Tarix : 2018 Sep 19
Kod 56441

Məscid axunduna qadağa qoy, uşağı niyə cərimələyirsən

Onlara bütün bu fətvaları verən Prezident Aparatıdır. PA QMİ-yə QMİ də camaata fətva verir.

Arannews-Azərbaycanda QMİ və onun ətrafındakı mollalar savadlı, imanlı mollalar kimi tanınmır. (Xırda istisnalar ola bilər) Çox təəssüf edirik ki, bu gün Azərbaycanda bu cür mollaların sayəsində din, mollalıq bədnam olub. Əksəriyyət mollanı "mutilşik", "atanşik", "saray mollası" kimi tanıyır. Bu münasibətin bir hissəsi qərəzlidirsə başqa bir hissəsi QMİ-nin ucbatından əmələ gəlib. 

Bu il Aşura günü uşaqların məscidlərə getməsinin qarşısını almağa çalışırlar. Biz bacardığımız qədər bu işin oyun olduğunu, öz hakimiyyətləri üçün təhlükə hiss etdikləri üçün belə yaramaz əməllərə əl atdıqlarına sübut etməyə çalışacağıq.
Bilirsiniz ki, QMİ zaman-zaman məscid mollasına libas tikməkdən tutmuş moizə yazıb verməyə qədər hər bir işə dəxalət edir. Bu gün sabah mollanın yeməyinə, ayaqyolu kimi məsələlərinə də qarışacaqlar. Bütün bunlar üçün QMİ əslində bir oyuncaqdır. Çünki nə QMİ sədrinin, nə də oradakı "saray mollalarının" bu işləri görmək üçün nə həvəsləri, nə bacarıqları, nə də maraqları yoxdur. Onların Allahındandır ki, məscidə gələn uşaqla, böyüklə gəlsin, onlara da nəzirdən-zaddan beş-on manat pul qalsın. Onlara bütün bu fətvaları verən Prezident Aparatıdır. PA QMİ-yə QMİ də camaata fətva verir. 
Əgər QMİ mollanın libasından tutmuş moizəsinə qədər hər işə "burnunu soxursa" zəhmət çəkib mollasına tapşırsın ki, məsciddə elə moizə eləsin ki, ora gələn azyaşlı uşaqlar "radikallıq götürmək" əvəzinə vətənpərvərlik, həqiqi din öyrənsinlər. Zəhmət çəkib mollalarını təlimatlandırsınlar ki, insanlara elə moizələr edilsin ki, ora gələn azyaşlı uşaqlar zəncir vurmaqdan, baş yarmaqdan (əgər bunlar varsa) uzaq durub dərs oxumaqla məşğul olsunlar. Zəhmət çəkib bu mollalara tapşırılsın ki, az yaşlı uşaqlara elə moizələr edilsin ki, bu uşaqlar dərsdən qaçmaq əvəzinə elmə daha da rəğbətlənsinlər. Zəhmət çəkib mollalara tapşırılsın ki, elə moizələr etsinlər ki, azyaşlı uşaqlar erməniyə qarşı qəlblərində nifrət bəsləsin, təcavüzkarları lənətləsinlər. Ən əsas isə bu mollalara tapşırılsın ki, zəhmət çəkib elə moizələr etsinlər ki, uşaqdan daha çox rüşvətxor, xalq düşməni olan məmurlar utanıb xəcalət çəksin, şou-biznes əhli, pozğun telekanalizasiyalar abır-həya gözləsinlər. Başqa vaxt nə yaxşı prezident seçkiləri vaxtında siyasi moizələr hazırlayırsınız, indi də bu işi görün də. 
Bir halda ki, əgər məscidlərimizdə -bütün bu multikulturalizm, dini dəyərlər və s. mövzularda seminarlar keçirdiyiniz halda yenə də baş yarıb qan tökürlərsə, yenə də radikallaşırlarsa, psixologiyaları korlanırsa – o zaman nə addanıb düşüb dünyaya nümunəvi din himayədarı kimi özünüzü təqdim etməyə çalışırısnız?
Mollanızı – təlimatları qulaq ardına vurduğu təqdirdə cərimələyin, daha uşaqları niyə cərimələyirsiniz?


  • Yazılıb
  • da (də) 2018 Sep 19
  • Göndərən مدير سايت Aran News