Tarix : 2018 Aug 20
Kod 56185

Əlinin (ə) şəhərindən yol qeydləri - Nəcəfi Azərbaycana bağlayan tellər (FOTOLAR)

Avqustun 16-da gündüz Nəcəfə çatanda havada 41 dərəcə isti vardı. Amma bu temperatur Nəcəf üçün o qədər də şiddətli isti sayılmır, çünki sabahı gün artıq 47-48 dərəcə isti vardı.

Arannews-Avqustun 16-da gündüz Nəcəfə çatanda havada 41 dərəcə isti vardı. Amma bu temperatur Nəcəf üçün o qədər də şiddətli isti sayılmır, çünki sabahı gün artıq 47-48 dərəcə isti vardı. İraqın 4-cü böyük şəhəri hesab olunan Nəcəf Fərat çayının qərbində, paytaxt Bağdaddan təxminən 160 kilometr cənubda yerləşir. “İmamlar atası” Həzrət Əli (ə) fəzilət və kərəm sahibi olaraq həm sağlığında, həm də dünyadan köçdükdən sonra ötən müddət hər zaman insanları özünə cəlb edib. Həzrət Əlinin (ə) şücaəti, qəhrəmanlığı, sədaqəti, mərdliyi, fədakarlığı, elmi və başqa fəzilətləri müsəlman aləmində böyük eşq və irfan məktəblərinin ilham qaynağı olub və olmaqda davam edir. Şiələr üçünsə İmam Əli (ə) Peyğəmbərin davamçısı, ilahi-siyasi lider, birinci imamdır. Şiə aləmində ən böyük diqqət Kərbəla hadisəsi və İmam Hüseyn (ə) müsibətinə olsa da, İmam Əli (ə) istisnadır. İmam Əlinin fəziləti bütün digər imamlardan üstün hesab olunur. Çünki O, imamlar atasıdır, kərəm sahibidir. Şahları ayağına gətirən məzar

