deyə, elə ilk tanışlığımızdan yazmaq qərarına gəldim.

Arannews-Tarix 9 iyul 2016-cı il... Məlum Nardaran hadisələri ilə bağlı Bakı Agır Cinayətlər Məhkəməsinin iclas salonunda qondarma cinayət işi üzrə məhkəmə prosesinin açılış iclası başlamışdı. Demək olar ki, məhkəmə salonu tamamilə dolmuş ,bütün diqqətlər, xüsusən anaların, bacıların yaşlı gözləri şəfqət və mərhəmət hissi ilə dəmir barmaqlıqlar arasındakı məhbuslara yönəlmişdi. Məhbuslar isə bütün ağlagəlməz işgəncələrə, əzab-əziyyətlərə rəğmən, yenə də ayaqda dik duraraq, öz idealları uğrunda mübarizənin yeni, deyərdim ki, ən vacib mərhələsi üçün sinələrini qabağa verib, bu mərhələyə də hazır olduqlarını bildirdilər.Əlbəttə, təkcə məhbuslar deyil, həm də dəmir barmaqlıqlarla paralel şəkildə əyləşmiş, adlarını Azərbaycanın yeni mübarizə tarixinə qızıl hərflərlə yazdırmış müstəqil vəkillər də məsələnin bütün ciddiyyətini anlayaraq, fədakar döyüşçülər tək bu məhkəmədə vəkil kimi rol almağa razılaşmışdılar. Bununla həm də faktiki özləri üçün də ağır bir prosesdə iştiraka hazır olduğularını bəyan etmişdilər.Bax, onunla ilk görüşümüz də bu məkanda baş tutmuşdu. Haqqında eşitdiyim, ancaq özünü görmədiyim vicdanlı vəkillə indi aramızda iki addımlıq məsafə, bir də dəmir barmaqlıqlar var idi. Təbii, nə iki addımlıq məsafə, nə də dəmir barmaqlıqlar onunla tanışlığımıza mane ola bildi.Onu da deyim ki, bu tanışlığa görə Rəbbimə dəfələrlə həmd-səna etmişəm. Nə yaxşı ki, onun kimi şəxsiyyəti qarşımıza çıxardı. Özü də ən çətin anlarımızda...“Nardaran işi” məhkəmə prosesindən daha çox, haqla batilin qarşı-qarşıya gəldiyi savaş meydançasını xatırladırdı. Bu məkanda batilə qarşı dirəniş göstərmək, sözün əsl mənasında insandan həddindən artıq cəsarət tələb edirdi. Həmin cəsarət hissi haqq cəbhəsini təmsil edən məhbus və vəkillərin simasında günbəgün aydın şəkildə özünü göstərirdi.Beləcə, məhkəmə başaldı, biz həftənin 3 günü onunla birlikdə, saatlarla batil cəbhəsinə qarşı dayanırdıq. Savaşırdıq, batilin qorxu mislini sabun köpüyü kimi partladıb, həqiqətləri ortaya çıxarırdıq. Günlər keçdikcə, biz öz məqsədlərimizə addım- addım yaxınlaşaraq, batil cəbhəsini ifşa edirdik. Zərbələrin təsirindən başlarını itirib daha da çılğınlaşmağa başlamışdılar. Məhz həmin günlərdə biz onun nə qədər vicdanlı, cəsarətli, mənəviyyatlı bir şəxsiyyət olduğunu kəşf etmişdik... (edited)O, artıq hamının sevimlisinə çevrilmişdi. Əlbəttə, batil cəbhəsindəkilərdən başqa... Çünki ifşaedici zərbələrin əsas müəlliflərindən biri də məhz o idi. Necə ki, döyüşçülər öz sevimli sərkərdələrini gördükdə daxilən rahatlanıb qurur duyarlar, biz də onu gördükdə eynilə bu hissi yaşayırdıq. Bəli, o, bizim haqsızca ayaqlar altına atılmış hüquqlarımızın qoruyucu sərkərdəsi idi. Sona qədər də əsl sərkərdələr kimi, nəyin bahasına olursa olsun, hüquqlarımızı ləyaqətlə müdafiə etdi. Nəticədə mənəvi baxımdan qalib gəlmiş sərkərdənin parlaq fəaliyyəti gözlənildiyi kimi, batil cəbhəsinin qəzəbinə tuş gəldi. Və onu Vəkillər Kollegiyasından uzaqlaşdırdılar. Lakin onun fədakar obrazını şüurlardan, sevgisini qəlblərdən əsla çıxara bilmədilər. Bilməyəcəklər də....

Gerçək İNSAN üçün də lazım olan məhz budur.Yəqin ki, söhbətin vəkil Yalçın İmanovdan getdiyini hiss etmisiz...Əminliklə deyə bilərəm,Yalçın bəy gələcək nəsillər üçün də nümunəyə çevrilib. Bu əminliyi böyük oglum Muhəmmədhəsənin mənə yazdığı məktubunun sətirlərində duydum. Kiçik əlləri ilə mənə yazdığı məktubunda deyirdi ki, “ata, mən böyüyəndə Yalçın əmi kimi vəkil olacam, insanların hüquqlarını müdafiə edəcəm”.Şəxsən mənim üçün Yalçın düzgünlük, güzəştsiz mübarizə, sədaqətli dost deməkdir. Onun haqqında xatirələrim o qədər çoxdur ki... Ancaq məlum səbəbdən - imkanlarımın hərtərəfli məhdudiyyətinə görə ixtisarla yazmaq məcburiyyətindəyəm. Bu qısa yazını da qələmə almaqda məqsədim hörmətli qardaşım Yalçının doğum günü ilə əlaqəlidir.Bü gün, avqustun 17-si onun 45 yaşı tamam olur.Bir il bundan öncə baş verən, heç vaxt unutmayacağım bir məqamı qeyd edim. Keçən il qardaşım Yalçın öz doğum gününü Qobustan həbsxanasında bizimlə birlikdə qeyd etmişdi. Bu qutlama onunla uzun-uzun və gözəl söhbətləşməkdən ibarət idi. Çoxunun yayda istirahət mərkəzlərində dincəldiyi qızmar avqust günlərində, o, bizi, bizimlə görüşüb-söhbətləşməyi seçmişdi...Həbsxanaya ilk düşdüyüm gündən indiyə qədər var gücümlə çalışmışam ki, darıxmaq hissini özümə yaxın buraxmayım. Etiraf etməliyəm ki, həbsxana həyatında bizi təbəssümlə qarşılayıb bağrına basıb dərdlərimizi bölüşən Yalçın İmanov üçün çox, lap çox darıxmışam...Doğum günün mübarək, ey gözəl insan! Yenidən görüşmək ümidi ilə...Tanrı səni qorusun!Taleh Bağırzadə, Qobustan həbsxanasıYazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

  • Yazılıb
  • da (də) 2018 Aug 18
  • Göndərən مدير سايت Aran News