Tarix : 2018 Aug 21
Kod 56189

Fərəc Quliyev: Benzinin qiymətinin artması xalqın cibinə girməkdir

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev avqustun 19-da “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiymətinin qalxmasına etirazını bildirib.

Arannews-Deputat deyib ki, son vaxtlar bir sıra rüsum və yığımların, ictimai nəqliyyatda gediş haqqının və indi də premium-klass benzinin qiymətinin artırılması əhalinin vəziyyətinə təsir edəcək.

“Metro və avtobus nəqliyyatında gediş haqqının artırılması, istehlak bazarında bahalaşma əhalinin maddi vəziyyətini pisləşdirir”.Fərəc Quliyevin fikrincə, büdcənin qiymət artımı hesabına doldurulması vəziyyətdən çıxış yolu deyil, alternativ yollar axtarılmalıdır.“Əslində, neft hasilatı olan ölkədə benzinin bahalaşması anlaşılmazdır. İxrac qiymətlərinin artması aydın məsələdir. Amma neftin qiyməti sabit olan bir vaxtda ölkə daxilində qiymətin artırılmasının heç bir məntiqi izahı yoxdr və bu, “xalqın cibinə girməkdən” başqa bir şey deyil”.Deputat Aİ-92 benzininin bahalaşmasının qətiyyən yolverilməz olduğunu bildirib.“Bu, səhv olardı. Belə bir addım atsalar, mütləq pensiyaları, əmək haqlarını artırmaq, təzminat nəzərdə tutmaq lazım gələcək ki, xalq bundan əziyyət çəkməsin”.İqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində yazıb ki, Tarif Şurası formal olaraq Premium benzinin qiymətini müəyyən etmir, güya, bazar qanunları ilə qiymət tənzimlənir.“Əslində isə nə bazar var, nə qanun, Premium markalı benzini ölkəyə tək SOCAR-ın törəmə şirkətləri gətirir, qiyməti də onlar müəyyən edir. Yəni, rəqabət, bazarda başqa oyunçu yoxdur - sırf inhisarçı qiymət diktəsi var”.

Natiq Cəfərli
Natiq Cəfərli.

Natiq Cəfərli xatırladıb ki, qanunlara görə bazarın 30 faizdən çoxuna nəzarət edən şirkətlərə qarşı anti-inhisar qaydaları işləməlidir, amma Azərbaycanda qanunlar qüvvəyə minmir, bəzi qüvvələr qanunları minir.“150 ilə yaxın neft tarixi olan ölkədə bir dənə normal neftayırma zavodu tikmədilər ki, Avro-standartlara cavab verən benzin istehsal olunsun. Nefti ingilis çıxardır, satır, pulunu verir hökumətə, onlar da elə bilirlər ki, idarə edirlər, iqtisadiyyat qurublar. Bir barel nefti indi 73 dollara satırlar, bunun da 15 dollara yaxını maya dəyəri və daşınma xərcidir, yerdə qalır 58 dollar. Bunun 75 faizi Azərbaycana çatır, bu da edir 43-44 dollar. Sonra da həmin 1 barel neftdən Avropa 102 litr Premium benzin düzəldir, litrini 1 manat 30 qəpiyə, yəni, 77 sentə satır SOCAR-a, onlar həmin benzini 1 manat 50 qəpiyə satır”.İqtisadçı ehtimal edir ki, növbəti qərar dizelin bahalaşması haqda olacaq:“Yəni, bir barel xam nefti Avropaya 44 dollara satırıq, Avropa bundan 102 litr benzin düzəldib 78,5 dollara bizə geri verir, hələ 1 barel neftdən benzindən əlavə 4 litr keyfiyyətli motor yağı, 180 şam da əldə edib onu da ayrıca satır”.Avqustun 19-da yanacaqdoldurma məntəqələrində Aİ-95 və Aİ-98 benzininin qiyməti 20 və 6 faiz bahalaşaraq, müvafiq olaraq 1,50 manat və 1,60 manat olub.

  • Yazılıb
  • da (də) 2018 Aug 21
  • Göndərən مدير سايت Aran News