Tarix : 2018 Sep 13
Kod 56392

Məhərrəmlikdə şadlanmaq, yoxsa kədərlənmək

Seyyid ibni Tavus “Luhuf” kitabında yazır: “Kərbəla hadisəsi böyük nemət kimi İlahi insanlara nəsib olduğuna görə gərək sevinc libası geyinək, mübarək deyək. Ancaq Quran göstərişlərinə və sünnətə əməl etmək üçün əzadarlıq saxlamalıyıq ki, hidayətin nişanəsidir”.

Arannews-Bu sözlərdən başa düşmək olur ki, Kərbəla hadisəsi bu qədər ağrılı bir hadisə olmasına baxmayaraq, zatən vücudu yüksəliş və ruh yüksəkliyi gətirən bir hadisədir. Çünki İmam Hüseynin (ə) hər bir səhabəsi ölümdən bir zərrə qədər qorxmadan, qılıncılarını çıxardıb könüllü şəkildə döyüşı gedirdilər. 
İmamın (ə) özü də döyüşdə misli-bərabəri görünməyən igidlik və şücaət göstərmişdi. İmam Hüseynin (ə) şəhadət anı yaxınlaşdıqca siması daha çox parlayırdı. Yəni, qəlbində olan şadlıq mübarək simasına təsir edirdi.
Bizim İmam Hüseyn (ə) üçün keçirtdiyimiz əzadarlıq, başqa insanlar üçün keçirtdiyimiz əzadarlıq kimi deyildir. Bu əza məclisləri – ağ əzadarlıqlardır. Biz İmamın (ə) haqqının zay edildiyinə görə və Quran natiqinə zülm olunduğuna görə qəmginik.
Quranda da əhvalatlar vardır ki, ağ və qara sevincə aid edilir. Belə ki, Qarunun öz sərvətinə görə sevinməsini Quran qara sevinc adlandırır. “(Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz»”. (“Qəsəs” 76).
Lakin şəhidlərin sevinci – ağ sevincdir. Quran bu haqda buyurur: “(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar”.(“Ali-İmran” 170).
Qara əzadarlıq o kəslərə aiddir ki, Peyğəmbərin (s) kənarında cihad etməkdən imtina etmiş və bəhanələr gətirmişdilər. “Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar”. (“Tövbə” 82).
İlahi övliyalar heç bir zaman qara qəmlərə düçar olmazlar. “Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar”.( “Yunus” 62).
Əlbəttə, ailə məsələlərinə görə qəmgin olmağın iradı yoxdur, necə ki, Həzrət Yəqub (ə) Yusifə (ə) görə, Həzrət Muhəmməd (s) öz azyaşılı oğluna görə qəmgin olmuşdu. Lakin onlar heç bir zaman öz qəmlərini göstərməzdilər. Çünki həqiqi mömin o kəsdir ki, zahirdə şad və xürrəmdir. Qəmini zahirində büruzə verməz.
Ona görə də deyə bilərik ki, bizim İmam Hüseynə (ə) görə qəmlənməyimiz – həqiqi qəmdir və biz nəyisə dünyadan əldən verdiyimizə görə qəmlənmirik. Bizim əsil qəmimiz ona görədir ki, İmamın (ə) haqqı tapdalanmış və ona zülm olunmuşdur. 
Bizim bu qəmimiz bizi hərəkətə gətirir və vəzifələrimizi daha yaxşı yerinə yetirmək üçün təşviq edir. İmama (ə) əza saxlamağın təsirini o zaman hiss edirik ki, Əhli-Beytə (ə) olan sevgimiz artır və bu yolda daha çox işlər görmək istəyirik. 
Ürəyimiz bizi insani işlər görməyə tərəf hidayət edir. Əgər bu əza məclislərindən əldə etdiklərimiz sadəcə qəm, qüssə və süstlük olarsa, o zaman bu əza məclisləri daha rəngsiz və qara olar.
/Deyerler.org/

  • Yazılıb
  • da (də) 2018 Sep 13
  • Göndərən مدير سايت Aran News