Nəcəf bütün dünyada İmam Əlinin (ə) şəhəri kimi məşhurdur. Doğrudur, bu şəhərdə bir çox peyğəmbərlərin qəbri var. Hətta bəzi müsəlman alimləri Nəcəfdə İmam Əlinin (ə) deyil, bu gün hərəmin yerləşdiyi yerdə Adəm və Nuh peyğəmbərlərin məzarlarının olduğunu iddia edirlər. Şiələr isə hər iki versiyanın doğru olduğuna inanır.Ancaq bugünkü Nəcəf şəhərinin tarixi İmam Əlinin (ə) adı ilə bağlıdır. Hərfi tərcümədə yüksək yer, təpə mənasını verən Nəcəf 8-ci əsrin ortalarına qədər boş bir ərazi olub. İslam tarixi məlumatlarına görə, 661-ci ildə İslam xilafətinin paytaxtı olan Kufə şəhərində məsciddə ibadət zamanı xarici təriqətinə mənsub ibn Mülcəm tərəfindən qılıncla ağır yaralanan 4-cü xəlifə İmam Əli (ə) iki gün sonra şəhid olur. Həmin vaxt xilafətdə parçalanma və daxili müharibələr gedirdi. İmam Əlinin vəsiyyətinə əsasən, ən yaxın olan bir neçə səhabə gecə ilə İmama (ə) qüsl verərək onu Kufədən 12 km aralıda gizlicə dəfn edirlər. Beləliklə, İmam Əlinin (ə) məzarı yalnız oğlanları və ən yaxın bir neçə səhabəsinə məlum olur.Təxminən 100 ildən sonra Abbasilər sülaləsinin hakimiyyəti zamanı İmam Əlinin qəbri tapılır. Bu hadisə ilə bağlı məşhur rəvayətdə deyilir ki, bir gün xəlifə Harun ər-Rəşid çöllükdə ceyran ovuna çıxır. Ov zamanı tazılar bir ceyranı qovur, ceyran qaçaraq bir təpənin üzərinə çıxır, ancaq bu zaman tazılar təpəni keçmir və yerlərində dayanırlar. Bu yerin hikmətli olduğunu düşünən xəlifə ətrafda yaşayan ən yaşlı bilgə adamı dəvət etdirir və öyrənir ki, təpədə bir övliyanın qəbri var, bu səbəbdən də vəhşi heyvanlar bəzən ora pənah aparır.Sonradan isə İmam Əli (ə) nəslinin davamçısı, 6-cı imam Cəfər Sadiq ailənin sirrini açır, təpədəki qəbrin İmam Əliyə (ə) məxsus olduğu aydınlaşır. Bu hadisədən sonra xəlifə Harun ər-Rəşid 791-ci ildə indiki Nəcəf şəhərindəki qəbrin üzərində ilk məqbərəni ucaldır. Beləliklə, qısa müddətdən sonra bu xəbər bütün müsəlman aləminə yayılır və insanlar Möminlər Əmiri, İmam Əlinin (ə) məzarının ziyarətinə axışır və tezliklə burda İmam Əlinin (ə) şəhəri salınır. Sonrakı illərdə Nəcəf xeyli böyüyür və şiə aləminin müqəddəs şəhərlərindən biri və İslam dünyasının əsas elm mərkəzlərindən birinə çevrilir.İmam Əlinin (ə) əzəməti qədim dünyanın şahlarını da özünə cəlb edib. 977-ci ildə Buveyhilər dövləti İmam Əlinin (ə) məzarını bərpa edirlər. Daha sonra Mosul Hamdani dövləti hökmdarı Əbülhuca İmam Əlinin (ə) məqbərəsini təmir edib genişləndirir. 1086-cı ildə Səcuq hökmdarı Məlikşah vəziri Nizamülmülklə Nəcəfi ziyarət edib.1408-ci ildə Səfəvi hökmdarı Şah İsmayıl Nəcəfdəki İmam Əli (ə) məqbərəsini təmir etdirib, şəhərə Fəratdan su çəkdirib. 1514-cü ildə Nəcəf Osmanlı ordusu tərəfindən ələ keçirilir. 1534-cü ildə Qanuni Sultan Süleyman Nəcəfdə İmam Əlinin (ə) məzarını ziyarət edib. Osmanlı dövləti Nəcəfə gələn su kanallarını iki dəfə - 18 və 19-cu əsrlərdə təmir etdirib.

