Tarix : 2018 Sep 21
Kod 56453

Qafqaz və Türkiyədə məhərrəm mərasimlərində dəyişiklik mövzusunda dəyirmi masa

Ekspert və tədqiqatçıların iştirakı ilə “Qafqaz və Türkiyədə məhərrəm mərasimlərində dəyişiklik” mövzusunda elmi dəyirmi masa keçirilib.

Arannews-un verdiyi məlumata görə, Təbriz universitetinin Elmi şurasının üzvü Doktor Məhəmmədəli Mütəfəkkir Azərbaycanda məzhəb köklərinin və İmam Hüseyn (ə) sevgisinin əsrlərlə tarixi olduğunu bildirib dedi: “Hətta yetmişillik kommunist rejimi dövründə nəsillər dəyişsə də, dini hisslər yox olmadı. Azərbaycanda məhərrəm əzadarlığı və Ərbəin yürüşü ilbəil daha da rövnəqlənir”.

Doktor Mütəfəkkir İmam Hüseyn (ə) eşqinin şiələrin qanına hopduğunu və onlardan ayrılmayacağını qeyd edəndən sonra sözünə davam etdi: “Azərbaycan hakimiyyətinin yaratdığı məhdudiyyətlərə baxmayaraq, indi də orada təntənəli əzadarlıq mərasimləri keçirilir. Hökumətlər bilməlidirlər ki, bu sevginin qarşısını almaq mümkün deyil. Əhlibeytsevərlər öz canlarını verərlər, amma Hüseyn sevgisi olmadan yaşamazlar”.

Doktor Mütəfəkkir daha sonra bunları əlavə etdi: “Ümidvarıq ki, Azərbaycan rəsmiləri Əhli-beytə üz tutsunlar. Çünki qüdrət Əhli-beytə təvəssüldə, müsəlman və şiə xalqa arxalanmaqdadır, xarici qüvvələrə arxalanmaqda deyil. Təcrübə sübut edib ki, supergüclərə arxalanmağın axırı yoxdur. Yalnız xalqın qəlbində yeri olan hakimiyyətlər qalıcı olurlar”.

“Azərbaycanda əzadarlıq heyətlərinin böyük keçmişi var!”

Müasir yazıçı və şairlərdən olan, Azərbaycanla bağlı dəyərli monoqrafiya və bioqrafiyaların müəllifi Ustad Seyid Məhəmməd Məsud Nəqib dəyirmi masada Azərbaycanda məhərrəm əzadarlıqları haqda məruzə ilə çıxış etdi. O, Azərbaycanda əzadarlıq heyətlərinin böyük keçmişi olduğunu bildirib dedi: “Bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq, bu mərasimlər indi də keçirilir, əza dəstələrinin küçələrdə yürüşü hər il qadağan edilsə də, bəzən onminlərlə insanın iştirakı ilə əzadarlıq da keçirilir”.

“Türkiyə şiələrinin əzadarlığında başyarma yoxdur!”

Elmi toplantının digər qonağı, İİR-nın Türkiyədəki Mədəniyyət mərkəzinin sabiq başçısı Höccətülislam Həsən Şəbani Türkiyənin məhərrəm mərasimləri haqda danışıb dedi: “Türkiyənin 80 milyon əhalisinin 3 milyonu şiələrdən ibarətdir. Onlar əsasən azərilərdir və Türkiyənin müxtəlif bölgələrinə yayılıblar. Şiələrin əsas mərkəzi İqdır və Qars kimi İranla sərhəd bölgələr olsa da, onlar İstanbul kimi mühüm şəhərlərdə də az deyillər”.

O, İran İslam İnqilabından sonra İstanbul şəhərində şiələr üçün mərkəz və hüseyniyyələrdən əlavə 40 məscidin inşa edildiyini vurğulayandan sonra belə əlavə etdi: “Mərkəzi şəhərlər arasında şiələrin sayına görə İstanbuldan sonra İzmir gəlir. İslam inqilabından sonra Türkiyənin çoxlu gəncləri İmam Xomeyniyə rəğbətləri səbəbindən Əhli-beyt məktəbi ilə tanış oldular. Onlar mərhum imamın sözlərinin məntiqli olduğunu gördülər və bu, onların Əhli-beyt məktəbini qəbul etmələri ilə nəticələndi”.

