Tarix : 2018 Sep 09
Kod 56356

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı AÇIQLAMA

Ötən bir ilə yaxın müddət ərzində məsələ ilə bağlı hər hansı açıqlama verilmədi
Arannews-İslaminSesi xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Akif Çovdarovun hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibovla əlaqə saxlayıb.

Hüquq müdafiəçisi belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb:

“Bunun üçün məhkəmə qərarı olmalıdır. Qərar ölkə Prezidentinə təqim olunmalıdır. Siz dediyiniz məsələ belə idi ki, məhkəmə təqdimat göndəriləcəyini demişdi, amma göndərilmədi. Göndərilmədiyi üçün də rütbənin geri alınmasından söhbət getmir”. 

Vəkil qeyd edib ki, ümumiyyətlə general rütbəsinədək olanların geri alınması ilə bağlı məhkəmə qərar verir:

“Amma general rütbəsinin geri alınması Prezident fərmanı ilə gerçəkləşir. Məhkəmə hökmü qüvvəyə minəndən sonra səlahiyyətindədir ki, Prezidentə təqdimat versin. Məsələ bundadır ki, Ali Məhkəmədə işə baxılmayıb. Yalnız Ali Məhkəmənin Prezidentə təqdimat göndərməsindən sonra Akif Çovdarovun general tübəsinin geri alınması üçün fərman verilə bilər. Hələlik bir daha deyirəm ki, məsələ gündəmdə deyil”.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib


  • Yazılıb
  • da (də) 2018 Sep 09
  • Göndərən مدير سايت Aran News