Hazırda Nəcəf İraqın böyük şəhərlərindən biridir. Şəhərə daimi ziyarətçi axını var. Bundan başqa, şiə dünyasının əsas elm mərkəzlərindən biri olan Nəcəfdə dini tədris mərkəzləri mövcuddur, burada böyük üləmalar yaşayır. Şəhərdə dünyanın müxtəlif bölgələrindən gələn tələbələr dini təhsil alır.Nəcəf elmi mərkəziNəcəf elmi mərkəzinin (Nəcəf Elmi Hövzəsi – K.R.) yaşı min ildən çoxdur. Şiə aləminin böyük üləmaları, ariflər, ustadlar məhz İmam Əlinin (ə) məzarına yaxın olmaq məqsədilə bu şəhərə yerləşib. Ta qədimdən Nəcəf elmi-dini mərkəz olub. Ancaq hazırda mövcud olan mərkəzləşdirilmiş təhsil və idarəçilik sistemi 200 il əvvəl yaradılıb. Bu zaman dövrün də şərtləri ilə Nəcəf elmi hövzəsi fərqli üləma və təhsil ocaqlarından ibarət olmasına baxmayaraq vahid şura və onun sədri seçilir. Bu gün mövcud olan Nəcəf Elmi Hövzəsinin qurucusu və ilk lideri 19-cu əsrin ortalarında yaşamış Məhəmməd Həsən Nəcəfi olub. Daha sonra onu böyük şiə alimi Şeyx Mürtəza Ənsari onu əvəz edib. Bu dövrdə artıq mərcəi-təqlid adı bütün şiələrin qəbul etdiyi fətva məqamı kimi qəbul olunurdu.19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Nəcəf elmi-dini mərkəzinin rəhbəri İranda ingilis müstəmləkəçiliyi və Qacar xanədanına qarşı məşhur “tənbəki üsyanının” səbəbkarı olan fətvanın müəllifi Məhəmməd Təqi Şirazi olur. 20-ci əsrin əvvəllərində hətta üləma İraqda ingilis işğalına qarşı cihad fətvası verir.20-ci əsrin əvvəllərində Nəcəfdə artıq 20 mədrəsə və 6 mindən çox tələbə və müəllim olub. Yeri gəlmişkən, 1970-1992-ci illərdə Nəcəf elmi hövzəsinə Azərbaycan əsilli məşhur din alimi, ayətullah əl-uzma Seyyid Əbülqasim əl-Xoyi (Xoy şəhərindən olduğu üçün – K.R.) rəhbərlik edib. Hazırda isə Nəcəf elmi hövzəsinə yaşı artıq 90-nı haqlamış Ayətullah Seyyid Əli Sistani rəhbərlik edir.Seyyid Əli Sistani ilə yanaşı Nəcəfdə Məhəmməd İshaq Fəyyaz, Məhəmməd Səid əl-Həkim, Bəşir Hüseyn ən-Nəcəfi kimi müctəhidlər yaşayır. Yeri gəlmişkən, Bəşir Nəcəfi və Səid Həkimlə görüşlərimiz olsa da, yaşlı və xəstə olduğu üçün onlarla rəsm çəkdirmək və müsahibə almağa icazə vermədilər.Badkubə mədrəsəsiTəhsil məktəbləri arasında “Badkubə mədrəsəsi” adlanan Azərbaycan dini təhsil ocağı olub. Yeri gəlmişkən, azərbaycanlılar hələ qədimdən Nəcəfə dini təhsil alamağa yollanıblar. Azərbaycanın bir çox din alimləri məhz Nəcəfdə təhsil alıblar. Məşhur üləma ailələri olan Naxçıvanilər, İrəvanilər, Badkubeyilər nəslinin bir çox davamçıları Nəcəfdə təhsil alıblar. Bir qismi geri – Azərbaycana qayıtsa da, bəziləri Nəcəfdə qalıb, hətta ABŞ-a, Böyük Britaniyaya köçüb orada yaşayanlar da var. Hazırda Nəcəfin mərkəzində, İmam Əli (ə) məqbərəsinin yaxınlığında “Badkubə mədrəsəsi"nin xarabalıqları qalır. Əldə etdiyim məlumata görə, mədrəsə uzun illər fəaliyyət göstərib, sovet illərində isə başqa xalqların nümayəndələri bu mədrəsədə dərs alıb. Ancaq sonradan mədrəsənin binası köhnəlib, uçub dağılmağa başlayıb. Bu səbəbdən də mədrəsə kimi fəaliyyətini dayandırıb. Təəssüf ki, binanın tikinti və mədrəsənin quruluş tarixi ilə bağlı məlumat əldə edə bilmədim. Ancaq aydın məsələdir ki, mədrəsənin 200-ə yaxın yaşı var. Hazırda binanın xarabalıqlarının şəhər sakinləri dini mərasim və başqa məqsədlər üçün istifadə etdiyi üçün şəhər rəhbərliyi binanı tamamilə sökmək qərarı verib. Ancaq ərazi hələ də qalır. Və Nəcəf qanunlarına görə bu ərazi mədrəsəyə, bir mənada Azərbaycana məxsusdur. Çünki onu vaxtı ilə azərbaycanlı tacirlər alıb və mədrəsəni də onlar saxlayıblar.