Şəbani Türkiyədəki əzadarlıq üslublarının daha çox İrandan təsirləndiyini xatırladıb dedi: “Bu fərqlə ki, onlarda zəncir vurmaq yoxdur. Həmçinin Türkiyə şiələri Böyük Rəhbərin başyarmanın haram olmasına dair fətvasını qəbul etdilər və bu gün orada başyarma yoxdur”.

Höccətülislam Həsən Şəbani daha sonra türk növhələrində dörd dilin – anadolu türkü, azəri türkü, kürd və zaza dillərinin elementlərinin olduğunu nəzərə çatdırıb dedi: “Məhərrəm mərasimləri ayrı-ayrı məscidlərdə keçirilir, amma İstanbul, İzmir və İqdır kimi şəhərlərdə aşura mərasimini bir yerdə ümumi şəkildə keçirməyə çalışırlar.

İstanbulda aşura mərasimi həm də siyasi tədbir effekti verir, oraya ciddi qonaqlar dəvət olunurlar və möhtəşəm mərasim təşkil olunur. Ümumiyyətlə, Türkiyədə mərasim iştirakçıları dinləməkdən yorulmurlar”.

Sonra natiq matəm şeirlərinin məzmun zəifliyinə işarə vurub dərin məzmunlu şeirlərinin azlığını Türkiyə əzadarlıqlarının mövcud problemlərindən hesab etdi.

Tədbirdə çıxış edən daha bir ekspert – Teleradio şirkətinin Şərqi Azərbaycan mərkəzinin Beynəlxalq radio şöbəsinin sədri Mehdi Nalbəndi Qafqazdan Anadoluya qədər yeni nəsil Aşura şairlərinin vəziyyəti haqda məlumat verib, Qumri kimi mərsiyə şairlərinin yollarının daim davam etdirildiyini və bu çırağın heç vaxt sönməyəcəyini bildirdi. O, bəzi şeirlərdən parçalar oxuyub dedi: “Qafqaz və Anadoluda Əhli-beyt şairləri İran şairlərindən örnək alırlar”.

“Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin açıqlaması anti-din açıqlamadır!”

Universitet müəllimi və Qafqaz məsələləri üzrə araşdırmaçı Doktor Cavad Şərifnejad bu elmi toplantıda diqqəti Azərbaycan şiələrinin vəziyyətinə yönəldərək dedi: “Azərbaycan dini kimliyə sahibdir, biz orada baş verənlərə diqqətli yanaşmalıyıq. Gülüstani-İrəm kitabı çox açıq şəkildə Azərbaycan xalqının dini kimliyinə toxunub və əslində Azərbaycanın formalaşmasının xartiyası hesab olunur. Lakin belə nəzərə çarpır ki, bu gün Azərbaycanda dini əsaslara bir qədər əhəmiyyətsiz yanaşılır, bəzən də onlara qarşı mübarizə aparılır”.

Doktor Şərifnejad xalqın da bu məsələyə həssas yanaşmalı olduğunu bildirib əlavə etdi: “Son bir neçə ayda islamçı gənclərdən beş və ya altı nəfər məhz İmam Hüseynə (ə) və həzrət Zeynəbə görə şəhid edilib, onlarla gənc həbs edilib. Halbuki İslam düşmənləri orada rahatlıqla fəaliyyət göstərirlər”.

O, sözünün davamında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin açıqlamasını yada salıb dedi: “Bu açıqlama tamamilə anti-din açıqlamadır və biz bu açıqlamaya münasibət bildirməliyik. Ölkəmizin aidiyyətli məmurlarından, xalqdan və media nümayəndələrindən xahiş edirəm Azərbaycan şiələrinin vəziyyətinə diqqəti artırsınlar”.


  • Yazılıb
  • da (də) 2018 Sep 21
  • Göndərən مدير سايت Aran News
Açar sözlər