Turky Servisi/Aran Agentliyi
Türkiyədə “Ergenekon əməliyyatı” çərçivəsində daha bir general həbs edilib. ”Hürriyət" qəzetinin xəbərinə görə, istefada olan jandarma generalı Kadir Əli Esenerdir. O, iyulun 1-də həbs edilən Atatürkçü Düşüncə Dərnəyinin prezidenti, jandarma qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı Şener Eruyğurla bir müddət birgə çalışıb. 2006-cı ildə gözlənilmədən istefa verib. Esener general Aytac Yalmanla birlikdə Milli Təhlükəsizlik Şurasında jandrma qüvvələrinə aid hesabatların hazırlanmasına başçılıq edib. Onun harada həbs edildiyi bildirilmir.
Qeyd edək ki, Esener son əməliyyatlarda həsb edilən dördüncü generaldır. Bundan əvvəl jandamra kəşfiyyatının keçmiş rəhbəri, istefada olan briqada generalı Ləvənt Ersözün də həbs edildiyi bildirilirdi. Lakin məlum olub ki, Ersöz prokurorların son həbslərlə bağlı gizli şəkildə sanksiya çıxardığı gün-iyunun 26-da ölkəni tərk edib. Onun şəxsi işləri ilə bağlı Rusiyada olduğu və 10 gün sonra dönəcəyi bildirilir. Bu ərəfədə istefada olan kəşfiyyat zabitlərindən polkovnik Erdal Sarızeybək televiziyalardan birinə verdiyi müsahibədə son həbsləri kəskin tənqid edərək deyib ki, bu həbslərin məqsədi Silahlı Qüvvələri alçaltmaq və nüfuzdan salmaqdır. Onun sözlərinə görə, həbslər silahlı qüvvələrin indiki rəhbərlərinə qədər uzana bilər. Sarızeybək yaxın vaxtlarda hazırda xidmətdə olan orta rütbəli bir zabitin həbs ediləcəyini, ardınca isə xidmətdə olan generalların tutulacağını deyib.