 

54688085-dd11-4e86-a69a-bec3faa94815.jpg (147 KB)

 

Mənə verilən məlumata əsasən, bir neçə il əvvəl Ayətullah Seyyid Əli Sistani azərbaycanlı ziyarətçilərlə görüşdə "Badkubə mədrəsəsi" haqda danışıb və bildirib ki, bu mədrəsə Azərbaycana məxsusdur, sənədlərdə də bu şəkildə qeyd olunub. Əgər istərlərsə Azərbaycan tərəfi mədrəsəni yenidən tikib istifadəyə verə bilər.Doğrudan da indi imkanlı şəxslərin Nəcəfdəki mədrəsəni Azərbaycana məxsus abidə kimi yenidən qurması Azərbaycan adına mühüm addım ola bilər. Bu həm də İraqla əlaqələrin qurulması, ölkəmizin tanınması istiqamətində mühüm addım olar, həm də mədəni-tarixi irsimizin mühafizəsi olardı.Neft ölkəsinin yoxsullarıNəcəf hər il milyonlarla ziyarətçinin ayaq basdığı ən iri turizm – ziyarət şəhərlərindən biridir. Dini günlərdə - Ərəfə, Aşura və Ərbəin günlərində 10 milyonlarla insan Nəcəfi ziyarət edir. Yalnız Ərbəin günlərində Nəcəf və Kərbəlanı 20 milyona yaxın insan ziyarət edir. Belə isə il ərzində bu şəhərlər hər zaman Hindistandan Londona qədər müxtəlif ölkələrdən müsəlmanların ziyarət etdiyi məkanlardan biridir.Yeri gəlmişkən, geniş yayılmış fikrin əskinə olaraq Nəcəf və Kərbəlada yalnız şiələr yaşamır. Həm Nəcəfdə, həm də daha sonra Kərbəlada bu sətirlərin məllifi şiə olmayan müsəlmanların İmam Əli (ə) və İmam Hüseynin (ə) məzarlarını ziyarət etdiyi, dua və ibadət etdiyinin şahidi oldu.Nəcəf və Kərbəla İraqın digər yerləri ilə müqayisədə abad və əmin-amanlıq şəhərləri hesab olunur. Söhbət etdiyim bəzi yerlilər deyir ki, Bağdadın özündən bir çox insanlar məhz sabitlik olduğu üçün Nəcəfə köçüb. Bağdadda isə terror dayanmır. Hətta bir acı lətifə də var ki, Bağdadda bir gün terror olmayanda yerli sakinlər təəccüblənir.Ancaq əmin-amanlıq olsa da, müharibənin izləri Nəcəfdə də qalır. Şəhərin bir çox yerləri hələ də də abad deyil, yollar, evlərdə müharibə keçmiş və keçməkdə davam edən ölkənin mənzərəsi var. Və bir də korrupsiya. İraq korrupsiyadan əziyyət çəkir. Demokratiya və bir formada hakimiyyət bölgüsü, parlamentar sistem qurulsa da, iraqlıların dövlət malını dağıtmaq hisslərinə sipər çəkmək mümkün olmayıb. Böyük neft-qaz ehtiyatlarının olması, sanksiyaların olmaması, həmçinin münbit torpaqlar, kənd təsərrüfatı imkanları və nəhayət turizm potensailına rəğmən İraq hələ də ayağa qalxa bilmir. İraqda hələ də elektrik enerjisi fasilələrlə verilir. Hazırda sutkada yalnız 12 saat elektrik enerjisi verilir. Yalnız xüsusi günlərdə elektrik verilişi artır. Bu səbəbdən də Nəcəf də daxil olmaqla iri şəhərlərdə hər həftə aksiyalar keçirilir. Biz Nəcəfdə olanda da küçələrə xüsusi təyinatlılar yeridilmişdi. Məhz aksiyalar səbəbindən yola düşməyimiz 2 saata yaxın ləngidi.

 



  • Yazılıb
  • da (də) 2018 Aug 20
  • Göndərən مدير سايت Aran News